AZ

Ermənistan NATO-nun daha bir tədbirinə qatıldı- “pozdno, KTMT"...

Image

Elxan Şıxəliyev: “5 apreldə də Ermənistanın qarşısına belə bir tələb qoyulub ki, NATO ilə əməkdaşlıq istəyirsə, Rusiya ilə əlaqələri sıfırlamalıdır”

Erməni hərbi həkimlər NATO-nun himayəsi altında Macarıstanda keçiriləcək beynəlxalq təlimlərdə iştirak edəcəklər. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, aprelin 30-dan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibb İdarəsinin tibb batalyonu (hərbi səhra hospitalı) Macarıstanın Varpaluta poliqonuna yola düşüb. Tibb batalyonu orada NATO-nun “Vigorous Warrior 2024” təlimində iştirak edəcək və ən böyük hərbi tibbi təlim olan bu təlimdə 32 ölkə və 7 mülki təşkilat iştirak edəcək.

Təlimlər mayın 10-dək davam edəcək.

Maraqlıdır, Ermənistan rəsmən üzv olduği KTMT kimi hərbi təşkilatın tədbirlərində iştirak etmir, ancaq NATO ilə açıq əməkdaşlıq edir. Bu, Rusiyaya qarşı atılan daha ciddi bir addım hesab oluna bilərmi?

Hərbi-siyasi şərhçi, ehtiyatda olan polkovnik-leytenant Elxan Şəxəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın silahlı qüvvələrinin qurum va quruluşları NATO ilə əməkdaşlığı dərinləşdirir: “Aprel ayının 29-30-da bir qrupun Müdafiə Nazirliyinin baş qərargah rəisinin müavininin rəhbərliyi altında NATO-nun mənzil-qərargahında görüşləri oldu. Onlar 2024-2025-ci illərdə NATO ilə əməkdaşlıq planlarını tərtib etdilər. İndi bu gözlənilən təlim, hərbi-tibbi batalyonun Macarıstanda hərbi təlimlərində NATO-nun iştirakı bu proqramın içərisindədir. Ermənistan düşünür ki, NATO ilə əməkdaşlıqları nəticəsində elə bir səviyəyə gəlməlidirlər ki, günün birində NATO Ermənistanı özünün qanadı altında görməyə hazır olsun. Bunu da iki istiqamətdə edirlər. Eyni zamanda içərisində erməni hiyləgərliyi də var. Rusiyadan qorxurlar, çəkinirlər. Rusiyanın heç bir hərbi gücünü, 102 - ci bazanın federal sərhəd xidmətini Ermənistandan çıxaracağıq demirlər. Həm də NATO ilə əməkdaşlıq edirlər. Eyni zamanda Rusiya ilə Ukrayna müharibəsinin sonunda Rusiyanın hansı vəziyyətə gələcəyini hesablayırlar. Rusiya müharibədən istədiyi kimi çıxsa, Ermənistanın bütün istəkləri sıfırlana bilər. Ancaq NATO-nun istədiyi kimi Rusiya strateji məğlubiyyətə uğradılsa, Ermənistanın da NATO ilə inteqrasiyası sürətlənə bilər. Bu səbəbdən də Ermənistan və Rusiya bir-birilə anlaşa bilmir. O Rusiyanı düşmən dövlət kimi görür. Ermənistan Rusiyanı öz təhlükəsizliyinə zəmanət verməyən, müharibədə onun arxasında durmayan bir ölkə kimi qiymətləndirdiyi üçün onunla heç bir əməkdaşlığı olmayacaq. Yəni artıq Rusiya ilə ya KTMT çərçivəsində, ya da digər proqramlarda iştirakı sıfırlanacaq. 5 apreldə də Ermənistanın qarşısına belə bir tələb qoyulub ki, NATO ilə əməkdaşlıq istəyirsə, Rusiya ilə əlaqələri sıfırlamalıdır. Əslində ermənilər Rusiyaya NATO ilə birlikdə yol getdiklərini nümayiş etdirirlər. NATO da Rusiya və Ukrayna ilə müharibə aparır. Nəticəni biz Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın necə davranmasında görəcəyik”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla