AZ

“Yevgeni Əliyevin kimliyini araşdırmaq lazımdır” – “İstisna deyil ki, onun...”

ABŞ Maliyyə Nazirliyi mayın 1-də Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək ora 200-dən artıq şəxs və şirkəti əlavə edib. Onlardan biri də Azərbaycanda mənzilləndiyi bildirilən "Lahic Energy" şirkəti və onunla əlaqəli Yevgeni Əliyevdir. Sənəddə Y.Əliyev Rusiya hərbi sənayesi ilə sıx əlaqələri olan vasitəçilər şəbəkəsini koordinasiya edən təchizat agenti kimi göstərilir.

"Yevgeni Əliyevin təchizat şəbəkəsinə "Lahic Energy" MMC, "GMM FZE" və "GMM Management" şirkətləri daxildir", - ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Hələlik, məsələyə Y.Əliyevdən şərh almaq mümkün olmayıb.

"Lahic Energy" şirkətinin rəsmi internet səhifəsi ötən günə qədər fəaliyyətdə olsa da, bu gün, mayın 2-dən sayta girişdə müxtəlif texniki problemlər yaranıb.

Milli Məclisin deputatı Rasim Musabəyov "Turan"a bildirib ki, ilk növbədə sözügedən şirkətin rəhbərliyinin kimliyini araşdırmaq lazımdır: “Çox güman ki, o, Rusiyada yaşayan Azərbaycan əsilli şəxsdir. Ukrayna ilə müharibə başlayandan, sanksiyaların tətbiqindən sonra bir çoxları gəlib Qazaxıstanda, Azərbaycanda, Ermənistanda, Gürcüstanda şirkət açıblar. Axtarmaq lazımdır ki, bu adam Azərbaycana nə dərəcədə aiddir".

Deputat hesab edir ki, bu sanksiyaların Azərbaycana heç bir mənfi təsiri olmayacaq: "Bu şirkətə qarşı sanksiyalar qəbul olunubsa, sadəcə həmin şirkətin bank hesablarını bağlayacaqlar, bununla da Azərbaycan ərazisində bütün əməliyyatlar dayandırılacaq. Ancaq mən istisna etmirəm ki, onun bundan başqa bir neçə şirkəti qeydiyyatdan keçib".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, "Lahic Energy" şirkəti ilə bağlı araşdırma aparılmalıdır: "Baxılmalıdır ki, bu şirkət Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edirmi? O nəticəyə gəlinsə ki, bu şirkət, həqiqətən, Rusiyanın hərbi-sənaye kompleksi ilə əməkdaşlıq edir, onda qəti qərar verilməlidir. Yox, bilinsə ki, elə deyil, açıqlama olmalıdır. Şirkət sanksiyalar altına düşübsə, onun Amerika və Avropa ilə əlaqələrində ciddi problemlər yaşanacaq, üstəgəl, bundan dövlətimiz də müəyyən qədər zərər görə bilər".

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla