AZ

Doha Forumu - qlobal iqtisadi münasibətlərdə yeni səhifə... 

Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan xətti nələr vəd edir?

2020-ci il Vətən müharibəsi, 2023-cü il lokal antiterror tədbirləri nəticəsində yaranan reallıqlar dünyanın iqtisadi xəritəsinə yeni rənglər qazandırmaqdadır. Belə ki, beynəlxalq iqtisadi münasibətlərin yeni mərhələyə qədəm qoyduğu son 4 ildə baş verənlər Cənubi Qafqazla yanaşı Mərkəzi Asiyanın, Kiçik Asiyanın, Yaxın Orta Şərqin, hətta Ərəb dünyasının inteqrasiyasında, Şərq-Qərb münasibətlərinin yeni formatda ortaya çıxmasında, ən əsası isə dörd cəhəti bir-birinə qovuşduran yeni transxəttin yaradılmasında təşəkkül tapdı. Cənubi Qafqazda Azərbaycanın formalaşdırdığı təhlükəsizlik mühiti Şərq-Qərb tranziti baxımından mühüm yolların aktuallaşması üçün zəmin formalaşdırdı. Bu isə öz növbəsində yeni əməkdaşlıq, yeni əlaqələr və yeni münasibətlər demək idi. Bu gün Azərbaycanın timsalında Cənubi Qafqazla Mərkəzi Asiyanın qarşılıqlı inteqrasiyasının mühüm bir coğrafiyada yeni iqtisadi əməkdaşlıq mühiti yaratması yeni iqtisadi münasibətləri şərtləndirir. Xəzərin şərq sahili ilə qərb sahili arasında əlaqələr geniş anlamda yeni reallıqlara söykənir. Bu reallıqlar isə daha geniş və strateji coğrafiya ilə yeni münasibətlər sistemini formalaşdırır. 

Üçüncü iclas

Bəli, ötən günlərdə Dohada baş tutan Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasını da bu mənada qlobal iqtisadi münasibətlərdə yeni bir səhifə adlandırmaq olar. Xatırladaq ki, forum çərçivəsində aparılan müzakirələr enerji təhlükəsizliyi, nəqliyyat, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar sənayesi üzrə əməkdaşlıqla bağlı konkret Yol Xəritəsinin formalaşmasına töhfə verir - Azərbaycan həqiqətən də bu gün qovşaq kimi Avroasiyanın mərkəzində birləşdirici funksionallıq daşıyır. Orta Dəhliz vasitəsilə Qərbi Şərqə bağlayan, Mərkəzi Asiya ilə  Kiçik Asiyanı qovuşduran, oradan isə Avropa məkanına inteqrasiyanı reallaşdıran Azərbaycan böyük bir anlamda ticari körpüdür -  Avropa ilə Çin arasındakı ən effektiv yolun ən mühüm stansiyası kimi Azərbaycan böyük iqtisadi əhəmiyyət daşıyır. Eyni zamanda, Şimal - Cənub transxəttinin də açar nöqtəsi kimi çıxış edən Azərbaycan bütöv bir ticari orqanizm formalaşdırıb. Əslində, Doha Forumunun yekunlarına dair qəbul olunmuş Bəyannaməyə diqqət yetirdikdə bütün reallıqları görmək mümkündür - Forum Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatının qarşılıqlı maraq doğuran məsələlər üzrə mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlığını dəstəkləyən dəyərli platforma kimi qiymətləndirilir. Doha Bəyannaməsi yeni ticari reallıqları da nəzərə alır - məsələn, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə dəstək, sülh müqaviləsinin tezliklə yekunlaşdırılmasına dair çağırış, habelə Azərbaycanın 4 kəndinin qaytarılmasını nəzərdə tutan delimitasiya razılığının əhəmiyyətinə vurğu bunun bariz təcəssümüdür. Təbii ki, bu arzunun ən mühüm detallarından biri qeyd edilməsə belə, Zəngəzur dəhlizinin açılmasıdır - bu məqam dünyanın ticari xəritəsində mühüm yeniliklər yaradacaq və olduqca böyük perspektiv vəd etməkdədir. Mərkəzi Asiya ilə Ərəb dünyasının əlaqələndirilməsi üçün bu dəhlizin olduqca mühüm siyasi-iqtisadi əsaslandırmaları mövcuddur. 

Xatırladaq ki, Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun ilk iclası 2014-cü il mayın 13-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, ikincisi isə 2016-cı il oktyabrın 16-da Tacikistanın paytaxtı Düşənbədə keçirilib. İstər birinci, istərsə də ikinci iclasların sonunda imzalanan sənədlərdə - Əməkdaşlıq Memorandumlarında Ərəb Dövlətləri-Mərkəzi Asiya və Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, ticari, maliyyə, texniki, sosial və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilirdisə, bu istiqamətdə müvafiq əməkdaşlıq mexanizmlərinin yaradılması təşviq olunurdusa, artıq Doha Bəyannaməsində real situasiya dəyərləndirilməkdədir. Bu o deməkdir ki, Azərbaycanın iştirakı ilə yaradılmış bu platforma yeni dövrün çağırışlarının təcəssümüdür. 

Azərbaycanın formalaşdırdığı imkanlar...

Əslində bu əməkdaşlıq platformasında iştirak edən tərəflər bir sıra fərqli müstəvilərdə tərəfdaşlıq əlaqələrinə malikdirlər. Məsələn, demək olar ki, bütün tərəflər İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında, SPECA iqtisadi platformasında birgə təmsil olunurlar. Hətta təsadüfi deyildi ki, ötən ilin noyabrında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA-nın 25-ci ildönümü də məhz Azərbaycanda qeyd edilmişdi. Həmin Zirvə görüşündə isə Mərkəzi Asiya dövlətlərinin başçıları ilə yanaşı Ərəb Liqasının da məsul şəxsləri, ərəb dövlətlərinin rəsmi nümayəndələri və ərəb şirkətlərinin təmsilçiləri iştirak etmişdilər. Eyni zamanda, Ərəb Liqası dövlətləri ilə Azərbaycan arasında olduqca müsbət əlaqələr mövcuddur. Mərkəzi Asiyanın əksər dövlətləri isə Türk Dövlətləri Təşkilatı seqmentində Azərbaycanın tərəfdaşlarıdırlar. Bu mənada, bütün tərəflər bir-birinə həm siyasi, həm də iqtisadi cəhətdən tanışdır. Ayrı-ayrılıqda isə dövlətlərarası münasibətlərin yeni mərhələyə qədəm qoyması Azərbaycanın birləşdiricilik funksionallığının yaratdığı mənzərədir. Məsələn, son zamanlarda cərəyan edən siyasi-iqtisadi proseslərin intensivliyi Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesinə kompleks şəkildə yanaşmanı ortaya qoyur: Artıq əlaqələr bu və ya digər şəkildə vahid müstəvidə inkişaf etmir, tam əksinə əlaqələr çoxtərəfli, şaxələndirilmiş və genişləndirilmiş şəkildə sürət qazanır:

- Transxəzər imkanları Azərbaycanın timsalında Cənubi Qafqaz - Mərkəzi Asiya vahid geosiyasi məkan anlayışı formalaşdırıb;

- Kiçik Asiya vasitəsilə həm Şərqə, həm də Qərbə inteqrasiya imkanları genişlənib ki, bu da iqtisadi maraqların uzlaşmasını şərtləndirməklə yanaşı, gələcək münasibətlərin çərçivəsini daha da genişləndirir;

- Azərbaycanın yaratdığı iqtsadi-siyasi reallıqlar regionları bir-biri ilə yaxınlaşdırmaqla kifayətlənmir, artıq vahid mədəni-iqtisadi məkana çevirir. Çoxşaxəli əlaqələr fərqli maraqlar, o cümlədən mədəni-humanitar maraqlar üzərindən uzlaşdırılır. 

Ərəb dünyası ilə münasibətlər...

Eyni fikirləri Azərbaycanın Ərəb dünyası ilə münasibətlərinin inkişafına proyeksiya etmək mümkündür. Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Ölkəmizin ərəb dövlətləri, bütövlükdə geniş İslam coğrafiyası ilə əməkdaşlığının genişlənməsini şərtləndirən amillər sırasında tarixi bağlılıq, siyasi dividentlər, yaranan iqtisadi imkanlar, o cümlədən enerji əməkdaşlığı - xüsusilə yeni dövr üçün xarakterik sayılan və Azərbaycanın da böyük anlamda gələcək hədəfləri arasında yer alan yaşıl dünya - yaşıl enerji proyektləri, investisiya cəlbediciliyi, turizm potensialı - xüsusilə, Azərbaycanın işğaldan azad edilmiş regionlarının turizm potensialının cəlbediciliyi mühüm əhəmiyyət kəsb edir. Beləliklə, regionlararası münasibətlərin yeni formatda inkişaf etdirilməsi geniş əməkdaşlıqlar müstəvisini yaratmaq imkanını ortaya qoymaqdadır.  

Təhlükəsizlik amili

Bu əməkdaşlığın yeni konturlar üzrə inkişaf etdirilməsi qlobal təhlükəsizlik anlamına da yeni məzmun qazandıra bilər. Çünki Cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur. Eyni zamanda, Azərbaycan regionun digər ölkələri ilə də yaxın müsbət əlaqələrə malikdir. Məsələn, Yaxın Orta Şərqdə maraqların uzlaşdırılmasında bu kimi platformaların böyük rolu ola bilər. Təsadüfi deyil ki, Yaxın Orta Şərqin yeni iqtisadi şəkilləndirilməsi böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. Qarşılıqlı şəkildə münasibətlərin təhlükəsizlik seqmenti altında inkişaf etdirilməsi isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirə bilər. Bu kimi platformalar regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə etmək imkanına malikdir. Başqa sözlə, bölgənin yeni iqtisadi imkanları siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoya bilər. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, regionlararası əlaqələrin yenidən möhkəmlənməsi yeni və mühüm perspektivlər yaratması yeni perspektivlər deməkdir. 

Doha dəstəkləyir, Qazaxıstan ev sahibliyi edir...

Ölkəmizin Qərbin enerji təminatında oynadığı rol, eyni zamanda yeni sahələr üzrə əldə olunan nailiyyətlər, geniş enerji mübadiləsi infrastrukturuna malik olması dünyanın əksər regionlarını da bu təcrübəni öyrənməyə sövq edir. Beləliklə, Ərəb dünyası və Yaxın Şərqin enerji resurslarının Avropa bazarına çıxışı üçün yeni imkanlar məhz Azərbaycanın xətti ilə açıla bilər. Vurğulandığı kimi, 44 günlük Vətən müharibəsinin nəticələri dünyanın enerji xəritəsinə də mühüm təsir göstərib - Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin ən fəal təbliğatçısı və iştirakçısıdır. Bu gün Mərkəzi Asiya - Ərəb liqası xəttləri fərqli cəhətlərlə Orta Dəhlizin Zəngəzur seqmentində inteqrasiya imkanları əldə edə bilər. Bunun üçün isə real sülh imkanlarını daha da gücləndirmək ən mühüm prioritetlərdən sayılır. Təsadüfi deyil ki, Doha Bəyannaməsi də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinin dinamizm qazanmasına müsbət yanaşır - eyni zamanda, bu formatın bir hissəsi olan  Qazaxıstanın yeni görüş məkanı kimi seçilməsi də diqqətdən yayınmamalıdır...

Pərviz SADAYOĞLU 

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla