AZ

Bu qurumlarda da korrupsiya əməliyyatı keçiriləcək -AÇIQLAMA

Bu qurumlarda da korrupsiya əməliyyatı keçiriləcək -AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Sanitariya-Karantin Mərkəzi" publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar. Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Daha əvvəl isə Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa olunub. İstintaq zamanı Vəli Abbasovun qeyd edilən vəzifədə işləyərkən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək Abşeron Rayon İcra Hakimiyyəti və digər dövlət qurumlarının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək imkanında olmasını bildirməklə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsi üçün vətəndaşdan 6 min manat pul vəsaiti almasına əsaslı şübhələr müəyyən edilib.

Görülən tədbirləri nəzərə alaraq müvafiq dövlət qurumlarında vəzifəli şəxslərə qarşı korrupsiya əməliyyatları həyata keçirilir. Bəs hansı dövlət qurumlarının korrupsiya əməllərinə qarşı əməliyyatlar davam etdirilə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab Rzayev deyib ki, bir sıra dövlət qurumlarında antikorrupsiya əməliyyatları genişlənməlidir. Çünki təcrübə göstərir ki, indiyə qədər baş verən bu əməliyyatlardan bir çox sahələrdə dərs çıxarılmayıb:

"Hələ də tamamilə bürokratiyanın hökm sürdüyü, qohumbazlığın tügyan etdiyi qurumlar var. Bir çox hallarda onlar vəzifələrini yerinə yetirə bilmirlər. Bu sahədə müəyyən işlər və islahatlar başlayıb. Amma hüquq-mühafizə orqanlarında yenə də biz süründürməçiliyin və korrupsiyanın, rüşvətxorluğun olduğunu görürük".

Politoloqun sözlərinə görə, ən son Ali Məhkəməyə, apelyasiya yeni təyinatların olması onu deməyə əsas verir ki, bu sahədə hökümət tədbirlər görməyə qərarlıdır. Hökumət hüquq sistemindəki biabırçı vəziyyəti və rüşvətxorluğun qarşısını almaq istəyir:

"Hətta bir sıra hallarda məhkəməyə olan inam heç 50 faizə çatmır. Məhkəməyə olan inam artıq 20-30 faiz dərəcəsindədir. Bu sadəcə olaraq biabırçılıq deməkdir. Eyni zamanda mühafizə sistemi yenidən yığılmalıdır. Qərb modelində və rüşvətxorluğun olmadığı bir sistem yaradılmalıdır. Eyni zamanda sosial sahələrdə aid olan qurumlarda bu cür əməliyyatların keçiriləcəyini düşünürəm".

Qeyd edək ki, hər iki korrupsiya əməliyyatlarında qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb. İş üzrə bütün qanunazidd hallar tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla