AZ

“Qəzzada ölən və yaralananların sayı anklav əhalisinin 5%-nə çatıb – BMT


Ötən il oktyabrın 7-dən Qəzza zolağında ölən və yaralananların sayı anklav əhalisinin 5%-nə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının “Qəzza müharibəsi: Fələstin dövləti üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı hesabatında məlumat verilib.
“2024-cü il aprelin 12-nə olan məlumata görə, Qəzzada ən azı 33 min 634 fələstinli ölüb, əksəriyyəti ağır olmaqla daha 76 min 214 fələstinli yaralanıb. İtkin düşən fələstinlilərin sayı isə 7 minə çatıb. Ölənlərin əksəriyyəti - təxminən 70 %-i qadın və uşaqlardır. Bu rəqəmlərə görə, 7 oktyabr 2023-cü ildən bəri Qəzza əhalisinin təxminən 5%-i öldürülüb və ya yaralanıb. XXI əsrdə heç bir silahlı münaqişə bu qədər qısa müddət ərzində əhaliyə bu qədər dağıdıcı təsir göstərməyib”, - sənəddə qeyd edilib.
Sənədin müəlliflərinə görə, 1,7 milyondan çox fələstinli, yəni anklav əhalisinin 75%-dən çoxu sektor daxilində köçkün olmağa məcbur olub. Hətta onların əksəriyyəti bu zərurətlə bir neçə dəfə üzləşib. Ailələr hələ də təhlükəsizlik axtarışında Qəzza zolağının hər yerində daim hərəkət etmək məcburiyyətindədirlər.
“Məcburi köçkünlərin əksəriyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) sığınacaqlarında və ya UNRWA sığınacaqlarının yaxınlığında sığınacaq tapıblar. Hazırda Rəfahda ən azı 1,2 milyon məcburi köçkün var”, - hesabatda bildirilib.
Bundan əlavə, sənədə görə, insan itkilərinin çoxluğu və tibb müəssisələrinin azlığı ilə əlaqədar müharibə gözlənilən ömür uzunluğuna da ciddi təsir göstərib.
“2014-cü ilin müharibə rəqəmlərinə əsasən, altı aylıq müharibədən sonra işğal olunmuş Fələstin ərazilərində gözlənilən ömür uzunluğunun 4 il azaldığı təxmin edilir. Hər əlavə müharibə ayı orta ömrün müddətini bir il azalda bilər. Müharibə doqquzuncu aya qədər davam etsə, Fələstin torpaqlarında gözlənilən ömür uzunluğu 7 ilə qədər azala bilər”, - dünya təşkilatının ekspertləri bildirib.
Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla