AZ

Uşaqlar arasında şəkər xəstəliyi niyə geniş yayılıb? – Həkimdən AÇIQLAMA 

Son zamanlar şəkərli diabet xəstəliyi yalnız böyüklər arasında deyil, uşaqlar arasında da geniş yayılıb.

 

Bəs bu xəstəliyin uşaqlar arsında yayılmasının əsas səbəbləri nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim pediatr Gülnar Qasımova bildirib ki, uşaqlar arasında şəkər xəstəliyi keçmiş zamanlardan mövcuddur.

 

“Günümüzdə bu xəstəliyin artmasının əsas səbəbi isə çox işlənmiş qidalardan istifadə və hərəkətsizlikdir. Uşaqlarda qida rejiminin pozulması, son zamanlar un məmulatlarından hazırlanan qidalardan tez-tez istifadə olunması, onların şirniyyat məhsullarına meylli olmaları şəkərli diabet xəstələrinin sayının artmasına səbəb olub. Bədən çəkisinin normadan artıq olması, piylənmənin baş verməsi bu xəstəliyin yaranması üçün əsas faktorlardan biridir”.

 

Gülnar Qasımovanın sözlərinə görə, uşaqlarda şəkərli diabet xəstəliyinə, əsasən, yetkinlik dövründə, orqanizmin hormonlara tələbatının artdığı bir zamanda daha çox rast gəlinir:

 

“Son illərdə hətta südəmər uşaqlarda da şəkərli diabet xəstəliyinə rast gəlmək mümkündür. Ona görə diabet cavanlaşıb deyirlər. Biz bu gün praktikada bir yaşında, hətta iki, üç aylıq uşaqlarda şəkərli diabet aşkar edirik. Uşaqlıq zamanı keçirilən bir sıra xəstəliklər - rotavirus, qızılca və məxməri də şəkərin yaranmasına səbəb ola bilər”.

 

Həkim qeyd edib ki, şəkərli diabetin ən birinci əlaməti çox su içməkdir.

 

"Uşaqların gündəlik su norması 1 litr hesab olunur. Digər bir əlamət isə çox sidiyə getmə ehtiyacıdır. Bu hal müşahidə edildiyi zaman şəkərli diabetdən şübhələnmək lazımdır. Əgər uşaq çox çəki itirirsə, bu da normal hal deyil. 3 yaş altında olan uşaqlara şəkərli qidaların verilməsi tövsiyə edilmir. 3 yaşdan yuxarı uşaqlarda isə az miqdarda şəkərdən istifadə olunmalıdır. Adətən ailəsində, qohumlarında şəkər xəstəliyi olan uşaqlarda şəkərli diabetə meyllilik daha çox ola bilər. Uşaqlarda stress faktoru ilə əlaqədar olaraq qanda şəkərin miqdarı arta bilər. Son zamanlar qanda şəkərin miqdarı çox olan insanların da sayı artıb. Amma hər belə insana şəkərli diabet xəstəsi demək olmaz. Qanda şəkərin miqdarının yüksək olması hələ şəkərli diabet demək deyil”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
23
Mənbələr
Şərh ()
Bağla