AZ

Belə valideynlərin öhdəsindən bəlkə prokuror gələr...

Image

Fatimə Hacıbəyli: “Bir qisim valideynlər düşünür ki, uşaq mənimdir, nə istəsəm edərəm, bu belə deyil”

Son zamanlar Azərbaycanın ailə institutunun təməlində zəiflik müşahidə olunur. Adı çəkilən problemlər isə özünü boşanma hallarının sayının artmasında göstərir. Bu isə son nəticədə ailədə uşaqların psixi inkişafına mənfi təsirsiz ötüşmür. 

Qeyd olunan problemlə əlaqədar son vaxtlar aktual olan məsələlərdən biri də məhkəmələr tərəfindən valideynlik hüququndan məhrumetmə hallarıdır. Məlumat üçün bildirək ki,  Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna əsasən, prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək.

Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.

Valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması nəyi dəyişəcək? Bunun nə kimi müsbət və mənfi təsirləri ola bilər? 

“Valideynlik hüququnun prokuror tərəfindən məhdudlaşdırılması düzgün qərardır” 

 “Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, valideynlik hüququnun prokuror tərəfindən məhdudlaşdırılması düzgün qərardır: "Bir çox hallarda ailə daxilində uşaqlara qarşı cinayət törədildikdə, yəni valideyn uşağa zorakılıq törətdiyi üçün cəzalandırılır,  amma həmin valideynin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı dövlət ittihamçısı iddia qaldırmırdı. Uşağına qarşı cinsi zorakılıq edən ata cəzalandırılır, amma həmin atanın valideynlik hüququndan məhrumetmə məsələsi qaldırılmayıb. Qanunla həmin ata yenə də uşağın qanuni valideyni hesab olunurdu. Artıq bununla bağlı dəyişiklik edilir. Bu sevindirici haldır".

Birlik sədri onu  da vurğuladı ki, valideynlər öz hüquqlarını bildikləri qədər övladlarının da hüquqlarını bilməlidir: "Bir qisim valideynlər  düşünür ki, uşaq mənimdir, nə istəsəm edərəm.  Bu belə deyil. Hər kəs bilməlidir ki, uşaq təkcə valideynə aid deyil".

F.Hacıbəylinin sözlərinə görə, valideynin həyat tərzi, münasibəti uşağa ziyan verirsə, onu bu hüquqdan məhrum etmək olar:  "Atanın, ananın həyat tərzi, münasibəti uşağa ziyan verirsə, hüquqdan məhrum edilməlidir”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla