AZ

Rusiyanın Ermənistan PLANI: Etirazlar ölkənin digər ərazilərinə sıçraya bilər

“Sərhədyanı Güney kəndində baş verən etirazların Ermənistanın digər ərazilərinə sıçraması mümkündür. Aydın məsələdir ki, etirazların böyüməsini istəyən yeganə qüvvə Rusiyadır. Onlar etiraz aksiyalarını Ermənistanda olan daxili agentləri vasitəsilə qızışdıracaq. Burada məqsəd Paşinyan iqtidarının devrilməsidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Siyasi Menecment İnstitutunun (SMİ) rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib.

SMİ rəhbəri Qazağın Xeyrimli kəndi ilə həmsərhəd olan Güney (ermənilər Kirants adlandırır – red.) kəndində başlayan üsyanlara münasibət bildirib.

A. Qasımlı diqqətə çatdırıb ki, bütün bu məsələlərdə Paşinyanın üstünə getmək bizim də maraqlarımıza sərf etmir:

“Əgər Nikol Paşinyan devrilsə, onun yerinə daha yaxşısı gələsi deyil, əksinə, daha pisi olacaq. Ona görə də biz işlərimizi daha rahat şəkildə həyata keçirməliyik. Doğrudur, kəndlərimizi qaytardıq, delimitasiya-demarkasiya prosesi gedir, lakin bu məsələdə vəziyyətin həssaslığını başa düşüb, daha diqqətli davranmalıyıq.

Bu gün Ermənistanda Paşinyanı satqın kimi göstərib, xalqı ona qarşı qaldırırlar ki, onun yerinə Rusiyameylli kimsə hakimiyyətə gəlsin. Sarkisyan-Köçəryan tipli kimlərinsə gəlməsi isə bizim maraqlarımıza heç bir şəkildə uyğun deyil. Çünki burada Rusiyanın fərqli davranışlarını görə bilərik”.

Onun sözlərinə görə, Ermənistanın ictimai rəyindəki sorğular göstərir ki, Ermənistan cəmiyyəti hazırda böyük apatiyadadır:

“Yəni cəmiyyətin hazırda 70%-ə yaxını heç kimə – nə Paşinyana, nə də kimsəyə inanır. Lakin bununla yanaşı, sorğular göstərir ki, əhalinin 20%-ə yaxını Paşinyanı dəstəkləyir. Qalan 10%-i isə Paşinyanın yanında olan Ararat Mirzoyan, Alen Simonyan və vaxtilə Baş nazir olan Aram Sarkisyan və digərlərinin tərəfindədir. Rusiyayönümlülər arasında ən çox dəstək isə Robert Köçəryanadır ki, bu da cəmi 2% civarındadır.

Sual oluna bilər ki, “xalq 4 kəndlə bağlı qalxıb nə edə bilər?” Məsələnin bu tərəfini də dəyərləndirmək lazımdır. Lakin aydın olan budur ki, Kreml, sözsüz ki, Ermənistan daxilində, yaxud Ermənistanla Azərbaycan arasında bir çaxnaşma istəyir. Beləliklə, Moskvanın arzusu budur ki, Paşinyan devrilsin və Ermənistan yenidən onun forpostuna çevrilsin”.

Qeyd edək ki, Ermənistan polisi Güneydə baş verən etirazlarla əlaqədar olaraq kəndə giriş-çıxışları bağlayıb. Bundan əlavə, media nümayəndələrinin Güneyə daxil olması və hadisələri işıqlandırması qadağan edilib.

Rafi Müslümov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
50
Mənbələr
Şərh ()
Bağla