AZ

İrəvanın fiaskoya uğrayan iddiası

“Danışıqlar zamanı açıq və özəl şəkildə biz 31 kəndimizin həyati əhəmiyyət daşıyan əraziləri və təbii ki, delimitasiya prosesində olan Başkənd (Artsvaşen) məsələsini qaldırdıq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 1-də İctimai Televiziyaya müsahibəsində deyib. “Ən mühüm incəlik budur: biz prosesin əsas prinsipi kimi Alma-Ata Bəyannaməsini birləşdirəndə, ilk növbədə, bu sahədə delimitasiya aparmaq üçün qanuni hüququmuzu təsbit edirik”, - deyə hökumət başçısı qeyd edib. 

Rəsmi İrəvan Azərbaycanın işğal altındakı səkkiz kəndinin qaytarılması müqabilində Gədəbəy rayonundakı Başkəndin Ermənistana verilməsi təklifini dəfələrlə gündəmə gətirib. Yəni Nikol Paşinyan hökuməti hesab edir ki, sərhədlər 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalandığı dövrə aid xəritələr əsasında delimitasiya və demarkasiya olunsa, o halda SSRİ dövründə Ermənistan SSR-in inzibati-ərazi vahidinə daxil olmuş Başkənd kəndini yenidən geri qaytara bilər. Halbuki, Ermənistanın Başkəndə olan ərazi iddiasının nə siyasi, nə də hüquqi əsası var. 

Çünki Başkənd tarixi Azərbaycan torpağıdır və qanunsuz olaraq Ermənistana bağışlanıb. 

1920-ci ildə, yəni 1922-ci ildə SSRİ-nin təşkilindən iki il əvvəl Zaqafqaziya SFSR-in partiya orqanının qərarı ilə Başkəndi Ermənistana pay verib. Yəni bu qərarın hər hansı konstitusion - hüquqi əsası yoxdur. Adıçəkilən yaşayış məntəqəsi 1978-ci ilə qədər Başkənd adlanıb. Bu isə kəndin tarixi Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir.

Yalnız 1978-ci il yanvarın 25-də Ermənistan SSR Ali Sovetinin qərarı ilə kəndin tarixi toponimi dəyişdirilərək “Artsvaşen” adlandırılıb. 1995-ci ildə isə Ermənistan parlamenti Başkəndin Geqarkunik vilayətinin tərkibinə daxil edilməsinə dair daha bir qərar çıxarıb. 

Bu faktın özü də Başkəndin Ermənistana aid olmadığını sübut edir. Başkəndi Alma-Ata Bəyannaməsinə istinadən Ermənistan ərazisi adlandırmağın isə siyasi və hüquqi əsasları yoxdur. Çünki Ermənistan Alma-Ata Bəyannaməsini imzaladıqdan sonra işğalçılıq müharibəsi aparmaqla Azərbaycanla sərhədlərindən imtina edib. Başkənddə yaşayan erməni əhalisi 1992-ci il avqustun 8-də, yəni Ermənistan sərhədlərdən imtina etdikdən sonra həmin ərazini tərk edib. 

İkincisi, 1991-ci il dekabrın 25-də Alma-Ata Bəyannaməsi imzalandığı vaxt Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqla tanınmış sərhədlər olmayıb. Həmin sammitdə hər hansı xəritələr də razılaşdırılmayıb. İki ölkə arasında yalnız Sovet dövrünə aid inzibati sərhədlər mövcud olub. Alma-Ata Bəyannaməsində isə qeyd edilir ki, sənədə qoşulan ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalı və sərhədləri dəyişdirilməməlidir. Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü pozaraq sərhədləri de-yure ləğv edib. 

Eyni zamanda, Ermənistan Gədəbəy rayonunun ərazilərini işğal etmək və Başkəndə quru yolu açmaq üçün müharibəyə başlayıb. Ona görə də Başkənd delimitasiya prosesinin predmeti ola bilməz. Ermənistanın təklif etdiyi 1991-ci il xəritələri 1975-ci ildə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanmış topoqrafik xəritələr əsasında tərtib olunub. Əgər Sovet dövrünə aid xəritələr tətbiq olunsa, o halda 1920-ci il aprelin 28-dən sonrakı bütün illəri əsas götürmək olar. 

Belə olan təqdirdə, Ermənistan nəinki Başkəndə olan iddiasından imtina etməlidir, hətta 1969-cu il ilin may ayında Gədəbəy rayonundan qanunsuz olaraq aldığı Tağlar kəndini və onun minlərlə hektar torpaq sahələrini Azərbaycana qaytarmalıdır. Paşinyanın açıqlaması işğal altındakı digər dörd kəndin qaytarılması müqabilində Başkəndin Ermənistana verilməsinə nail olmaq niyyətindən xəbər verir. Yəni Ermənistan Başkənd məsələsində ərazi mübadiləsinə getmək istəyir. Bununla da rəsmi İrəvan Azərbaycana qarşı növbəti ərazi iddiası irəli sürür. Halbuki, anklav kəndlər Azərbaycanın işğal edilmiş suveren əraziləridir və qeyd-şərtsiz azad edilməlidir. Yəni Yuxarı Əskipara, Barxudarlı, Sofulu və Kərki mübahisəli ərazilər olmadığına görə başqa yaşayış məntəqəsi ilə dəyişdirilə bilməz. Başkəndin guya Ermənistan ərazisi olması barədə iddialar Azərbaycan Konstitusiyasının pozulması deməkdir. 

Yəni Paşinyanın fikirləri həm də Ermənistan Konstitusiyasına ziddir. Çünki hər iki dövlət 1918-1920-ci illərdə mövcud olmuş müstəqil respublikaların siyasi varisidir. 

Başkənd isə həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi olub. İrəvan mahalında yaradılmış və 9 min kv. km əraziyə malik olmuş Ermənistan Respublikasının tərkibində Başkənd adlı yaşayış məntəqəsi olmayıb. Yalnız bolşevik işğalından sonra Başkənd qanunsuz olaraq Ermənistana verilib. Yəni konstitusiyaya görə, indiki Ermənistan dövləti birinci respublikanın siyasi varisidir. 

Başkənd isə ikinci respublika adlandırılan Ermənistan SSR-in inzibati ərazisinə daxil olub. Ona görə də Başkənd heç bir halda Ermənistan ərazisi sayıla bilməz. Nikol Paşinyan əslində Başkəndin Ermənistana məxsus olmadığını və bu yaşayış məntəqəsinin Azərbaycanda qalacağını yaxşı bilir. Ona görə də hökumət rəhbərinin istər Başkəndin, istərsə də 31 kənd iddiasını yenidən gündəmə gətirməsi daha çox Ermənistanda Paşinyana qarşı etirazların artması fonunda daxili ictimai rəyə hesablanıb. Bununla da Paşinyan qaytarılan kəndlərin əvəzində Başkəndi və 31 kəndlə həmsərhəd yüksəklikləri alacağına dair rəy yaratmaqla mövcud siyasi gərginliyi aradan qaldırmaq istəyir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
cebheinfo.az

1Mənbələr

Şərh ()
Bağla