AZ

ABŞ-nin 6 nüfuzlu universitetinə qəbul olan gənc: “Təcrübə toplayıb vətənə qayıdacam”  

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Nihad Əhmədli 4-ü tam təqaüdlü olmaqla, ümumilikdə ABŞ-nin 6 universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub.

 

Həmçinin Nihad təhsilini Hyuston Universitetində davam etdirəcək, burada tədqiqat köməkçisi olaraq çalışacaq.

 

Bu münasibət ilə AzEdu.az Təhsil Portalı olaraq Nihad Əhmədli ilə əlaqə saxladıq.

 

O, təəssüratlarını və gələcək hədəflərini bizimlə bölüşüb.

 

Nihad Bakı Ali Neft Məktəbinə qəbul olmamışdan əvvəl doktorantura təhsili almaq kimi tam olaraq konkret bir hədəfinin olmadığını qeyd etdi...

 

- Ali məktəbə qəbul olduqdan sonra bununla bağlı düşüncəm dəyişdi. Eləcə də ABŞ kimi bir ölkədə doktorantura təhsilini mühənsdislik və ya tibb sahəsi üzrə davam etdirmək istəyənlərə və orada tədqiqat işi aparanlara təhsil tam olaraq pulsuzdur. Hətta bəzi universitetlər təhsil haqqını da özləri qarşılayırlar. Bunu görəndən sonra artıq orada təhsilimi davam etdirmək barədə fikirləşməyə başladım. BANM-də təhsil aldığım müddətdə konfranslarda iştirak etməklə tədqiqat işləri aparırdım. Qərara aldım ki, doktorantura təhsili almağım mənim üçün yararlı olacaq.

 

- Görünür ki, müraciət etdiyiniz universitetlərin böyük bir qismi məhz Amerikadadır. Sizcə, bu ölkənin sırf doktorantura təhsili üçün hansı üstünlükləri var?

 

- Burda ən əsas səbəb odur ki, doğurdan da ABŞ-də elmi-tədqiqat işlərinə ayrılan maliyyə miqdarı daha çoxdur. Çünki onların hər universitetində xüsusilədə böyük publik ali məktəblərdə tədqiqat işləri çox yüksək səviyyədə aparılır. Həqiqətən də doktorantura təhsili almaq üçün ən yaxşı ölkə hazırda dünya üzərində deyərdim ki, Amerika Birləşmiş Ştatlarıdır.

 

Burada hər bir təhsil pilləsinin özünəməxsus üstünlükləri var. Doktorantura təhsilindən danışsaq, burada sizə həm akademik azadlıq verilir. Yəni kimya mühəndisliyi ixtisasına qəbul olsam da enerji və neft-qaz sektorunu seçmək kimi bir azadlığımız var.  Tədqiqat işinin tamamlanmasında həm universitetin, həm də dövlətin böyük dəstəyi olur. Bunun üçün müəyyən bir məbləğ maliyyə vəsaiti ayrılır.  Bakalavrdan fərqli olaraq doktoranturada günün böyük hissəsi eyni bir məqsəd uğruna, yəni elmi-tədqiqat uğruna sərf edilir. Burada əsasən dərslərdən daha çox təcrübələrə yer verilir.

 

- Təxmini neçə universitetə müraciət etmişdiniz?

 

- 12 ali məktəbə müraciət etmişdim. 4 universitetə tam təqaüdlü olaraq Hyuston Universiteti, Luiziana Universiteti, Kansas Universiteti və Tulsa Universitetə qəbul oldum. Ümumilikdə 6 universitetə qəbul olmuşam amma, 3 unuversitetdən hələdə cavab gözləyirəm.

 

Hazırda tam təqaüdlü olaraq qəbul olduğum universitetlərdən biri olan Hyuston Universitetində təhsilimi davam etdirmək istəyirəm. Buna əsas səbəbi həmin universitetin tədqqiat sahəsinə olduqca böyük maliyyə ayırmasıdır. Həmçinin, orada yüksək səviyyəli professorlar da var. Elə Kimya mühəndisliyi ixtisası üzrədə təhsilimi davam etdirəcəm.

 

 

- Nihad bəy, universitetlərə müraciət etdiyiniz dövürdən danışa bilərsinizmi? Bu proses necə keçdi?

 

- Bu ümumiyyətlə uzun bir proses idi. Sentyabrdan etibarən hazırlaşmağa başladım. İELTS və digər imtahanlarımı verdim. Bir növ həmin universitetə qəbul olmaq üçün portfolio yığmış olursan. Çünki Amerikada sistem biraz fərqli olduğu üçün  həmin portfolioda tələbənin 1-ci kursdan 4-cü kursa qədər atdığı hər addım vurğulanmaldır. Yəni tələbənin bir növ aktivlik fəaliyyəti barədə məlumatlar yer almalır.

 

İlk dəfə qəbul olduğumu biləndə həm mən, həm də ailəm çox böyük sevinc yaşadıq. Mənim üçün tamamilə yeni bir mərhələ olduğunu düşünürəm.

 

- Gələcək karyeranızla bağlı hədəfləriniz nədir?

 

- Karyeram ilə bağlı ilk hədəfim Hyuston Universitetində tədqiqat işlərimi jurnallarda əks etdirib bir mütəxəssisə çevrilməkdir. Gələcəyimlə bağlı planlarımdan biri də doktor adını almaqdır. Həm ailəmə, həm də vətənimə bağlı olduğum üçün bir qədər təcrübə yığdıqdan sonra doktor kimi ölkəmizdə fəaliyyətimi davam etdirmək istəyirəm.

 

- Uğurlu biri kimi gənclərə nə tövsiyə edərdiniz?

 

- Ən böyük tövsiyəm odur ki, manaton olmamağa çalışsınlar. Yəni marağı olan sahəni seçib o yolda davam etmələrini tövsiyə edirəm. İstərdim ki, gənclər təkcə bakalavr təhsili ilə yetinməsinlər. Hədəfləri uğrunda mübarizə etməyi bacarsınlar.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla