AZ

“Green Card” qazandıqdan bir müddət sonra ABŞ vətəndaşlığı alan şəxslər Azərbaycan vətəndaşlığından çıxarılırmı? - AÇIQLAMA

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev “Green Card”la ABŞ-yə köçən və Amerika vətəndaşlığı alan azərbaycanlıların avtomatik olaraq Azərbaycan vətəndaşlığından çıxarılıb-çıxarılmaması, onların ölkəyə gediş-gəlişlərinin hansı qaydalar əsasında olduğu barədə suallara aydınlıq gətirib.

 

R.Əliyev Pravda.az-a açıqlamasında deyib ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən, bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. 

Rəşad

O bildirib ki, şəxs bu barədə Azərbaycan Respublikasının ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir: 

 

“Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər isə birbaşa Xarici İşlər Nazirliyinə müraciət etməlidirlər. Hər iki halda onlar nümunəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anketi doldurmalı, onu internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər. Şəxs müvafiq yazılı məlumatı ərizə anket, Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti, vətəndaşlığını alıdığı xarici ölkənin bu barədə verdiyi müvafiq sənədin surətini Azərbaycanın xarici ölkələrdəki səfirlik və ya baş Konsulluqlarına təqdim etməlidir. Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarına daxil olan belə ərizələr əlavələri ilə birlikdə Xarici İşlər Nazirliyi vasitəsilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir. Eyni zamanda istənildiyi halda ərizəçiyə xarici ölkənin vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycanındiplomatik nümayəndəlik və konsulluqlarını yazılı məlumatlandırmasını təsdiq edən arayış verilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi onun Azərbaycan Respublikası vətəndaşlığının itirməsi üçün əsas hesab edilir. Qeyd edim ki, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda, yəni Azərbaycanla yanaşı, digər dövlətin və ya dövlətlərin vətəndaşı olduqda onun xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Bu əsaslarla şəxsin Azərbaycan vətəndaşlığı ləğv edilirsə, artıq xarici ölkənin vətəndaşı sayılır və Azərbaycana yalnız həmin ölkənin vətəndaşları üçün müəyyən edilmiş qaydalar çərçivəsində giriş-çıxış edə bilər”. 

 

Aytəkin Qardaşova 

Tarix: 2 May 2024, 14:51   
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla