AZ

"Bu həyat tərzi varsa, sağlam qidalanmaqdan danışmağa dəyməz" - MÜNASİBƏT BİLDİRİLDİ

"Sağlam qidalanma sağlam həyat tərzindən keçir". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə Baş mütəxəssis Ağa Salamov deyib.

O bildirib ki, bu da sağlam həyat tərzinin bir hissəsidir: "Pazzlın bir daşı desək, daha yaxşı olar. Pazzl bir daş olmadan tamamlanmır. Sağlam qidalanma da olmasa, o pazzl-sağlam həyat tərzi tamamlanmaz.

Sağlam həyat tərzi təkcə sağlam qidalanma deyil. Burada fiziki aktivlik olmalıdır, şəhər gəzintisi də ola bilər. İdman, yoqa, yüngül atletika ilə məşğul olmaq və yuxu sağlam həyat tərzinə daxildir. Axşam saat 10-dan səhər saat 5 arasında yatmaq sağlam həyat tərzi sayılır. Bundan başqa mövsümündə yetişən meyvə-tərəvəzlərin organik istehlakı sağlam qidalanma sayılır.

Həmçinin təbii su olmalıdır, nəinki rəngli, qazlı içkilərə üstünlük verilməsi. Əsas təbii, organik sudan istifadə olunmalıdır. Təbii meyvə şirələrindən istifadə oluna bilər. Əgər sağlamlıq yerindədirsə, şəkər xəstəliyi yoxdursa, qanda şəkər artıran meyvələrdən uzaq durmaq olar.

Bu günümüzdə organik məhsullardan danışmaq bir az real deyil. Çünki insanlar meqapolis həyata daha üstünlük verirlər. Şəhərə axın etmək və sair kimi hallar artıq sağlamlıq deyil. Əgər sağlam qidalanır, amma stress içində yaşayırıqsa, sağlam həyat tərzi keçirmirik. Belə bir söz var ki, "sən ağa, mən ağa, inəkləri kim sağa?". Şəhərdə hamımız ağa olmuşuq. Tıxaca düşürük, asfaltda, binada yaşayırıq, əkinçilik yoxdur. Bu həyat tərzi varsa, sağlam qidalanmaqdan danışmağa dəyməz. Çünki orqanik məhsullar yoxdur, heç kim əkmir. Ona görə düşünürəm ki, sağlam həyat tərzi fiziki aktivlik, sağlam yuxu, sağlam qidalanma kənd həyatındadır. Şəhərdə sağlam qidalanmaqdan, sağlam yuxudan, stressizlikdən danışmağa dəyməz. Şəhərdə bunlar yoxdur. Əksinə şəhərdə ömür qısalır".

Müəllif: Söylü Ağazadə
Seçilən
20
Mənbələr
Şərh ()
Bağla