AZ

“6-cı sinfə qədər oğlumla qızım bilmirdilər ki, ataları itkin düşüb, Əliyar cəhbəyə gedəndə dedi ki...” - nəşi tapılan şəhidin xanımı - ÖZƏL + FOTO

Neftçala şəhərində anadan olan və 1-ci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərdə itkin düşən, şəhid leytenant Əliyar Ələkbərovun nəşinin qalıqları 30 ildən sonra Gəncə şəhərində aşkarlanıb.
 
Şəhidimizin həyat yoldaşı Dilarə Ələkbərova bu haqda Moderator.az-a danışıb.
 
“Əliyar 1993-cü ilin oktyabr ayında könüllü olaraq döyüşlərə gedib. Sonuncu dəfə evə dekabrın 26-da oğlunun ad günündə gəlib. 1994-cü ilin fevral ayının 15-də bizə xəbər gəldi ki, Əliyar Kəlbəcər istiqamətində, Murovdağda itkin düşüb. O rabitə tağımının komandiri olub. Əliyarı döyüşlərə yola saldığım gün indiyə kimi yadımdadır. Gözlərimin önündən getmir. Həmin günü çox ağladım. Dedim ki, bizi kimə tapşırıb gedirsən? Dedi ki, “dayım sizə baxacaq”. Atama dayı deyirdi. Biz onunla qohumuq, bibinəvəsi, dayınəvəsiyik. Dedim ki, niyə belə deyirsən?! Qızım qucağında idi, uşağı verdi mənə. Sonra oğlunu qucağına götürüb həyətə çıxdı. Həyətdə 1-2 addım gedəndən sonra oğlanı da gətirib mənə verdi. Üzünü çevirib çıxıb getdi. Övladlarım 5-ci, 6-cı sinifdə oxuyana qədər onlara bu haqda heç bir məlumat verməmişik. Həmişə fikirləşiblər ki, atamız hardasa cəbhədədir, düşmənlə vuruşur. Bir dəfə bizi Beynəlxalq Qızıl Xaç komitəsindən dəvət etmişdilər. Qapı arxasından uşaqlar eşitmişdilər ki, ataları itkin düşüb. Sonra mənə dedilər ki, biz hər şeyi bilirik. Böyüyəndən sonra da iki övladımla oturub danışırdıq”, - deyə şəhid xanımı bildirib.
 
Dilarə xanım deyir ki, bu illər ərzində axtarmadıqları yer qalmayıb:
 
“Bu illər ərzində əlimiz çatan yerlərə müraciət etdik. İtkin düşəndən sonra rəhmətlik qardaşı, mənim atam Gəncəyə, Hacıkəndə qədər gedib axtardılar. Gəncədə olan hospitalları da gəzmişdilər, sorağ salmışdılar, amma tapa bilməmişdilər. Söhbət 1994-cü ildən gedir. Bildiyimə görə bir neçə məzarlıq var ki, həmin vaxt ailələrinə çatdırılmayıblar, elə orada dəfn olunublar. Hələ bir neçə il bundan öncə mən İmişlidə belə bir məzarlığın olduğunu bildim. Oranın axundu ilə əlaqə saxladım. Əliyarın 1994-cü ilin fevralında itkin düşdüyünü dedim. Dedi ki, dəfn olunanlar 1993-cü ilin yanvar ayının şəhidlərdir. Xahiş etdim ki, dəfn olunarkən çəkilən şəkilləri mənə göndərin. Şəkilləri mənə göndərdi. Həlak olanların üzləri görünürdü. Mən onların fotosuna baxdım. Əliyarı onların içində tapmadım. Bildiyimə görə Tərtərdə də, Füzulidə də belə məzarlıqlar. Amma indi hamısı DNK üçün açılıb. Ağlıma gəlməzdi ki, 30 ildir onu Gəncədə naməlum şəhid adı altında dəfn ediblər.. Biz dəfələrlə Gəncədə olmuşuq, İmamzadəyə getmişik.. Bizim xəbərimiz olmadan o da orada uyuyurmuş.. Mənə ən çox təsir edən bu oldu.. Çox sevindim ki, məzarı olub, rahat, sakit yatıb.. Düşmənə əsir olmayıb.. Bilirsiniz ki, düşmənlər igidlərimizi necə zülmlə, işgəncə ilə öldürüblər. Həmişə Allaha yalvarırdıq ki, Əliyar düşmənə əsir düşməsin. Bir tərəfdən də 30 il bundan əvvəlki günlərimizi yenidən yaşadıq. Övladları da, mən də. 2015-ci ildə DNK analizi qaynımdan, rəhmətlik anasından, övladlarından və məndən götürüldü. Qalıqlarını hələ ki, bilmirik bizə nə vaxt təhvil verəcəklər. Bu bir az vaxt ala bilər. Hələ ki, əllərində 16 nəfər var, onları təhvil verməlidirlər. Nəşini Bakıda dəfn etmək istəyirik. Əslimiz, kökümüz Neftaçaldan olsa da, burada yaşamışıq. Əliyar da cəhbəyə Bakıdan yola düşüb”.
Seçilən
39
2
Mənbələr
Şərh ()
Bağla