AZ

Rusiya telekanalı Bakı Forumu haqqında reportaj hazırlayıb

Rusiya

Moskva, 2 may, AZƏRTAC

Rusiyanın “Rossiya 24” dövlət telekanalı Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda bu mötəbər beynəlxalq tədbirin əsas mövzusunun sülh naminə dialoq və qlobal təhlükəsizlik olduğu qeyd edilir. Tamaşaçıların diqqətinə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyevin açılış nitqi söylədiyi Bakı Forumunda yüzdən çox ölkənin, o cümlədən Rusiyanın nümayəndələri iştirak edirlər.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy telekanala müsahibəsində bildirib ki, bu tədbirdə çoxqütblü dünya konsepsiyasının inkişafı fonunda mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur.

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova isə rusiyalı artistlərin Azərbaycana qastrol proqramından bəhs edib. Onun sözlərinə görə, Aleksandrinski Teatrı, M.E.Pyatnitski adına Dövlət Akademik Rus Xalq Xoru Bakıda qastrol səfərlərində olacaq, həmçinin kino sahəsində ustad dərslərinin keçirilməsi, əməkdaşlıq məsələləri müzakirə edilir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu telekanala müsahibəsində bildirib ki, Azərbaycan ilə Rusiya arasında bütün istiqamətlərdə, o cümlədən mədəni, diplomatik, iqtisadi sahələrdə münasibətlərin yüksək səviyyəsi mövcuddur.

Telekanalın çəkiliş qrupu, həmçinin Kitab Evində, Azərbaycan Milli İncəsənət Muzeyində olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla