Xalq artisti İsmayıl Talıblı yaradıcılığının üslubu və estetik prinsipləri həm romantik, həm də realist aktyor məktəbindən bəhrələnən, özünün böyük sənət məktəbini yarada bilən teatr xadimlərindən olub.
Onun taleyi elə gətirib ki, yeniyetmə yaşlarından dramaturq Cəfər Cabbarlı, aktyorlar Hacıağa Abbasov, Sidqi Ruhulla, Əhməd Qəmərli, Məhəmmədhəsən Atamalıbəyov, Mirzağa Əliyevlə dostluq edib və bu da İsmayılın sənət seçimini müəyyənləşdirib. 1919-cu ildə İsmayıl Talıblı yenicə fəaliyyətə başlayan Hökumət Teatrosuna – hazırkı Akademik Milli Dram Teatrına qəbul edilib. İlk 5 ildə orada 40-a yaxın müxtəlif xarakterli dolğun obrazlarını yarada bilib. İsmayıl Talıblı 1924-cü ilin axırlarında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrına göndərilib. Tarixi sənədlər göstərir ki, bu kollektiv 6 aydan sonra Bakı Türk İşçi və Kəndli Teatrı adlandırılıb. Təbiəti etibarilə coşğun, yaradıcılıq ehtiraslı və oyunu sirayətedici olan İsmayıl Talıblı qısa müddətdə teatrın yaradıcı kollektivinə uyğunlaşa bilib, səhnədə bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradıb.
1932-ci ilin sonunda Bakı Türk İşçi Teatrının yaradıcı kollektivlə birlikdə Gəncə şəhərinə köçürülməsinə qərar verilib. Kollektivin üzvlərindən truppanın ədəbi hissə müdiri Süleyman Rüstəm, rejissoru Abbasmirzə Şərifzadə, qabaqcıl aktyor Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov, Fatma Qədri və başqaları da Gəncəyə gələrək burada bir müddət fəaliyyət göstərdikdən sonra yenidən Bakıya qayıdıblar. Lakin İsmayıl Talıblı öz doğma kollektivindən ayrılmayıb və ömrünün sonunadək Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. O, 1942-1943-cü illər ərzində bu sənət məbədinin direktoru kimi də çalışıb.
Xalq artisti, qocaman teatr və kino aktyoru Məhəmməd Burcəliyevin böyük oğlu Tamerlan Burcəliyev bu gün də İsmayıl Talıblını böyük hörmət və ehtiramla yad edərək onun haqqında deyir: “İsmayıl Talıblını lap uşaqlığımdan tanımışam. Cünki biz o zamanlar Gəncədəki Aktyorlar evində yaşayırdıq. Eyni dəhlizi bölüşən qonşular idik. İsmayıl Talıblı alicənab, həm də çox savadlı bir şəxsiyyət idi. Həyat yoldaşı gürcü qızı idi. Səmimi bir ailə idilər. Bu gün də o məhəllədən keçəndə İsmayıl Talıblını, oynadığı rolları xatırlamaya bilmirəm”.
İsmayıl Talıblı Gəncə Dövlət Dram Teatrında yaradıcılığının yetkinlik və müdriklik dövrünün parlaq nümunələrini yaradıb. Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”ında Hacı Səməd ağa, Jan Batist Molyerin “Jorj Danden”ində Jorj Danden, Cəlil Məmmədquluzadənin “Ölülər”ində Şeyx Nəsrulla, Vilyam Şekspirin “Otello”sunda Yaqo, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”ində Səttarxan, Cəfər Cabbarlının “Sevil”ində Əbdüləli bəy, “Od gəlini”ndə Aqşin, Qoqolun “Müfəttiş”ində Bələdiyyə rəisi, Mirzə Fətəli Axundzadənin “Hacı Qara”sında Naçalnik, “Müsyö Jordan və Dərviş Məstəli şah”ında Hatəmxan ağa, Hüseyn Cavidin “Səyavuş”unda Rüstəm, Altay Məmmədovun “Kişilər”ində Cəmilzadə, İlyas Əfəndiyevin “Bahar suları”nda Alxan surətləri aktyorun böyük şövqlə yaratdığı maraqlı obrazları silsiləsinə daxildir.
“Mən heç bir zaman şəxsi istedadıma arxayın olmadım. Oynayacağım hər bir obrazı həyatda görüb öyrənməyə can atdım. Kənd və şəhərlərdə kütlələr qarşısında çıxışlar etməyim, müxtəlif xarakterli adamlarla şəxsi tanışlığım yaradacağım rolları yaxşı hazırlamaq üçün mənə həyat materialı verirdi. “Almaz” əsərində oynadığım hacı əhmədləri həyatda görüb və bu yaramaz ünsürlərin törətdikləri cinayətlərin şahidi olmağım Hacı Əhməd obrazının müvəffəqiyyətlə yaranmasına səbəb oldu”. – Bu qeydləri Xalq artisti İsmayıl Talıblının C.Cabbarlı adına Teatr Muzeyində saxlanılan şəxsi arxivindəki “İşçi teatrı ilə bağlı xatirələrim” adlı əlyazmasından oxumuşuq.
İsmayıl Talıblı teatrda işləməklə yanaşı, Gəncə Alimlər evində dram dərnəyinin və sonralar isə Xalq teatrının bədii rəhbəri kimi də səmərəli fəaliyyət göstərib. Onun qayğıkeşliyi ilə neçə-neçə istedadlı peşəkar səhnəyə ayaq açıb.
Milli səhnə sənəti tariximizə istedadlı və əvəzsiz teatr aktyoru kimi daxil olan İsmayıl Talıblının kinoda ən bitkin yaradıcı işi 1959-cu ildə Məmmədhüseyn Təhmasibin “Bahar” pyesi əsasında ekranlaşdırılan “Onu bağışlamaq olarmı?” filmində Mirzə Veysəl obrazıdır. Aktyor bu filmdə Mirzə Veysəl obrazı ilə bir daha övladı üçün ürək ağrısı keçirən, onun səhətilə bağlı problemlərinə görə hər an narahat olan bir atanın varlığını təqdim edə bilib.
Onun 2-ci ekran işi isə 1962-ci ildə Həsən Seyidbəylinin eyniadlı povesti əsasında ekranlaşdırılan “Telefonçu qız” filmində Professor obrazıdır. Lirik kinopovestdə həyatda öz yerini tapan gənc Mehribanın taleyindən danışılan ekran işində İsmayıl Talıblının yaratdığı Professor obrazı da maraqlı detalları ilə diqqət çəkən surətlərindəndir.
İsmayıl Talıblı 1940-cı ildə “Xalq artisti” fəxri adı ilə təltif olunub. 1898-ci ilin bir yaz günündə doğulub, 1967-ci ilin qışında dünyasını dəyişən sənətkarın xatirəsi bu gün də yaz Günəşi kimi ürəklərə işıq salmaqdadır.
Anar Ərtoğrul BURCƏLİYEV,
teatrşünas