AZ

Diqspor quruculuğu, lobbiçilik, həmrəyliyimiz prioritetdir - TƏHLİL

Diaspor quruculuğunun, lobiçiliyin nə dərəcə vacib, nə dərəcədə əhəmiyyətli olduğuna Zəfər qazandığımız 44 günlük müharibə dönəmində və müharibədən sonra bir daha əmin olduq. Ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin milli maraqlarımız naminə fəaliyyəti bizim üçün böyük qürur mənbəyi olmaqla yanaşı, həm də haqlı mənafelərimizin qorunması baxımından əvəzsiz olduğuna da əminliyimizi artırdı. Diasporlarımızın da öz fəaliyyəti ilə mübarizəmizə qoşulduğunun şahidi olduğumuz zaman bir daha əmin olduq ki, diasporlarımız da öz növbəsində bizim maraqlarımızın təmin olunmasına xidmət edir və məhz bu baxımdan da diqqət mərkəzindədir.

Etiraf etmək lazımdır ki, hələ ötən əsrin sonlarında, daha dəqiq desək, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdiyi dövrlərdə bizim diasporlarımız haqda ağız dolusu danışmaq mümkün deyildi. Elə həmin dövrlərdə Azərbaycan diasporu dünyada yox dərəcəsində idi. Ümumiyyətlə, ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin birliyindən, təşkilatlanmasından söhbət belə gedə bilməzdi. Halbuki elə məhz həmin dövrdə bizə, yenicə öz müstəqilliyini bərpa edən bir ölkə, kövrək addımlarını atan bir dövlət üçün onun sərhədlərindən kənarda möhkəm təşkilatlanmış bir diaspora ehtiyac duyulurdu. Məhz bizim mənfur düşmənlərimiz informasiya müharibəsində həmin dövrdə elə öz lobbilərinin sayəsində uğurlar əldə edir, haqsız olmalarına baxmayaraq özlərini haqlı kimi qələmə verə bilir və bizə qarşı mütəmadi olaraq ədalətsiz, haqsız yanaşmanın olmasına da şərait yaradırdılar. Həmin dövrdə ölkəmizə qarşı işğalçılıq siyasətinə başlayan mənfur qonşularımız olan ermənilər ölkəmizə, xalqımıza qarşı təcavüzkarlıq etmələrinə baxmayaraq özlərini haqlı göstərmək üçün xaricdə təşkilatmış lobbilərindən, diasporlarından istifadə edirdilər. Xalqımıza qarşı soyqırımlar törədən, bəşəri cinayətlər edən, azərbaycanlılara qarşı haqsızlıqlar edən ermənilər özlərini elə məhz diasporlarının, lobbilərinin köməyi ilə haqsızlığa məruz qalanlar kimi göstərməyə nail ola bilirdilər. Dünya ictimaiyyətinin böyük əksəriyyətini özlərini məzlum və yazıq olduqlarına, zərərçəkən olduqlarına inandırmaq imkanları da ermənilərin hələ həmin dövrdə də kifayət qədər idi. Təəssüf ki, bu imkanları sayəsində istədiklərinə inandıra da bilirdilər. Acı da olsa, etiraf etmək lazımdır ki, həmin dövrdə xaricdəki erməni lobbisinin apardığı erməni təbliğatının qarşısını ala biləcək lobbimiz, diasporlarımız yox idi və bu təbliğat, bu yalan ayaq tutub yeriməkdə idi. Deməli, həmin dövrdə artıq diasporlarımızın qurulmasına, lobbiçilik fəaliyyətinə, ümumiyyətlə, xaricdə də təşkilatlanmağımıza böyük ehtiyac duyulurdu və elə bu səbəbdən də məhz o zamanlar ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin təşkilatlanması, diaspor quruculuğu işi prioritet olaraq qəbul edildi.

Xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev digər məsələlərlə yanaşı diaspor quruculuğuna da xüsusi önəm verirdi. Təsadüfi deyil ki, Ulu Öndər xarici ölkələrə işgüzar səfərlər etdiyi zaman ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizlə görüşlərə üstünlük verər və onlarla məhs həmrəyliyimizin, birliyimizin, diaspor quruculuğunun vacibliyi barədə söhbətlər aparardı. Həmvətənlərimizlə söhbətlər apardığı zaman Ulu Öndər Heydər Əliyev onlar tövsiyyə edərdi ki, bir-birləri ilə əlaqələrini möhkəmləndirsinlər. Sözsüz ki, həmvətənlərimiz dahi rəhbərin tövsiyyələrini layiqincə qiymətləndirir və həmin dövrdən sonra bir-birləri ilə həqiqətən də sıx əlaqələr qurmağa başlayırlar. Həmin əlaqələr get-gedə möhkəmləndikcə həmvətənlərimizin təşkilatlanması mümkün olur. Daha dəqiq desək, artıq diaspor quruculuğunun əsası qoyulur. Bütün bunları nəzərə aldığımız zaman cəsarətlə deyə bilərik ki, diaspor quruculuğu da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Heç şübhəsiz ki, həmin dövrdən başlayaraq diasporlarımız inkişaf etməyə və müasir səviyyəyə çatmağa nail olub. Bu inkişaf yolunda dövlətimiz diasporlarımıza hər mənada öz köməyini, öz dəstəyini əsirgəməyib. Hətta diasporlarımızın maddi təminatı istiqamətində belə dövlətimiz əməli tədbirlər görüb və onlar maddi cəhətdən təmin olunublar. Bir məqamı diqqətə çatdırmaq yerinə düşərdi ki, erməni lobbisi Ermənistan dövlətinə mütəmadi şəkildə maddi yardımlar etdiyi halda, Azərbaycan dövləti bunun əksinə olaraq, öz diasporlarının maddi ehtiyaclarını qarşılayıb və yenə də qarşılamaqdadır. Deməli, bizim diasporlarımızın daha böyük sürətlə inkişaf etməsi labüddür, gözləniləndir və məntiqidir.

Diqqətə çatdıraq ki, erməni lobbisi məhz 44 günlük müharibə dönəmində daha da aktivləşərək, ölkəmizə qarşı bütün dünyanın mənfi fikirdə olmasını təmin etmək, xalqımızı işğalçı kimi göstərmək, pis fikir formalaşdırmaq üçün bütün imkanlarını səfərbər etmişdi. Dünyanın bir çox ölkələrində artıq erməni təbliğat maşını işə düşmüşdü və bu maşının idarəçiləri də məhz erməni diasporları, erməni lobbiləri idi. Onlar xarici ölkələrin səfirlikləri qarşısında aksiyalar keçirərək xalqımızı işğalçı kimi, qəsbkar kimi, nəticə də haqsız kimi göstərməyə çalışırdılar ki, bütün dünyanın diqqətini cəlb etsinlər və bizə qarşı hansısa təzyiqlərə, hansısa qınaqlara da olsa nail olsunlar. Sevindirici haldır ki, onlar buna nail ola bilmədilər. Hayların arzuları ürəklərində qaldı, çünki bizim diasporlarımız bunun qarşısını ala bildi. Həmin o xarici ölkələrdə aksiyalar keçirmək istəyən ermənilərin aksiyalarına qarşı elə tədbirlər keçirdilər ki, onların istəkləri baş tutmadı. Xüsusən də bizim diasporlarımız həmin dönəmdə erməni yalanlarını ortaya çıxardılar. Təşkilatlanmış həmvətənlərimiz ermənilərin yalanlarını ifşa etdilər və əsl həqiqətin nədən ibarət olduğu barədə bütün dünya ictimaiyyətini məlumatlandırdılar. Bunun üçün həmin o təşkilatlanmış həmvətənlərimiz, diasporlarımız əsl həqiqətləri əks etdirən plakatlarla, şuarlarla xarici ölkələrdə erməni lobbisinin qarşısını layiqincə kəsmiş oldu və onları fəaliyyəti demək olar ki, mənasız hesab olundu.

Həqiqətən də 44 günlük müharibə dönəmində xalqımıza, ölkəmizə qarşı hansısa bəd fikrin, mənfi rəyin formalaşmasına bizim diasporlarımız imkan vermədilər. Bunun üçün ciddi cəhdlə çalışdılar və həqiqətlərimiz, həqiqətə, hüquqa söykənən milli maraqlarımız müdafiə olundu. Ölkəmizə qarşı hansısa bəhanələrə də əsas verilmədi. Elə buna görə də indi bizə, xalqımıza və ölkəmizə qarşı hansısa təzyiq etmək cəhdləri çox absurd görünür və ədalətsizlik kimi qiymətləndirilir. Deməli, diaspor quruculuğunun, lobbiçiliyin, təşkilatlanmağımızın, həmrəyliyimizin nə dərəcədə əhəmiyyətli olduğu bir daha öz təsdiqini tapır. Bu isə o deməkdir ki, bundan sonra da diaspor quruculuğuna, lobbiçiliyə, həmrəyliyimizə xüsusi diqqət ayrılması gərəkir və bu baxımdan da prioritet olması anlaşılandır.

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla