AZ

Azərbaycan çoxmədəniyyətliliyə və mürəkkəb etnik müxtəlifliyə özünün ən mühüm sərvəti kimi yanaşırŞƏRH

Azərbaycan

Bakı, 2 may, AZƏRTAC

Səlib yürüşlərinin, dini toqquşmaların, təriqət savaşlarının az qala sərhədlərimizə qədər çatdığı bir vaxtda Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi hazırkı həssas geosiyasi dönəmdə bəşər sivilizasiyasına ən real töhfə, dünyaya isə verilə biləcək ən zəruri mesajdır.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

“2008-ci ildə Prezident İlham Əliyevin müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun və əməkdaşlığın gücləndirilməsi məqsədilə irəli sürdüyü təşəbbüsü – “Bakı Prosesi” formatında reallaşan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda Forumda 100-dən çox ölkənin təmsil olunması isə göstərir ki, Azərbaycan Prezidenti bu istiqamətdə hədəfinə faktiki olaraq çataraq cari platformaya qlobal miqyas qazandıra bilib. Xüsusən COVID və post-COVID periodu ilə əlaqədar 5 illik aradan sonra dünya birliyinin 60 faizinin yenidən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ümid kimi baxması, habelə platformanın gündəliyinin əvvəlki illərə münasibətdə xeyli genişlənərək iqlim dəyişikliyi və süni zəka kimi əlavə amilləri də əhatələməsi, sözün əsl mənasında, siyasi qələbədir. Əslində bu situasiya bizi təəccübləndirmədi, çünki bizə də, bu platformaya maraq göstərənlərə də bəlli idi ki, Prezident İlham Əliyevin özünün də ifadə etdiyi kimi, “gündəlikdə olan məsələlərin müzakirəsi və həllində Azərbaycanın öz təcrübəsi var”. Digər tərəfdən, təkzibolunmaz bir fakt da var ki, proseslər Azərbaycan Prezidentinin personası ətrafında cərəyan edir və bu platformaya kütləvi maraq, eyni zamanda, dövlətimizin başçısının şəxsiyyətinə olan inamın göstəricisidir. Daha dəqiq desək, dünya məhz Azərbaycan Prezidentinin özünün də tədbirdə ifadə etdiyi kimi, “ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirməklə - mədəniyyətlərarası dialoq daha təhlükəsiz bir ekosistem yaratmağın mümkünlüyünə inanır”. Bu inamın təməlində isə Azərbaycan təcrübəsi dayanır”, - deyə deputat bildirib.

O qeyd edib ki, ilk növbədə, Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsi, mövcud siyasi kursun isə bu coğrafi mövqeyi əlahiddə üstünlüyə çevirməsi Bakıya bir neçə addım öndən başlamaq imkanı verir. İkincisi, bu gün insan haqları və demokratiyadan danışan bir çox Qərb ölkələri, o cümlədən özünü “mədəniyyətin beşiyi” adlandıran Fransa etnik müxtəlifliyə açıq təhdid kimi baxır və məcburi assimilyasiya tədbirlərini aşkar formada həyata keçirməkdən çəkinmir. Məsələn dənizaşırı ərazilərdə həyata keçirilən cinayətlər, habelə Korsikada milli dilin qadağan olunması kimi çoxsaylı nümunələr mövcuddur. Azərbaycan isə tam əksinə, çoxmədəniyyətli, çoxkonfessiyalı və mürəkkəb etnik müxtəlifliyə malik olmağa dövlətimiz və cəmiyyətimiz üçün təhdid və ya problem kimi yox, özünün ən mühüm sərvəti kimi yanaşır. Tolerantlıq, qarşılıqlı hörmət, dostluq və tərəfdaşlıq kimi dəyərlər milli ideologiyanın tərkib hissəsi kimi qətiyyətlə bütün səviyyələrdə qorunur. Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Bu isə Azərbaycanın Mədəniyyətlərarası Dialoqa ev sahibliyi etməsinə həm mənəvi, həm də hüquqi cəhətdən haqq qazandırır.

“Sirr deyil ki, hazırkı - müxtəlifliklərin təhdidə çevrildiyi və bir çox cinayətlərin, o cümlədən məkrli siyasi addımların çoxunun dinlə əlaqələndirilməsi ilə müşahidə olunan çox mürəkkəb bir şəraitdə Prezident İlham Əliyev tolerantlıq və qarşılıqlı hörməti rəhbərlik etdiyi ölkənin uğurlarını şərtləndirən amillərdən birinə çevirə bilib. Bu, əslində qlobal zəmində ən çox ehtiyac duyulan bir situasiyadır. Çünki ötən dövr ərzində qlobal miqyasda proseslər nəinki müsbət məcrada inkişaf etməmiş, əksinə yeni münaqişə ocaqları və qeyri-sabitlik məkanları yaranmış, tamamilə fərqli xarakterli təhdidlər meydana çıxmışdır. Lakin Azərbaycan getdikcə ağırlaşan bu proseslərdən qalib çıxan yeganə beynəlxalq subyektdir. Məlumdur ki, ötən periodda Azərbaycan, ilk növbədə, özünün ərazilərini işğaldan qurtarmaqla və Cənubi Qafqazda ən uzunmüddətli və təhlükəli sayılan təcavüzə son qoymaqla beynəlxalq hüququn aliliyini təmin edərək yeni reallıq yarada bilib. Habelə COVID-19 pandemiyası zamanı qlobal səylər məhz Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın səyləri ilə birləşdirilib, Azərbaycan liderinin qətiyyəti ilə peyvənd milliyyətçiliyinə qarşı mübarizə aparılıb, BMT Baş Assambleyasında bununla bağlı xüsusi qətnamə qəbuluna nail olunub. Həmçinin dünyanın ikinci nüfuzlu təsisatına rəhbərliyi dövründə Bakı qlobal miqyasda imperializm və müstəmləkəçilik siyasətinə qarşı sərt mövqe tutaraq, o zamana qədər göz yumulan cinayətlərə, o cümlədən fransız neokolonializminə ciddi zərbə vurdu. Bu, eyni zamanda, mövcud qlobal institutların da ikili standartların, xüsusən Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etmək istəyən Avropa təsisatlarının ifşası idi”, - B.Məhərrəmov vurğulayıb.

Onun sözlərinə görə, ötən dövrdə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi, təsisatın özünün fəaliyyətində dönüş yaratmaqla dünya nizamında yeni bir period başlatdı: “Qoşulmama Hərəkatını ətalətdən qurtarıb işlək mexanizmə çevirməklə, Hərəkatın təsisatlanması seqmentini gücləndirməklə, təsisat daxilində şəbəkə yaradılması, qadınların və gənclərin təşkilatlarının təsis edilməsi tarixi gedişlər olmaqla bərabər, həm də əslində çoxtərəfliliyin təntənəsi hesab olunmalıdır.

Məhz bu fəaliyyətin nəticəsidir ki, Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edən ölkə olaraq seçildi. Bu, real nəticələrə əsaslanan həqiqi dünya ictimaiyyətinin Azərbaycana və ələlxüsus şəxsən Prezident İlham Əliyevə böyük inam və ehtiramının göstəricisidir. Bu nüfuzlu prosesə rəhbərlik edəcək ölkə kimi Azərbaycanın isə hədəfləri aydındır. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, “Biz indi öz rolumuzu körpülərin salınmasında görürük". Tədbirin auditoriyası isə deməyə əsas verir ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları qarşıya qoyulan məqsədlərlə bağlı öz töhfəsini verəcək və qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılması üçün ciddi addımlar atılacaq”.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla