AZ

ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib - 200-dən artıq yeni subyekt əlavə edilib

Mayın 1-də Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək daha bir qrup şəxsi və təşkilatı “qara siyahıya” əlavə edib. Yeni siyahıya Rusiyanın ən böyük aviaşirkətlərindən biri olan “Pobeda”, həmçinin hərbi-sənaye kompleksinin fəaliyyəti ilə bağlı şirkətlər və şəxslər daxildir.

“AzPolitika” xəbər verir ki, siyahı ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Birləşmiş Ştatlar həmçinin Çin, Slovakiya, Türkiyə, Belçika, BƏƏ və Qırğızıstandan olan bir sıra şirkətlərə qarşı sanksiyalar tətbiq edib. ABŞ hakimiyyəti onların Rusiyaya qarşı sanksiyalar rejimini pozduğunu iddia edir.

Xəzinədarlıq Departamentinin press-relizində sanksiyalardan yayınmaq üçün müəyyən təchizat zəncirlərinin bir hissəsi olan şirkətlərin siyahısı verilib.

Siyahıya həmçinin Brüsseldə yaşayan Viktor Labin və onun ailə üzvləri də daxildir. Labinin Rusiya hərbi kəşfiyyatının əməkdaşı olduğu iddia edilir. Onun Brüsseldə Avropa Komissiyası və NATO-nun ofislərindən bir neçə kilometr aralıda məskunlaşdığı və Rusiyanı müdafiə sənayesi istehsalında əvəzolunmaz olan koordinat ölçmə maşınları ilə təchiz etdiyi qeyd olunur.

Sanksiya tətbiq edilən şirkətlər arasında Bolxov Yarımkeçirici Cihazlar Zavodu, Fryazino Elektrik Tranzistorları Zavodu, Zelenoqrad Proton Zavodu, Rusiya Müdafiə Nazirliyinin 48-ci Elmi-Tədqiqat İnstitutu, Bryansk Avtomobil Zavodu, Tomsk Elektrotexnika Zavodu və başqa xeyli sayda müəssisə var. Sanksiya siyahısına “Neftqazstroy” və “VNİPİqazdobça” yanacaq-energetika kompleksinin müəssisələri də daxildir. Siyahıya həmçinin 16 gəmi də daxil edilib.

Sanksiyaların digər bloku Rusiyadan pambıq sellüloza və nitroselüloz idxalçılarına, eləcə də bu malların Çindən tədarükçülərinə qarşı yönəlib. Ümumilikdə, mindən çox şəxsin və təşkilatın daxil olduğu sanksiya siyahısına 200-dən artıq yeni subyekt əlavə edilib.

ABŞ Maliyyə Nazirliyinin press-relizində deyildiyi kimi, yeni sanksiyaların məqsədi Rusiyanın öz döyüş maşınını saxlamaq qabiliyyətini daha da sarsıtmaq, Kremlin gəlirlərini və Ukraynaya qarşı qeyri-qanuni müharibəsini davam etdirmək üçün lazım olan avadanlıqlara çıxışını məhdudlaşdırmaqdır. Bildirilir ki, sanksiyalar hərbi sənaye kompleksinin, o cümlədən kimyəvi və bioloji silahların hazırlanması ilə bağlı müəssisələrə qarşı tətbiq edilir. Press-relizdə Çin şirkətlərinin mümkün sanksiyalardan yayınmada rolu ilə bağlı narahatlıqlar xüsusi qeyd olunur.

Siyahıya həmçinin “Rau Pharm”, “Inteller” və “Bio Pharm Trade” şirkətləri, eləcə də onların menecerləri daxildir. Onların Müdafiə Nazirliyinin 27-ci elmi mərkəzinin avadanlıq və material təchizatı ilə bağlı olduğu iddia edilir. Bu, Rusiyanın aparıcı elmi hərbi-kimyəvi və hərbi-bioloji mərkəzidir. Ona qarşı sanksiyalar daha əvvəl - rus agentləri tərəfindən "Noviçok" qrupunun zəhərli maddələrindən istifadə edilməsi ilə əlaqədar olaraq tətbiq edilmişdir. Dövlət Departamenti ayrıca qərarında Rusiya hərbçilərinin Ukraynadakı müharibədə xloropikrin kimyəvi silahından istifadə etdiyi iddiası ilə əlaqədar sanksiyalar tətbiq edib.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
173
20
Mənbələr
Şərh ()
Bağla