AZ

Ölkəmiz regionda bir çox regional və qlobal təşəbbüslərin müəllifidir

Bakı artıq beynəlxalq arenada vacib məsələlərin müzakirə edildiyi, mühüm qərarların verildiyi məkan kimi xarakterizə edilir. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Bu günlərdə Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ölkəmizə 110 ölkənin 700 nümayəndəsinin gəlməsi Forumun möhtəbərliyindən və nüfuzundan xəbər verir. Bakı prosesi dünya dövlətlərinin nüfuzlu siyasətçilərini, ziyalılarını, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirdi. Məhz bu baxımdan Prezident İlham Əliyevin Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında verdiyi mesajlar olduqca böyük önəm kəsb edir. Sözsüz ki, Bakıda keçirilən forum çox mühüm və nüfuzlu beynəlxalq platformadır.

Ölkə başçımızın çıxışı dünyanın bir çox dövlətlərinin nüfuzlu, kütləvi informasiya vasitələrində ətraflı işıqlandırıldı, dünyanın siyasi ekspertləri və analitikləri Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, beynəlxalq hüquqa hörmətlə yanaşan, dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan bir dövlət başçısı olduğunu vurğuladılar. Dünyada sivilizasiyalararası qarşıdurmaların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir. Eləcə də, bu Forum Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında aparıcı rolunu bir daha bütün dünyaya sübutu oldu.

Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Ölkəmizdə müxtəlif dinə, dilə malik xalqların nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalara ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. Ölkəmizin başçısının da qeyd etdiyi kimi multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.  Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqlar öz Prezidentinin ətrafında sıx birləşdi. Onlar yeganə vətənlərinin Azərbaycan olduğunu bütün dünyaya çatdırdılar. Məhz bu birlik nəticəsində Azərbaycan 30 il Ermənistan işğalında olan torpaqlarını azad etdi. Ölkə başçısı da Forumda bəyan etdi ki, Azərbaycan sülhü müharibə vasitəsilə təmin edib: “Ermənistanın 30 illik işğalına son qoyuldu. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə baxmayaraq işğala son qoyulmamışdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin böyük hissəsini azad etdi. Ötən ilin sentyabr ayında isə ölkəmiz ərazi bütövlüyü, suverenliyini tam şəkildə bərpa edib. Bütün bunlara baxmayaraq Azərbaycan Ermənistana sülh sazişi ilə bağlı danışıqlara başlamaq təşəbbüsünü irəli sürən tərəf oldu. Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında iki tərəf arasında hazırda sülh danışıqlar davam edir”.

Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq siyasəti həyata keçirib. Azərbaycan hər zaman sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP-29 kimi dünyanın ən nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən böyük dəyərdir.

Tarixi Zəfərimizin yaratdığı reallıqlar bölgədə yeni əməkdaşlıq formatlarının yaradılmasını bir zərurət kimi ortaya qoyur ki, bu da öz növbəsində dayanaqlı sülhün və təhlükəsizliyin təminatında vacib amillərdən biridir. Azərbaycan hər zaman regionda sülhün, təhlükəsizliyin tərəfdarı olub, bunu region və qonşu dövlətlərlə əlaqələrini inkişaf etdirməklə yeni təşəbbüslər irəli sürüb. Postmünaqişə dövründə biz Qarabağda quruculuq işləri həyata keçiririk. Eyni zamanda, biz Ermənistanla sülh sazişinin imzalanması, delimitasiya və demarkasiya məsələsinin həlli üçün hazırlıq işləri görürük. Azərbaycan həmişə dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşıb, digər dövlətlərin və xalqların azad, müstəqil yaşamaq hüququna malik olmaları siyasəti həyata keçirir. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib. Ağır pandemiya dövründə belə Azərbaycan özünün təşəbbüsləri, yardımları ilə gündəmdə idi. Eyni zamanda ölkəmiz fəal şəkildə peyvənd millətçiliyinə qarşı çıxış edirdi.

Azərbaycan Prezidentinin iradəsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin olunmasına, xalqların və dövlətlərin normal münasibətlər müstəvisində inkişafını təşviq edir. Şübhə yoxdur ki, VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qatılan nüfuzlu siyasətçilər Azərbaycanın regionda yaratdığı yeni reallıqların zəruriliyini qəbul edirlər.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri  

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla