AZ

“Neftçi” – Belə imkan bir də nə vaxt ələ düşəcək?

32-ci turun mərkəzi qarşılaşmasına “Azərsun Arena”da tamaşa edəcəyik.

Çempion “Qarabağ” əzəli və əbədi rəqibi “Neftçi”ni qəbul edəcək.

Rəqəmlərə nəzər salanda “Neftçi”ni növbəti faciənin gözlədiyini düşünə bilərik. Amma yox. Bu həna o hənadan deyil.

Əvvəla ona görə ki, “Qarabağ” istəyində olduğu 11-ci çempionluğuna çoxdan qovuşub. Son oyunlara baxanda açıq-aşkar görünür ki, komandadakı əzmkarlıq əvvəlki dərəcədə deyil. Rotasiyalar hər bir halda özünü göstərir. Bundan sonrakı hədəf mövsümü itkisiz başa vurmaq, ölkə kubokunu da qazanmaqdır.

Ağdamlıların Premyer Liqadakı son 3 matçda qələbə qazana bilməməsi “Neftçi”liləri həm sevindirməli, həm də düşündürməlidir. Bu, komanda üzvlərinin rahatlaşmasına görədirsə, bakılıların əlinə əla fürsət düşüb. “Turan Tovuz”la matçda darmadağınla əldə olunan qələbə “ağ-qaralar”ın düşərgəsindəki atmosferi xeyli yaxşılaşdırıb.

Amma bir şeyi unutmamalıyıq. “Neftçi”nin adı gələndə, “Qarabağ”lıların “gözlərindən alov çıxır”. Bu da heç şübhəsiz on illərdir davam edən rəqabətə görədir. Ağdamlıların istənilən rəqibə məğlubiyyəti qəbul oluna, təsadüf hesab oluna bilər, amma “Neftçi”yə əsla.

Hər bir halda Miodraq Bojoviçin rəhbərlik etdiyi komandanın əlinə əla fürsət düşüb. “Qarabağ”dan alınacaq minumum 1 xal “Kəpəz” və “Səbail”lə görüşlər üçün inanılmaz motivasiya olacaq. Sonuncu turda doğma meydanda “Sabah”la duel isə yəqin ki, finala bərabər sayılacaq.

“Qarabağ” cari mövsümdə 5-dəfə məğlub olub, 4 görüşdə heç-heçə edib. Deməli, “köhlən atlar” hər nə qədər güclü görünsə də, məğlubedilməz deyil. “Neftçi” belə vəziyyətdə də qalib gələ bilməsə, özündən incisin. Çünki belə durumlarda oyunun taleyini təcrübə və keyfiyyət yox, istəklə əzmkarlıq həll edir.

Mayın 4-də keçiriləcək “Qarabağ” – “Neftçi” qarşılaşması saat 19:30-da başlayacaq.

HƏBİB

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla