AZ

Ançelotti yenə “Bavariya”ya uduzmadı, intriqa Madridə daşındı

yarımfinal, ilk oyun
Bavariya – Real 2:2 (0:1)
Bavariya (Münhen, Almaniya): Noyer, Kimmix, Kim Min Çje, Dayer, Mazraui, Laymer, Qoretska (Gerreyro, 46), Musiala, Müller (Qnabri, 80), Sane (Devis, 87), Keyn.
Real (Madrid, İspaniya): Lunin, Vaskes, Rüdiger, Naço (Kamavinqa, 65), Mendi, Valverde, Çuameni, Kroos (Dias, 75), Bellingem (Modriç, 75), Rodriqo (Xoselu, 87), Vinisius.
Qollar: Vinisius, 24 (0:1). Sane, 53 (1:1). Keyn, 57-p. (2:1). Vinisius, 83-p. (2:2).
Vərəqələr: Mazraui, 43. Kroos, 64. Kim Min Çje, 82. Vaskes, 90+2 – sarı.
Hakim: Kleman Turpen (Fransa).
30 aprel. Münhen. 75000 tamaşaçı.
oyunun statistikası
qapıya (“çərçivə”yə) zərbə
künc zərbəsi
ofsayd
qayda pozuntusu
2 (0) sarı (qırmızı) vərəqə 2 (0)
topa sahibolma (faizlə)
Cavab oyunu mayın 8-də keçiriləcək.

“Bavariya” – “Real” qarşıdurması Çempionlar Liqasının klassikası sayılır. Bu komandalar qitənin əsas klub turniri çərçivəsində indiyə qədər 26 dəfə qarşılaşmışdı. Münhenlilərlə madridlilər heç vaxt finalda üz-üzə gəlməyib, əvəzində yarımfinalda 8-ci dəfə yolları kəsişirdi ki, bu da turnirin pley-offunun rekordudu. Son vaxtlar duellər, adətən, “kral klubu”nun qələbəsiylə bitir. “Real” son 7 oyunda “Bavariya”ya uduzmamışdı (6 qələbə, 1 heç-heçə). Düzdü, ÇL-də sonuncu dəfə 6 il əvvəl qarşılaşmışdılar. Heç də hər kəs yarımfinalda məhz bu cütün alınacağını gözləmirdi. Axı hər iki komanda 1/4 final ərəfəsində favorit sayılmırdı. O mərhələdə “Bavariya”nın bəxtinə “Arsenal”, “Real”ın bəxtinə isə “Mançester Siti” düşmüşdü. Bununla belə, çətin İngiltərə səddini aşmaq mümkün oldu.

Yarımfina ərəfəsində isə “Real”ın favorit olduğunu düşünənlər daha çox idi. Yəqin ki, “Bavariya”nın əksər azarkeşləri bu iddia ilə barışmırdı. Ancaq başverənlərə obyektiv yanaşsaq, münhenlilərlə müqayisədə madridlilərin cari mövsümü daha sabit keçirdiyini görə bilərik. Məsələn, bu mövsüm Ançelottinin komandasını oyun səviyyəsinə görə çox az hallarda tənqid etmək olardı. Tuxelin komandası isə ölkədaxili turnirləri boşa verib. ÇL Münhen nəhəngi üçün uğursuz mövsümün təəssüratını unutdurmaq baxımından son şans idi. Meydan sahibləri zədəli De Liqt, Koman, Boe və Sarrın xidmətindən məhrum idi, qonaqlara isə zədəli Alaba və cəzalı Karvaxal yardım edə bilməyəcəkdi.

İlk oyun futbol qurmanlarının könlünü oxşadı. Oyun parlaq, dramatik mübarizə şəraitində keçdi və məhsuldar alındı. Oyuna fəal başlayan münhenlilər artıq 1-ci dəqiqədə hesabı aça bilərdi, ancaq Sane Luninlə dueldən məğlub ayrıldı. Əvəzində qonaqlar ilk yarının ortalarında elə ilk ciddi hücumda hesabı açdılar. Kroosuin meydanın dərinliyindən göndərdiyi incə ötürməni qəbul edən Vinisius Noyerlə təkbətək zamanı olduqca soyuqqanlı davranıb hesabı açdı. Bu, Ançelottinin komandasının oyundakı ilk zərbəsi idi. Əlbəttə, “Bavariya” mümkün qədər tez bərabərliyi təmin etməyə çalışdı. Ancaq fasiləyə qədər hesab dəyişmədi. 2-ci hissənin əvvəli “Real” üçün “soyuq duş” oldu. Tuxelin komandası cəmi 4 dəqiqə ərzində oyunun axarını öz xeyrinə dəyişdi. Əvvəlcə Sane Luninin qoruduğu küncə qarşısıalınmaz zərbə vurdu, ardından Vaskes Musialaya qarşı kobud oynadı və təcrübəli Turpen penalti nöqtəsini göstərdi. Rüdigerin Luninin qulağına nələrsə pıçıldamasına baxmayaraq, Keyn zərbəni dəqiq yerinə yetirdi. Ancaq münhenlilər az-çox sərfəli hesabı sona qədər qoruya bilmədi. Sona yaxın Turpen artıq “Bavariya”nın qapısına penalti təyin etdi. Bu dəfə də Kim Min Çje Rodriqonu cərimə meydançasında yolverilməz fəndlə dayandırdı. Vinisius dubl etmək imkanını əldən vermədi. Sözsüz, Münhendəki bu heç-heçə cavab görüşü ərəfəsində madridlilər üçün daha sərfəlidi. Bütün hallarda bu komandaların “Santyaqo Bernabeu”dakı cavab görüşünü səbirsizliklə gözləməyə dəyər.

Oyundan sonra...
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“İlk yarıda müdafiə olunmaq lazım gəldi, amma bunu gözlədiyim intensivliklə etmədik. 2-ci hissədə isə rəqib irəli atıldı və mənə elə gəlir ki, biz onda daha yaxşı pressinq etdik. Ümumi təəssüratım belədi: özümü yetərincə rahat hiss etsək də, optimal intensivlik çatışmırdı. Belə vəziyyətdə sizi mütləq cəzalandırırlar – dünyada bunu hər kəs bilir. Kroosun sayəsində topa yaxşı nəzarət etdik, əslində “Bavariya” bizə o qədər də güclü təzyiq göstərmədi. Boş zonalar var idi. Rəqibin yüksək müdafiə xətti ilə oynayacağını gözləyirdik ki, belə də oldu. Kroosla Vinisius sayəsində birinci qolu vurub, müəyyən üstünlü qazandıq. Fantastik ötürmə, fantastik bitiricilik idi”.


Tomas Tuxel, “Bavariya”nın baş məşqçisi:
“Oyuna yaxşı başladıq, artıq 1-ci dəqiqədə hesabı aça bilərdik. Ondan sonra oyun planına əməl etməyi dayandırdıq. Qol buraxandan sonra vəziyyət daha da mürəkkəbləşdi. İkinci hissədə durumu dəyişə bildik, daha qətiyyətli oynamağa başladıq. Hesabı 2:1 edəndən sonra da qol imkanlarımız oldu, üçüncü topu vurmalıydıq. Qəribə hisslər keçirirəm. Rəqib iki təhlükəli vəziyyəti qola çevirdi. Vəziyyət aydındı: Madriddə qələbə və “Uembli”yə səfər. Mənim üçün şanslar hələ də 50-nin 50-yədi. Baxaq görək necə olacaq”.


Vinisius Junior, “Real”ın yarımmüdafiəçisi:
“Həmişə qələbə qazanmaq istəyirik, ancaq ÇL-in də nə demək olduğunu anlayırıq. Top itkisinə yol vermək olmaz. Hər iki komanda yüksək səviyyəli oyunçulara malikdi. Növbəti həftəyə qədər dincəlməliyik. Azarkeşlərlə birgə London finalına vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Kroos həmişə hər şeyi çox asan edir. Birgə hədsiz çox məşq etmişik, bir-birimizi çox yaxşı anlayırıq. İki qol vura bildiyimə görə çox sevinirəm. Evdəki sehirli gecənin vaxtə gəlib çatdı. Böyük iş görmək, finala çıxmaq istəyirik”.


Rodriqo, “Real”ın yarımmüdafiəçisi:
“Qalib gələ bilmiriksə, deməli, uduzmaq da istəmirik. Bütün başverənləri nəzərə alsaq, heç-heçə ideal nəticə oldu. Normaldı, indi biz evdə oynayacağıq. Oyunun hansısa mərhələsində gerçəkdən yaxşı oynamadıq, sonradan hesabı bərabərləşdirə bildik. Kroos qeyri-adi ötürmə verdi. Biz həmişə ona davam etməli olduğunu deyirik. Bir yox, bir neçə mövsüm. Onun ustalığını izləmək, onunla yanaşı oynamaq xoşuma gəlir. Evdə keçirəcəyimiz cavab görüşünü səbirsizliklə gözləyirik”.


Harri Keyn, “Bavariya”nın hücumçusu:
“Uğrunda mübarizə apardığımız hər şey bu turnirdədi. Biz, sadəcə, bunun yolunu tapmalıyıq. “Real”la səfər oyununda çətin olacaq, ancaq ora yalnız öz gücümüzə tam inanmaqla yollanmalıyıq. Çempionlar Liqası bütün titullardan ən nəhəngidi. Onu götürə bilsək, möhtəşəm mövsüm olacaq. Bu gün stadionda qeyri-adi atmosfer var idi. Növbəti həftə də belə olacağına ümid edirəm. Belə böyük oyunlarda iştirak etmək istəyirəm, artığını gözləmək olmaz. Bugünkü oyundan çoxlu müsbət nəticə çıxara bilərik. Bəzi xırda detalları nəzərə almalı və aradan qaldırmalıyıq, çünki buna görə bizi cəzalandıra bilərlər. Müsbət əhval-ruhiyyəni növbəti həftəyə də köçürməliyik”.


Camal Musiala, “Bavariya”nın yarımmüdafiəçisi:
“Həm müsbət, həm də mənfi məqamlar var. Bu gün qalib gələ bilərdik, çoxlu şansımız oldu. Pis müdafiə olunmadıq. Ancaq “Real” sənin artıq heç bir təhlükənin olmadığını düşündüyün məqamda, heç nədən qol yaradır. Bir qədər təəssüf hissi var. Ancaq “Bernabeu”nun meydanına başıuca çıxacağıq. Bu oyundan dərs götürməli olduğumuz məqamlar var. Özünəinamı qorumalıyıq, bugünkü kimi oynamalı, qələbəyə can atmalıyıq”.


Toni Kroos, “Real”ın yarımmüdafiəçisi:
“Hadisələrlə zəngin oyun oldu. Hər iki komanda oyunun müəyyən bölümlərində fərqli səviyyə göstərdi. Yetərincə qəribə olan məqam budu ki, qollar başqa komanda daha yaxşı oynayanda vuruldu. Meydanda fərdi cəhətdən güclü futbolçular yer alanda belə olur. Düşünürəm ki, heç-heçəni haqq etdik. Əlbəttə, evdə finala vəsiqə qazanacağımıza əminik”.


Faktlar
* Müller “Bavariya”nın heyətində ÇL-də 150-ci oyununu keçirdi. O, bu turnirin tarixinə bir komandada 150 və daha artıq oyun keçirən 3-cü futbolçu kimi düşdü. Xavi (“Barselona”da 151 oyun) və Kasilyas (“Real”da 150 oyun) da 150 oyun həddinə çatıb.
* Bellingem ÇL-də 32-ci oyununu keçirdi. “Real”ın oyunçusu ÇL tarixinə 21 yaşa çatmadan bu qədər oyun keçirən 2-ci futbolçu kimi düşdü. Cud Dortmund “Borussiya”sının heyətində 2020-23-cü illər aralığında ÇL-də 23 oyuna çıxıb. Bellingem bu göstəricidə yalnız “Arsenal”, “Çelsi” və “Barselona”nın sabiq yarımmüdafiəçisi Fabreqasdan geri qalır. O, 21 yaşını tamamlamadan ÇL-də 34 oyun keçirmişdi.
* Dubl edən Vinisius “Real”ın heyətində bütün turnirlərdə qol sayını 81-ə, cari mövsümdə isə 21-ə çatdırdı. Braziliyalı bu qolların 5-ni Çempionlar Liqasında, 13-nü La Liqada, 3-nü isə İspaniya Superkubokunda vurub. Vinisius 2018-ci ildə keçdiyi “Real”da ardıcıl 3-cü mövsümdə 20 və daha artıq qol vurur.
* Keyn ÇL-in bir mövsümündə məhsuldarlıq baxımından ingiltərəli futbolçular üçün rekord müəyyənləşdirdi. Cari turnirdə 8-ci qolunu vuran bombardir 3 məhsuldar ötürmə də verib. “Qol+ötürmə” sistemi üzrə 11 (8+3) xal ingiltərəli oyunçular üçün rekorddu. Bekhem MY-nin heyətində 1998/99, Cerrard usə “Liverpul”un heyətində 2007/08 mövsümündə 10 xal toplamışdı. Yeri gəlmişkən, Keyn həm də ÇL tarixinin ən məhsuldar 40 futbolçusu sırasına düşüb. Bu, onun turnirdə keçirdiyi 43-cü matçda 29-cu qolu olub. Keyn ÇL-də qol sayına görə Makayla (61 oyun) Cekoya (74 oyun) çatıb.
* “Real” artıq 12 ildi “Bavariya”ya uduzmur. Münhenlilər sonuncu dəfə 2012-ci il aprelin 17-də qalib gəlib – 2:1. Həmin vaxtdan bəri keçirilən 8 oyunun 6-da madridlilər qələbə qazanıb, 2 oyun heç-heçə bitib.
* Ançelotti məşqçi karyerası boyunca bir dəfə də “Bavariya”ya uduzmayıb. O, “Real”ın və “Milan”ın “sükanı arxasında” olarkən Münhen nəhəngi ilə 9 dəfə qarşılaşıb. Bu oyunların 6-da münhenlilər uduzub, 3-də heç-heçə qeydə alınıb. Qeyd etməyə dəyər ki, Ançelotti özü də 2016-17-ci illərdə Almaniya təmsilçisini çalışdırıb.
* “Bavariya” bu oyunda ötürmələrin dəqiqliyi baxımından yüksək effektivlik göstərdi. Münhen klubunun oyunçularının ifasında 555 ötürmədən 520-si (93,7 faiz) dəqiq oldu. Bu isə turnirin pley-off mərhələsi üçün son 9 ilin ən yüksək göstəricisidi.
* “Real” ÇL-də məğlubiyyətsiz oyunlar seriyasını 11-ə çatdırdı. Madridlilər bu turnir çərçivəsində keçirdiyi son 11 oyunun 7-də qələbə qazanıb, 4-də heç-heçə edib. Bu, “Real” üçün 2017-ci ilin mayından bəri ən yaxşı seriyadı. Həmin vaxt komanda ardıcıl 15 oyunda uduzmamışdı (10 qələbə, 5 heç-heçə).
* “Real” avrokuboklarda yalnız bir dəfə pley-offdakı səfər heç-heçəsindən sonra mübarizəni dayandırıb. Madrid nəhəngi Avropanın müxtəlif klub turnirlərində 24 dəfə ikioyunluq duelə səfər heç-heçəsi ilə başlayıb. Bu halların 23-də “ağ şimşəklər” mərhələ adlayıb. Belə vəziyyətdə “Real”ı dayandıran yeganə klub “Spartak”dı. “Qırmızı-ağlar” 1990/91 mövsümündə Çempionlar Kubokunun ilk 1/4 final oyununda səfərdə heç-heçə edib (0:0), ardından evdəki 3:1 hesablı qələbə ilə yarımfinala adlayıb.
* “Bavariya” tarixində 2-ci dəfə avrokuboklardakı ikioyunluq duelə evdə 2:2 hesablı heç-heçə ilə başladı. İlk belə hadisə UEFA kubokunun 1995/96 mövsümünün yarımfinalında baş verib. Onda münhenlilər cavab görüşündə “Barselona”nı 2:1 hesabıyla məğlub edib və ardından turnirin qalibi olub. Ümumiyyətlə, “Bavariya” avrokuboklarda 12-ci dəfə evdəki ilk oyunda heç-heçə etdi. Komanda belə halların 9-da iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla