AZ

Azərbaycanın təcrübəsi bir çox ölkələrdə istifadə edilə bilər

“Bu ilin may ayının 1-də Bakıda öz işinə başlamış VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq bir neçə ildir ki, müxtəlif qlobal problemlərin müzakirəsi üçün dünyanın bir çox ölkələrinin yüksək səviyyədə təmsil olunduğu nüfuzlu beynəlxalq platforma kimi fəaliyyət göstərir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusuna həsr olunmuş Forumun Bakı Konqres Mərkəzində keçirilmiş açılış mərasimində 110 ölkədən nümayəndələrin iştirak etməsi də bu beynəlxalq tədbirin mühüm əhəmiyyətini bir daha nümayiş etdirmiş oldu. Forumun açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev müzakirə olunacaq mövzuların bir çox mühüm sahələri, o cümlədən mədəniyyətlərarası dialoq, müxtəliflik, iqlim dəyişmələri, miqrasiya, sülh və təhlükəsizlik, postmünaqişə vəziyyəti, turizm, süni zəka və digər problemləri əhatə edəcəyini vurğuladı və onların həlli yollarının müəyyənləşdirilməsi üçün Forum zamanı konkret yanaşmaların formalaşdırılmasının zəruriliyini diqqətə çatdırdı.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin nitqində təqdim olunan açıqlamalar əslində bir çox qlobal problemlərin həlli üçün istifadə oluna biləcək konseptual proqram paketi kimi nəzərdən keçirilməlidir: “Məlumdur ki, bu gün planetimizin müxtəlif guşələrində, bəzən hətta ən inkişaf etmiş ölkələrdə belə yaşanan gərginliklər, yaranan münaqişə ocaqları bir çox hallarda mədəniyyətlərarası və dinlərarası dialoqun düzgün qurulmaması və yaxud da ümumiyyətlə mövcud olmaması səbəbindən baş verir. Məhz bu baxımdan Azərbaycanın təcrübəsi bu kimi məsələlərdə təlqin ediləcək tərz kimi qəbul oluna bilər. Öz çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim ölkəmizdə mədəniyyətlərarası dialoq güclü şəkildə təşviq edilir. Azərbaycanda mütəmadi olaraq dinlərarası dialoqla bağlı tədbirlər keçirilir. Bununla bağlı müzakirələr COP29-un gedişində də aparılacaq. Həqiqətən də dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin liderlərdən sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Bunlar çox vacib amillərdir. Müzakirə olunacaq məsələlərdən biri də çoxtərəflilikdir ki, Azərbaycan öz təcrübəsində hər zaman bu amilə sadiq olub. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi ən mühüm dəyərləri qoruyub. Dövlət başçısı bir müstəqil ölkə kimi Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas məsələnin də məhz bunlardan ibarət olduğunu diqqətə çatdırdı. Azərbaycan bu dəyərləri toqquşmalar, münaqişələr, müharibələr vaxtında da qoruyub saxlaya bilib və bu təcrübəni tətbiq etməklə hər bir ölkə uğur qazana bilər. Bunun üçün həmin ölkə daxilində bütün etnik qrupların, dinlərin nümayəndələrinin özlərini ləyaqətli, təhlükəsiz şəraitdə hiss etmələri və onlara ədalətli münasibət təmin olunmalıdır. Əks halda isə bütün fikir ayrılıqları son nəticədə yalnız ayrı-seçkiliyə, etimadın çatışmazlığına və bir çox hallarda siyasi çətinliklərə gətirib çıxara bilər ki, bu da ölkə daxilində parçalanmaya səbəb olar.”

Fikirlərini davam etdirən A.Naxçıvanlı daha sonra Prezident İlham Əliyevin COP29-la bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Toxunduğu bütün məsələlərlə bağlı ifadə etdiyi fikirlərində olduğu kimi, Azərbaycan Prezidenti COP29 barədə verdiyi açıqlamasında da prinsipial mövqeyini nümayiş etdirdi. Qeyd olundu ki, bu Konfransın əsas mövzusu maliyyə məsələsi olsa da, dünya ölkələrinin və bu ölkələri təmsil edən liderlərin problemə düzgün yanaşma tərzinin formalaşması daha vacibdir. Dövlət başçımız belə bir vacib məqamı diqqət mərkəzinə çəkdi ki, əgər COP29-un işi həmrəylik və qarşılıqlı etimad prinsipləri üzərində qurulmasa, ölkələr kimin planetə daha çox ziyan vurmasını müəyyən etmək bəhanəsilə bir-birilərini ittiham etməyə başlasalar bunun sonu faciə ilə nəticələnə bilər. Buna görə də qlobal iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması, planetin xilası yalnız bütün səylərin birləşməsi sayəsində mümkün ola bilər” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Seçilən
36
41
Mənbələr
Şərh ()
Bağla