AZ

Ver sözə ehya ki...

Hər dəfə bu barədə danışırıq, lap yaxşı, bir dəfə də Ümumdünya Mətbuat və Söz Azadlığı Günündə danışaq. Bəlkə bizi eşidən, söylədiyimizə qulaq verən olar. Yaxşı, nümunəvi mətbuat bizimdir onsuz da. Varımızdır, həm də qürurumuzdur. Eyni zamanda sözü sözlükdən çıxaran, yalanı, iftiranı, "reklamı" gündəmə gətirən, "like" xətrinə nələrdən keçən mətbuatımız da var, onlardan danışaq ki, bəlkə özlərinə bir qədər çəki-düzən verə bilələr. Xatırlayalar ki, bu, mətbuatdır, burada hər kəs istədiyini danışa, ağlına, ağzına gələni yaza bilməz...

Ölkəmizdə azad mətbuata böyük yol açılıb, müxtəlif qanunlarla jurnalistlərin hüquqları tənzimlənib, onlar hərtərəfli qayğı ilə əhatə olunublar. Mətbuatımızdan senzura illərdir ki, götürülüb. Ölkəmizdə azad mətbuat, azad söz mövcuddur. Mətbuat dördüncü hakimiyyət olduğu üçün hər zaman birinci hakimiyyətin də dostu olub, neqativ halların üzə çıxmasına, qaranlıqlara işıq salınmasına kömək edib.

Biz illərlə mətbuatı dediyi sözə dəyər verən bir vasitə olaraq tanımışıq. Mətbuatın sözü söz olub, bu sözün dəyəri, kəsəri olub. Yeri gələndə mətbuatımız sözlə tarix yazıb, dünəni təmsil edib. Yeri gələndə bu gün olub. Bütün hadisələrin içərisində olub, onların mahiyyətini ortaya çıxarıb. Yeri gələndə mətbuat yol göstərən olub. Xalqı, milləti arxasınca həqiqətlərə doğru aparıb. Maarif, səhiyyə olub, insanların təhsilinin, sağlamlığının qeydinə qalıb. Yeri gələndə insanları aldadanlara qarşı silah olub. Həmin silahla gerçəyin gözünü açıb.

Sözü söz dəyərində olub. Böyük sairimiz Məhəmməd Füzulinin sözə verdiyi dəyəri mətbuat nümayəndələrimiz hər bir yazısında, manşetində daim qoruyub saxlayıb.

Bəs bu gün? Sözə ehya verənlər varmı? Onun dəyərini, mahiyyətini, verdiyi, dediyi sözün kəsəri qalsın bir yana, həqiqətə uyğun olduğunun arxasında dayanan nə qədər mətbuat nümayəndəsi var? Çox az... Təəssüf ki, onların sayı gündən-günə azalır. Necə ki, qəzet, qəzetçilik dövrü zaman-zaman tarixə qovuşur, elə sözün dəyəri də sanki o qəzetlərlə birlikdə tarixin arxivinə yollanır.

Lakin söhbət mətbuatdan gedirsə, istər qəzet, istər müxtəlif informasiya saytları, portalları, radio-televiziyalar olsun, yazılan, söylənilən sözün mahiyyətinə varmayacaqsa, onda hansı mətbuatdan söhbət gedə bilər? Müasir dövrdə mətbu məkanı yağışdan sonra çoxalan göbələk kimi bürüyən "mətbu orqanlar" nə yazdıqlarının, necə yazdıqlarının, bu yazdıqları ilə xalqa nə verdiklərinin fərqinə varırlarmı görəsən?

Çığıran sərlövhələr, "məni aç, oxu!" deyib üsyan edən başlıqlar, lakin içərisi boş, əhəmiyyətsiz xəbərlər kimə lazımdır? "Like" toplamaq üçün mətbuatımıza ləkə salan, yalan informasiya yaymaqla insanlar arasında təşviş yaradan mətbuat kimə lazımdır? Mətbu orqan statusundan çıxıb özünə məkan olaraq sosial şəbəkələri seçən (əslində dövrümüzə görə sosial şəbəkələr də lazımdır, lakin düzgün istifadə olunarsa) "mətbuat" nəyin arxasınca qaçır? Axı onların sosial şəbəkələrdə nəyi axtardıqları məlumdur. Kütləni yaxalamağa, boş-mənasız xəbərlərlə insanlardan "like" toplamağamı?

Budurmu günümüzün mətbuatı, jurnalistikası? Budurmu Həsən bəy Zərdabinin, Mirzə Cəlilin, Sabirin, Üzeyirin və onlar kimi onlarla ziyalının həyatı, sağlamlığı bahasına yaratdığı mətbuata verilən qiymət?

Unutmayaq ki:

Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Yəni, sözün qiymətini bilən, ona dəyər verən insan özünə dəyər vermiş olur. Söz hansı dəyərdə olsa, sahibini də o dəyərdə edər. İnsana onun danışdığı sözə görə qiymət verilir.

Və yaxud:

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,

Edə hər saət səni ol uyqudan bidar söz.

Yəni, sən sözü canlandır, dirilt ki, səni də ölüm yuxusu tutanda o səni diriltsin. Qiymətli sözlər danış ki, öləndən sonra sözlərin hər dəfə xatırlandıqca dirilmiş olasan.

Təəssüf ki, günümüzdə öləndən sonra xatırlanacaq az sayda söz sahibləri var. Bu gün sözü öldürənlər isə o sözlərlə birlikdə hər gün ölür, gömülürlər.

Bizim üçün bu əziz gündə bunlardan danışmaq istəməsək də, lakin danışdıq. Çünki deməməyin, susmağın özü də ölüm kimidir...

Mətanət Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
Mənbələr
Şərh ()
Bağla