AZ

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Tbilisi, 3 may, AZƏRTAC

Tbilisi şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 57-ci İllik Toplantısında iştirak edən Azərbaycanı maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifov bir sıra ikitərəfli görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, AİB-nin Prezidenti Masatsuqu Asakava ilə görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı, xüsusilə nəqliyyat və dəmiryol layihələrində iştiraka dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, cari ildə Azərbaycan ilə bank arasında əməkdaşlığın 25 illiyi qeyd olunacaq. Bankın Prezidenti bu münasibətlə Azərbaycana səfər edəcəyini ifadə edib. Masatsuqu Asakava Prezident İlham Əliyevin cari ilin fevral ayında keçirilən seçkilərdə yenidən Azərbaycan Prezidenti seçilməyi münasibətilə təbriklərini çatdırıb. Eyni zamanda, AİB-nın yoxsul ölkələrə qrant və güzəştli maliyyə təmin edən İnkişaf Fondunda iştirakına görə Azərbaycana öz təşəkkürünü bildirib.

S.Şərifov Masatsuqu Asakavanı noyabr ayında Bakı şəhərində keçiriləcək qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib. Dəvət qarşı tərəfdən qəbul olunub.

Daha sonra Samir Şərifov Gürcüstanın maliyyə naziri Laşa Xutişvili ilə görüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyi qeyd edilib.

S.Şərifov AİB-nın Rəhbərlər Şurasının 57-ci İllik Toplantısına yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə gürcü həmkarını təbrik edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
Mənbələr
Şərh ()
Bağla