AZ

“Paşinyana terror” ehtimalı və Azərbaycanla sülh gündəliyi

Yaxud tarixin təkrarlanma amili ilə bağlı bir neçə məqam

Azərbaycanla Ermənistan arasında sülh prosesinin rəvan müstəviyə çıxdığı görünür. 2020-ci ildən sonra bu is­tiqamətdə heç vaxt indiki qədər di­namiklik olmamışdı. İstər Bakıdan, istərsə də İrəvandan rəsmi səviy­yədə açıqlanan fikirlər prosesin daha da güclənəcəyini söyləməyə əsas verir. Ancaq Ermənistanda sülh gündəliyi fonunda cərəyan edən olaylar narahatlıq doğurur. Ölkədə anti-Paşinyan ab-havası hökm sürür. Hər halda, belə bir görüntü var. 

Bəli, Ermənistanda revanşistlər ak­tivləşiblər. Bu aktivlik idarə olunur. İstər daxildə, istərsə də xaricdə Paşinyana cəbhə açanlar ölkənin Azərbaycanla sülhə gəlməsini əngəlləmək istəyirlər. Əlbəttə, tam mənada demək olmaz ki, xalq hazırkı iqtidardan razıdır. Baş na­zirin reytinqində geriləmələr var. Ancaq Nikola qarşı çıxanlar xalqdan dəstək ala bilmirlər. Mövcud durumda bir məsələ ak­tuallaşmaqdadır. Söhbət terrordan gedir. 

***

Ermənistan parlamentinin spikeri Alen Simonyan ötən il terror ehtimalı ilə bağlı diqqətçəkən fikirlər səsləndirmişdi. O, jurnalistlərə açıqlamasında demişdi ki, ölkədə 1999-cu il 27 oktyabr faciəsi­nin təkrarlanması təhlükəsi var. “Əlbəttə, belə bir təhlükəni görürəm. Xüsusilə in­diki vəziyyətdə realdır. Axı 1999-cu il ter­ror aktı ərəfəsində baş verən hadisələr bugünkü proseslərlə müqayisədə çox az əhəmiyyət daşıyır”, – deyən erməni spi­ker əlavə etmişdi ki, cəmiyyət həmin fa­ciənin əsas iştirakçılarını tanıyır. İnsanlar təşkilatçılar barədə də məlumata malik­dirlər, qalır bu faktın hüquqi müstəvidə qeydə alınması və günahkarların məsu­liyyətə cəlb edilməsi. 

Qeyd edək ki, Ermənistan tarixində baş vermiş ən müəmmalı və qalmaqal­lı parlament terrorunu Nairi Hunanyan adlı şəxsin başçılıq etdiyi bir qrup silahlı şəxs gerçəkləşdirmişdi. Ötən il isə belə məlumat yayılmışdı ki, Ermənistan ha­kimiyyəti hadisəni törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Karen Hunanyanın əfvinə hazırlaşır. Bunu “Ayeli” (“Güzgü”) mətbuat klubu­nun rəhbəri Anjela Tovmasyan demişdi. O bildirmişdi ki, 1999-cu ildə parlamentin deputatı olmuş bir neçə şəxs Ermənista­nın Ədliyyə Nazirliyinə məsələ ilə bağlı məktub ünvanlayıb. Məktubda hələlik söhbətin K.Hunanyandan getdiyi bildiril­mişdi. O da vurğulamışdı ki, Karenin iş ortağı Nairi Hunanyan da əfvə düşə bilər. Alen Simonyanın “hər şey ortadadır, yal­nız günahların hüquqi məsuliyyətə cəlb edilməsi qalıb” məntiqi isə onu deməyə əsas verir ki, hunanyanlar və digərləri aysberqin yalnız görünən tərəfləridir. Ya­zımızda “görünməyən tərəflər”ə diqqət yetirəcəyik. Əsas məsələ erməni spike­rin terrorun təkrarlanması ehtimalından danışmasıdır. Yeri gəlmişkən, ötən illə müqayisədə indi həmin ehtimalın daha aktual olduğunu deyə bilərik. Yuxarıda da vurğuladığımız kimi, Azərbaycanla sülh prosesi dərinləşir və haradasa qar­şısıalınmaza çevrilir. Elə isə tarixə qısa ekskurs edib indiki durumla 1999-cu ilin müqayisəsini aparaq. 

***

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyan və onunla əlbir olan bir neçə şəxs (qardaşı Karen Hu­nanyan, dayısı Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan) Ermənistan parlamen­tinə daxil olaraq baş nazir Vazgen Sar­kisyana atəş açdılar. Onlar, həmçinin Milli Assambleyanın spikeri Karen Demirçya­nı, sədr müavinləri Yuri Baxşyanı və Ru­ben Miroyanı, əməliyyat məsələləri üzrə nazir Leonard Petrosyanı, deputatlar Ar­menak Armenakyanı, Henrix Abramyanı və Mikayel Kotanyanı qətlə yetirdilər.

Qətlə yetirilənlərdən baş nazir Sar­kisyanın və spiker Demirçyanın islahata meyilli koalisiyası 1999-cu ilin mayın­da keçirilmiş parlament seçkilərini səs çoxluğu ilə qazanmış və praktiki olaraq 1998-ci ildə prezident postuna yiyələn­miş Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırmışdılar. Deməli, onların fiziki cəhətdən məhvi ölkənin siyasi mənzərə­sində ciddi dəyişikliklərə səbəb olmalı idi və oldu da. 

İstintaq prezident R.Koçaryanı Hu­nanyanın silahlı qrupu ilə əlaqələndirən heç bir əhəmiyyətli dəlil tapmasa da, bir çox erməni siyasətçi və təhlilçi hesab edir ki, V.Sarkisyanın və digər aparıcı si­yasətçilərin qətlinin arxasında eks-prezi­dent və sabiq milli təhlükəsizlik naziri Serj Sarkisyan (sonradan prezident oldu) du­rurlar. Onu da bildirək ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dəfələrlə R.Koçaryanı və S.Sarkisyanı, bu şəxs­lərin cinayətkar-oliqarxik sistemini parla­ment hücumunda ittiham edib. 2008-ci il prezident seçkiləri ərəfəsində o, açıq şəkildə bildirmişdi ki, “əgər fevralın 19-da Serj Sarkisyana səs versəniz, Nairi Hu­nanyana səs verəcəksiniz. Serj Sarkisya­nı seçənlər Karen Dəmirçyan və Vazgen Sarkisyanın ruhlarını alçaldacaqdır”.

2009-cu ildə Ter-Petrosyanın rəhbər­lik etdiyi Erməni Milli Konqresi parlament terrorunun 10-cu ildönümü ilə əlaqədar açıqlamasında Koçaryanı və Sarkisyanı bir daha sözügedən terrorda günahlan­dırdı. Qurum bunları bəyan etdi: “27 okt­yabr terror yolu ilə iqtidarın zorla ələ ke­çirilməsi idi. Bununla da terrorizm rejimin iqtidara yapışmaq və özünü göstərmək üçün əsas vasitəsinə çevrildi”. 

Bir məqamı da xatırladaq ki, 2005-ci il aprel ayının sonlarında Rusiyanın sabiq məxfi xidmət agenti Aleksandr Litvinenko ölkəmizdə o zaman fəaliyyət göstərmiş “Realni Azerbaijan” qəzetinə müsahi­bəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsini Qarabağ münaqişəsini həll edəcək sülh prosesini təxirə salmaq üçün Ermənistan parlamentində terror aktını təşkil etmək­də suçladı. 2013-cü ilin mart ayında isə Vazgen Sarkisyanın kiçik qardaşı Aram Sarkisyan da R.Koçaryanı və S.Sarkis­yanı məlum qanlı olayda təqsirli sayan bəyanat səsləndirdi. 

1999-2001-ci illərdə ATƏT-in hazırda canını tapşırmış Minsk qrupunun ameri­kalı həmsədri olmuş Keri Kavano 2021-ci ildə bildirmişdi ki, həmsədrlik etdiyi dönəmdə Azərbaycanla Ermənistan Qa­rabağ münaqişəsi üzrə razılaşmaya çox yaxın idilər. O, son məqamda razılaşma­nın mümkünsüzə çevrildiyini vurğulamış və ictimai etimadı pozan faktorlardan biri kimi məhz 1999-cu il parlament terroru­nun üzərində dayanmışdı. 

Bəli, 1999-cu ilin parlament qətliamı Bakı ilə İrəvan arasında reallığa çevril­məkdə olan və böyük nikbinlik doğurmuş sülh prosesini əngəllədi. Nəzərə alaq ki, baş nazir Sarkisyan və parlament sədri Demirçyan Azərbaycanla normallaşma xəttinin tərəfdarı olaraq işğalın səmərə verməyəcəyini anlayaraq, sülh və güzəşt tərəfdarları kimi çıxış edirdilər. Onların qətlindən sonra iyirmi ildən də artıq da­vam etmiş mənasız danışıqlar mərhələsi start götürdü. Torpaqlarımız işğalda qal­dı... 

***

1999-cu il parlament terrorunun şa­hidi olmuş jurnalistlərin dediyinə görə, silahlılar baş nazir Sarkisyana tərəf ge­dərək “yetərincə qanımızı içdin” deyə qışqıranda, Sarkisyan sakitcə “hər şey si­zin və uşaqlarınızın gələcəyi üçün edilir” şəklində cavab vermişdi. Bu, onun son sözləri olmuşdu. N.Paşinyan da hazırda, müəyyən mənada, o zamankı baş nazir kimi danışır. Hər halda hökumət rəhbə­rinin ayrı-ayrı açıqlamalarında real duru­mun elementləri görünür. Məsələn, o da nəsillərə qalacaq Ermənistan yaratmaq istədiyini bildirib. 

Nəzərə alaq ki, Sarkisyan haqlı idi. Çünki 1999-cu ildə doğulmuş erməni uşaqları 44 günlük müharibədə məhv oldular. Yəni, o zamandan fərqli olaraq hazırda məğlub Ermənistan var və indi ölkədə cərəyan edən proseslər fonunda haqqında söz açdığımız terror təmayü­lünü də kənara qoymamalıyıq. Paşinya­na qarşı terror aktının gerçəkləşə bilmə ehtimalını düşünməyə dəyər. Hər halda, ümumən, erməni tarixinin həm də terror tarixi olduğunu unutmaq olmaz. 

Sonda bir anlıq düşünək ki, Ermənis­tanda terror oldu və Paşinyan aradan gö­türüldü. Baş nazirin komandasının yerini revanşistlər tutdular. Nəzəri yanaşsaq, onlar sülh prosesini pozacaq və Qarabağ avantürizminə start verəcəklər. Belə olan halda ölkənin hansı acınacaqlı aqibəti yaşayacağını proqnozlaşdırmaq asandır. Mövcud məsələdə çox söz demək, fikir bildirmək mümkündür. Amma yalnız biri ilə kifayətlənək: Azərbaycan 1999-cu il­dəki Azərbaycan deyil. 

Ə.CAHANGİROĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
48
Mənbələr
Şərh ()
Bağla