AZ

Eldar Mahmudovun “AG bankı”nın ləğvində görünməmiş BİABIRÇILIQ

Bakı Apelyasiya Məhkəməsi bu ilin mart ayında ləğv prosesində olan “AG Bank”ın ötən ilin III rübü üçün ləğv planını təsdiq edib. Yəni 2024-cü ilin I rübündə 2023-cü ilin III rübünün planını! Təəccüblü olsa da, bu baş verib!

Ləğv prosesində olan bankın Kreditorlar Komitəsinin sədri, tanınmış vəkil Əkrəm Həsənov Bakı Apelyasiya Məhkəməsində hakim Mirzə Tağızadənin qanunsuz qərarından Ali Məhkəməyə şikayət edib.

“Qərardaddan çoxsaylı pozuntular səbəbindən Kreditorlar Komitəsinin sədri olaraq Ali Məhkəməyə şikayət etmişəm. Şikayətim Ali Məhkəmədə baxılarkən Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadə Ali Məhkəməyə müraciət edib ki, işi geri qaytarın, çünki Əmanətlərin Sığortalanması Fondu bu ilin I rübü üzrə ləğv planı layihəsini təqdim edib, ona baxmalıyıq. Məsələnin hüquqi tərəfini qoyuram kənara. Halbuki, o da vacibdir: necə yəni, növbəti rüblərin planlarını təsdiq edəcəksiz deyə mənim ötən rüblər üzrə çıxarılan qərardadlara dair şikayətlərimə baxılmamalıdır? Lakin gülməli və ağlamalı odur ki, əvvəla, ötən ilin IV rübü üzrə plan ümumiyyətlə yaddan çıxıb. Ötən ilin III rübü üzrə plandan sonra dərhal bu ilin I rübünə keçiblər. Əslində, bu da absurddur: ötən dövr üzrə plan necə təsdiq edilə bilər axı? Artıq bu ilin III rübü üçün plan layihəsi təsdiqə verilməlidir. Ümid edirəm ki, Ali Məhkəmə nəinki işi geri qaytarmayacaq, hakim barədə xüsusi qərardad da çıxaracaq...” – deyə Əkrəm Həsənov Musavat.com-a bildirib.

Yada salaq ki, Mərkəzi Bank 2020-ci ilin yayında “AGBank”ın ləğvi haqda qərarını açıqlayıb. Qərarda qeyd olunurdu ki, “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyini təsdiq edib və daha da pisləşdiyi məlum olub. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51 faizi qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil edib. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bankın əsas səhmdarı və İdarə Heyətinin sədri Çingiz Əsədullayev yaxasını kənara çəkməklə, 1992-ci ildən fəaliyyətdə olan bankın ləğvinə seyrçi mövqe tutdu. Çünki Çingiz Əsədullayevin itirəcəyi bir şey yox idi, bank “xortumlanmış” və əsas aktivlər xaricə qaçırılmışdı! Çingiz Əsədullayevin bankı uzun illər Eldar Mahmudovun “çətiri” altında idi. Eldar Mahmudov milli təhlükəsizlik naziri olduğu dönəmdə Çingiz Əsədullayev bankı qanunsuzluq yuvasına çevirmişdi. Bank işini nüfuzdan salan, əhalinin banklara inamını azaldan, girovların satılaraq bankın əsas və faizlərinin çıxılmasından sonra yerdə qalan hissəsinin sahiblərinə qaytarılmaması, “çirkli pulyuma” əməliyyatları adi hallar idi.

Məsələn, Eldar Mahmudovun köməkçisi və əmisi oğlu Vüqar Mahmudovun cinayət işi ilə bağlı yayılan məlumatlarda "AG bank”, onun əsas səhmdarı Çingiz Əsədullayevin adı qırmızı xətlə keçirdi. Bununla mətbuatda yazdıqlarımızı xatırladırıq: “Vüqar Mahmudov Eldar Mahmudovun “sağ əli” hesab edilirdi. Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub. İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “AG bank”a daşınıb. “AG bank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri vardı, Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətmirdi. Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “AG bank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara Vüqar Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Çingiz Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını – qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb”.

Nə qədər ki, Mahmudov vəzifədə idi, Çingiz Əsədullayev də cibində deputat mandatı bankı öz cibi kimi idarə edirdi. Mahmudov vəzifədən çıxarılandan sonra isə Çingiz Əsədullayev də çökdü. Amma cəzasız qaldı.

Yada salaq ki, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra 20-dən çox “mahmudovçu” istintaqa cəlb edildi. Lakin Mahmudovun adına bağlı olan bir çox cinayətlər də araşdılmamış qalmışdı. Cəmiyyətdə belə fikir formalaşmışdı ki, “MTN işi” bu şəkildə gündəmdən çıxarılacaq. Amma 2021-ci ilin aprelində Mahmudovun ən yaxın ətrafına daxil olan 2 generalın – İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevlə Əks Kəşfiyyat rəisi Nizami Şirinovun həbsi “MTN işi”nin yeni müstəviyə çıxması anlamına gəldi. Mümkündür ki, günlərin birində illərlə Eldar Mahmudovun bank işlərini görən, ölkədən 6 milyarda yaxın vəsaiti özünün “AGBank”ı üzərindən ofşorlara çıxaran Çingiz Əsədullayev də istintaqçıların əlinə keçsin.

E.Məmmədəliyev,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
Mənbələr
Şərh ()
Bağla