AZ

Məhsul gecikir, əşya zədələnir, daşınma haqqı bahadır: Karqo şikayətləri artır

Son zamanlar vətəndaşlarımız xaricdən onlayn sifariş etməyə daha çox üstünlük verirlər. Elə buna görə ölkədə fəaliyyət göstərən karqo şirkətlərin sayında da artım müşahidə olunur.

Bakıvaxtı.az-ın məlumatına görə, lakin bu sahədə müəyyən boşluqların yaratdığı problemlər də az deyil. Bu problemlərə məhsulun gecikməsi, əşyanın zədəli çatdırılması, daşınma haqqının baha olması, bağlamanın sistemə gec vurulması, sifariş etdikləri məhsuldan başqa məhsul gəldiyi halda şirkətin kömək etməməsi və s. kimi hallar daxildir.

Qeyd edək ki, Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət” sistemini istifadəyə verib.İKTA-dan verilən məlumata görə, sistemin imkanları genişləndirilir.

Bildirilir ki, artıq vətəndaşlar adıçəkilən sistem üzərindən xidmətindən narazı qaldıqları poçt (karqo) rabitəsi operatorlarından tənzimləyici quruma şikayət edə biləcəklər. Bunun üçün istifadəçilər link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaş üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət və ya şikayəti tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edilir.

Ümumiyyətlə, "E-Şikayət" sistemi karqo şikayətlərinin qarşısını ala biləcəkmi?

Eyyub Hüseynov: Karqo şikayətlərinin azalması üçün daha əlçatan üsullar tapılmalıdır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, "E-Şiakyət" portalında karqo şikayətlərinə yer ayrılması təqdirəlayiqdir. Sadəcə olaraq müştərilər portal üzərindən şikayətlərini daxil edə bilmirlər.

Onun sözlərinə görə, karqo şikayətlərinin azalması üçün daha əlçatan üsullar tapılmalıdır:

"Bu gün karqolarla bağlı şikayətlər kifayət qədər çoxdur. Bu şikayətlər arasında məhsulun çatdırılmaması, istehlakçı hüquqlarının pozulması, istehlakçının aldadılması və s. kimi hallar daha çox üstünlük təşkil edir. Azad İstehlakçılar Birliyi olaraq, bu halla mübarizə aparırıq və çalışırıq ki, karqo şirkətlərin işi şəffaflaşdırılsın".

AİB sədri qeyd edib ki, dövlət orqanlarının karqo şirkətlərindəki istehlakçı hüquqlarının pozulmasına çox biganə yanaşması təəssüf doğurur. Bu kontekstdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətində də dəyişiklik edilməlidir. Qurumun ümumi fəaliyyəti yaxşı olsa da, karqo şikayətlərinə qarşı ciddi mübarizə aparılmır.

Xalid Kərimli: "E-Şikayət" də karqo şikayətlərinin qarşısını ala bilməyəcək

İqtisadçı Xalid Kərimli isə Bakıvaxtı.az-a açıqlamasında "E-Şikayət" sisteminin karqo şikayətlərinin qarşısını ala bilməyəcəyini bildirib.

O hesab edir ki, sadəcə olaraq şikayətin elektron şəkildə qeydə alınması karqo şirkətlərinin məsuliyyətini artıra bilər. Müəyyən statistika üzrə reputasiyanın olması şirkətlərin öz işlərini daha yaxşı görməsinə vadar edə bilər:

"Bir çox hallarda gecikmələrin səbəbi təkcə karqo şirkəti ilə bağlı olmur. Bəzi hallarda "Smart Customs" proqramında məhsulu bəyan etməyən müştərilər məhsulun gecikməsinə narazılıq edirlər. Və ya xarici partnyorlarda gecikmələr yaşanır. Yəni prosesin müxtəlif fazalarında fərqli oyunçular var. Oyunçulardan hansısa birinin ucbatından gecikmə halı yaşana bilər. Bu baxımdan "E-Şikayət" portalı xüsusi intizam tədbirlərinə imkan yaratmağa qadir olmayacaq. Sadəcə olaraq yeni qərar inzibatçılığın yaxşılaşdırılmasına, məsuliyyətin artmasına, karqo şirkətlərindən asılı olan məsələlərin daha yaxşı icra olunmasına yol açacaq".

Elektron şəkildə qeydə alınan şikayətlərə görə karqo şirkətlərinə xəbərdarlıq göndəriləcəyini vurğulayn iqtisadçı vurğulayıb ki, karqo şirkətlərin inzibati cərimələnməsi gözlənilmir.

"Şirkətin məsuliyyətə cəlb olunub-olunmaması ilə bağlı yalnız şikayətin araşdırılmasından sonra məhkəmə qərar verə bilər. Karqo sistemi azad bazar hesab olunur. Karqo şirkətlərinin üzərində nəzarət gücləndirilərsə, xidmət haqqında bahalaşma baş verə bilər". - deyə iqtisadçı qeyd edib.

Gülşən Şərif

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla