AZ

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.

Bəs keçmiş məcburi köçkünlər xaricində, Şuşada vətəndaşlar öz fərd yaşayış evini tikə bilər? Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Sonxeber.az-a açıqlama verib:

"Şuşa elə şəhərlərdəndir ki, orada torpaq sahəsi məhdud saydadır. Yəni mövcud torpağın üzərində planlaşdırılan şəhər quruluşu istənilən kimi, arzuolunan şəkildə qurulmur. Bu baxımdan orada çoxmənzilli binalar tikirlər. Yəni kimin o vaxtı fərdi evi var idisə, onları bina evlərinə toplayırlar. Bu şəhərdə torpağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada alınması fərqli olacaq. Yəni burada ənənəvi üsul tətbiq olunmayacaq. Amma hansı formada olacaqsa, bu ancaq kommersiya tipli və daşınmaz əmlak ola bilər. Vətəndaşların istəyi üzrə fərdi evlərin tikintisinə imkan yaradılacağını düşünmürəm".

"Qaçqınkom"dan verilən məlumata görə, "Böyük Qayıdış" proqramı uğurla icra olunur. 2024-cü ildə Şuşadan başqa daha 5 şəhərimizə qayıdış planlaşdırılıb və artıq bu planın realllaşdırılması prosesi gedir. Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri demək olar ki, başa çatıb. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə 450 mənzil var. Bununla yanaşı, şəhərdə 17 binadan ibarət 2-ci yaşayış kompleksi də inşa edilir. 4,25 hektar ərazidə yerləşən kompleksdə ikimərtəbəli və üçmərtəbəli binalar tikiləcək. Kompleksdəki 238 mənzildən 119-u ikiotaqlı, 119-u isə üçotaqlı olacaq.

Seçilən
155
1
Mənbələr
Şərh ()
Bağla