AZ

"İmişli" xal itirdi, I Liqada vəziyyət gərginləşdi - hər şey liderin əlindədir

Azərbaycan I Liqasında 24-cü turun oyunları keçirilir.

Dünən baş tutan görüşlərdə "Difai Ağsu" "Mingəçevir"ə qalib gəlib. Çempionluğa namizədlərdən "İmişli" isə Yevlaxda "Karvan"a uduzub.

Bölgə təmsilçisinin məğlubiyyəti qızıl medallar yolunda ağır zərbə oldu. Belə ki, turnir cədvəlində 46 xalla ikinci olan və lider "Qaradağ Lökbatan"dan üç xal geri olan bölgə klubunun turu xalsız başa vurması rəqiblər üçün şans olacaq.

Üçüncü sıradakı "Şamaxı" bu gün səfərdə "Zaqatala"ya qalib gəlsə, bir pillə irəliləyəcək və "İmişli"ni iki xal qabaqlayacaq. Lider "Qaradağ Lökbatan" isə autsayder "Araz Saatlı" ilə üz-üzə gələcək. Lökbatanlılar qələbə sayəsində ikinci sıradakı komandayla xal fərqini daha artıra bilər.

I Liqada sona üç tur qalıb. Çempionluq mübarizəsi "Qaradağ Lökbatan", "İmişli" və "Şamaxı" arasında gedir. Mövsümün ən kritik oyunu növbəti turda "İmişli" ilə "Qaradağ Lökbatan" arasında olacaq. Bakı təmsilçisi qələbə ilə çempionluğu təmin edə bilər. Bununçünsə, "Şamaxı"nın xallar itirməsi gərəklidir. Maraqlıdır, "şirlər" isə 26-cı turda liderin qonağı olacaq.

İndiki halda çempionluğa əsas namizəd "Qaradağ Lökbatan" görünür. Lider olan komanda növbəti turlarda ən yaxın izləyiciləri ilə üz-üzə gələcək. Bu görüşlərdə heç-heçə belə bakılıları çempion edə bilər. 

APL-də komanda sayının artırılmasının əsas müzakirə mövzusu olduğu bu günlərdə I Liqa təmsilçiləri üçün motivasiya daha artıb və bu, çempionatın sonlarının daha gərgin keçəcəyinə işarədir. 

Kamil Əhməd
Seçilən
60
Mənbələr
Şərh ()
Bağla