AZ

Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır

“Qəbələ”nin sabiq yarımmüdafiəçisi, hazırda Latviyanın “Liepaya” klubunda çıxış edən Dodonun futbolinfo.az saytına müsahibəsi

– Latviyada işləriniz necə gedir? Karyeranızı orada davam etdirməkdən məmnunsunuz?

– Hər şey qaydasındadır. Məşqlərdə dayanmadan çalışıram, oyunlarda iştirak edirəm. Karyeramı daha 2 il davam etdirmək fikrindəyəm.

– Azərbaycanda futbol oynadığınız illəri necə xatırlayırsınız?

– 2011-2016-cı illərdə ölkənizdə top qovmuşam. Azərbaycanda çox gözəl günlərim olub. Xüsusən, “Qəbələ” ilə Avropa Liqasının qrup mərhələsindəki çıxışımızı qeyd edərdim. Bu, karyeramın ən gözəl anı idi. “Qəbələ” ilə avrokubokda keçirdiyim oyunları heç vaxt unutmaram.

– Vaxtilə Azərbaycanda bir yerdə oynadığınız futbolçularla əlaqəniz qalıb?

– Daha çox Assis və Bruno ilə ünsiyyət qururuq. Arada digərləri ilə də İnstaqramda yazışırıq.

– Azərbaycan Premyer Liqasını izləyirsiniz?

– Bəli, izləyirəm. Cari mövsümdə çempionatınızda qeydə alınan bütün nəticələrdən xəbərim var. Azərbaycan Premyer Liqası ilə bağlı hər şeyi bilirəm.

– Sabiq komandanızın mövsümü sonuncu pillədə bitirəcəyi təsdiqini tapdı. “Qəbələ”nin hazırkı durumu sizi də məyus edir?

– “Qəbələ”nin başına gələnlərdan xəbərdaram. Keçmiş komandamın hazırkı durumu məni çox kədərləndirir. Premyer Liqanı tərk etməklərinə çox üzüldüm. “Qəbələ” aşağı liqaya düşməyə layiq deyil. Azərbaycana dönərək sevimli komandamın Premyer Liqaya qayıtmasına kömək etməyə hazıram.

– Deməli, Azərbaycana qayıtmaq istəyirsiniz və 1-ci liqada oynamağa qarşı deyilsiniz…

– Əlbəttə. Amma bunun üçün təklif olmalıdır. Təklif gəlsə, Azərbaycana dönərəm. Bu o demək deyil ki, Latviyadan narazıyam. Elə olsaydı, 6 il bu ölkədə futbol oynamazdım. Burada kubok qazanmışam, avrokubokda oyunlar keçirmişəm. Sadəcə, “Qəbələ”nin hazırkı durumuna üzülürəm. Bu komandanın Premyer Liqaya qayıtması üçün əlimdən gələni edərəm.

– Sizcə, “Qəbələ”nin bu vəziyyətə düşməsinin səbəbi nə, günahkarı kimdir?

– Məncə, çox səbəb var. Amma bunlar klubdaxili məsələdir, kənardan hər şeyi bilə bilmərik. Bəlkə də futbolçuların hamısı eyni zehniyyətlə işləmirlər. Futbolda uğur qazanmaq üçün kollektivdə hər kəs eyni nöqtəyə vurmalıdır.

FƏRİD

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla