AZ

ADPU-nun magistrantları üçün 132-134 nömrəli Təhsil Kompleksində master-klas təşkil olunub

Bakı, 2 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) MBA proqramı üzrə biznesin təşkili və idarə edilməsi (təhsilin təşkili və idarə edilməsi) ixtisaslaşmasının I kurs magistrantları üçün “132-134 nömrəli Təhsil Kompleksinin strateji və optimal idarəetmə təcrübəsinin öyrənilməsi” mövzusunda master-klas (dərs-görüş) keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, təhsildə liderlik fənni çərçivəsində auditoriyadankənar dərs formatında təşkil olunan görüşdə ADPU-nun dosenti Şəbnəm Əsədova, Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova, direktor müavinləri və magistrantlar iştirak ediblər.

Əvvəlcə magistrantlar 132-134 nömrəli Təhsil Kompleksinin infrastrukturu ilə tanış olublar, zəngin ənənələrə malik məktəbin tarixi və görkəmli məzunları haqqında geniş məlumat əldə ediblər.

Master-klasda direktor Sara Xanlarova 132-134 nömrəli Təhsil Kompleksinin fəaliyyəti, maddi-texniki bazası, məktəbin strateji və optimal idarəetmə təcrübəsi, icra olunan beynəlxalq layihələr, burada əldə olunan yüksək nailiyyətlər və məktəbin şagirdlərinin, məzunlarının uğurlu nəticələri haqqında ətraflı məlumat verib.

Qarşılıqlı fikir mübadiləsi formatında keçirilən dərs-görüşdə magistrantları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşdə ADPU Universiteti və 132-134 nömrəli Təhsil Kompleksi arasında əməkdaşlıq yeni imkanları müzakirə olunub.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla