AZ

Şəkidə yeni sosial layihə: 30 nəfər sənət öyrənərək, işlə təmin olunacaq

Şəki, 2 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin xətti ilə Şəkidə bir aya yaxındır ki, yeni layihəyə start verilib.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində şanlı Qələbəmizdən sonra Dövlət Məşğulluq Agentliyi şəhid ailə üzvlərinin və qazilərin, eləcə də onların ailə üzvlərinin müxtəlif sənət sahələrində peşələrə yiyələnməsi istiqamətində layihələr həyata keçirir. Belə layihələrdən biri də TEM-ART Sənət Mərkəzi ilə birgə Şəkidə reallaşmaqdadır.

TEM-ART Sənət Mərkəzinin layihəsi əsasında şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin 30-a yaxın üzvü burada müxtəlif peşələrə yiyələnir. Mərkəzdə sənətə marağı olan yeniyetmə və gənclərə də ayrıca təlim və kurslar təşkil edilir.

Layihənin rəhbəri, rəssam Elmar Məmmədzadənin sözlərinə görə, artıq bir aya yaxındır ki, Dövlət Məşğulluq Agentliyinin Şəki bölməsi, eləcə də Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə TEM-ART Sənət Mərkəzində təlim və kurslar keçilir.

Layihə iştirakçısı Könül Səlimova və Cəvahir Abduləliyeva Dövlət Məşğulluq Agentliyinin Şəki rayon bölməsində evdar xanım kimi qeydiyatda olublar. Sənət Mərkəzi təlimlərə başlayanda onlara ödənişli iş təklif edilib. İndi onlar hər ay 345 manat təqaüd alır, həm də sənət öyrənirlər.

Dövlət Rəssamlıq Akademiyasının məzunu Kəmalə Nerəhmədova isə Sənət Mərkəzində iki işin öhdəsindən bacarıqla gəlir desək, yanılmarıq. Belə ki, o, həm müdavimdir, həm də təlimçi. Kəmalə Nerəhmədova burada gənclərə rəssamlıq sənətinin sirlərini öyrətməklə yanaşı, həm də özünün hobbisi ilə məşğuldur.

Layihə rəhbəri Elmar Məmmədzadə deyir ki, Sənət Mərkəzinin hazırda beş müxtəlif yerdə filialı var və müdavimlər yiyələndikləri sənətə uyğun təlimlərə qatılırlar. İki aydan sonra təlimlər başa çatacaq, onlara sertifikatlar təqdim ediləcək. Daha sonra müdavimlərin işlə təmin olunması istiqamətində yerli sahibkarlarla iş aparılacaq.

Sənət Mərkəzində olarkən onu da öyrəndik ki, layihə ilin sonuna kimi davam edəcək. Belə ki, növbəti mərhələdə daha çox müdavim qəbul ediləcək və onlara müxtəlif peşələrin öyrədilməsinə başlanılacaq. O cümlədən müasir sənət növləri ilə yanaşı, qədim sənətlərin də yaşadılması üçün tədbirlər görüləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla