AZ

I rübdə Azərbaycanın TDT-yə üzv və müşahidəçi ölkələr ilə ticarət dövriyyəsi 1.7 mlrd. dolları ötüb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi statusa malik ölkələr ilə ticarət dövriyyəsi 1 mlrd. 709.1 mln. ABŞ dolları təşkil edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.6% və ya 316.1 milyon ABŞ dolları azalıb.

Hesabat dövründə TDT-yə üzv və müşahidəçi ölkələr ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 17.6%-nə bərəbər olub.

Qeyd edək ki, cari ilin I rübündə Azərbaycanın ticarət dövriyyəsi Türkiyə ilə 1 milyard 469,1 milyon dollara, Türkmənistanla 96 milyon 926 min dollara, Qazaxıstanla 70 milyon 829 min dollara, Özbəkistanla 35 milyon 814 min dolara, Qırğızıstanla 23 milyon 382 min dollara, Macarıstanla isə 13 milyon dollara bərabər olub.

2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Türkiyəyə 150 milyon 291 min ABŞ dolları, Qırğızıstana 20 milyon 815 min ABŞ dolları, Türkmənistana 16 milyon 861 min ABŞ dolları, Qazaxıstana isə 11 milyon 731 min ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.

Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir. Baş katibi 11 noyabr 2022-ci il tarixindən etibarən Kubanıçbek Omuraliyevdir (Qırğızıstan).

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla