AZ

Dövlət Komitəsinin sədri: Azərbaycan xalqı dini ayrı-seçkiliyin ən qəddar təzahürləri ilə qarşılaşıb

Dövlət

Şuşa, 2 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Multikultural ənənələrinə sədaqətinə baxmayaraq, Azərbaycan xalqı dini ayrı-seçkiliyin ən qəddar təzahürləri ilə qarşılaşıb. Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı ərazilərimizdə 67 məsciddən 65-i tamamilə, 2-si isə qismən məhv edilərək yararsız hala salınıb. Bir çox digər İslam abidələri dağıdılıb və yer üzərindən silinib. Bunların sırasında yüzlərlə məscid, türbə, qəbirüstü abidələr, inanc yerləri və digər ibadətgahlar var. 200 qəbiristanlıq tamamilə, 600 qəbiristanlıq isə qismən dağıdılıb. Xocalı qəbiristanlığı texnika vasitəsilə darmadağın edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşündə çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Dövlət Komitəsinin sədri bildirib ki, indiki Ermənistan ərazisində vaxtilə azərbaycanlıların yaşadığı bölgələrdə 500 qəbiristanlıq, yüzlərlə məscid dağıdılaraq tamamilə yox edilib: “Lakin hətta dini abidələrimizə bu amansız münasibət belə tarixi ənənələrimizə, multikultural dəyərlərimizə təsir etməyib. Azərbaycan xalqı dini və etnik tolerantlığı öz milli kimliyinin vacib bir elementi kimi yaşatmaqda davam edir”.

“Biz indi elə bir tarixi mərhələdəyik ki, dünya düzənin faktiki olaraq yenidən qurulduğu çətin və ziddiyyətli bir dövrdə gələcəyə dair aydın, konstruktiv baxışlar sistemi formalaşmalıdır. Bunun ən faydalı yolu mədəniyyətlər və dinlərarası dialoqdur. Çünki sülh, əməkdaşlıq və birgəyaşayışın indiki mürəkkəb beynəlxalq münasibətlər sistemində alternativi yoxdur. Azərbaycan bu qlobal məsələnin ümumbəşəri mənafelərə uyğun həllinə öz töhfəsini verməyə hazırdır”, - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla