AZ

Xırdalanda mənzillər kütləvi şəkildə satışa çıxarılıb- nə baş verir...

Image

Kamran Məmmədli: “Xırdalanda yaşayanlar nəmişlikdən narazılıq edir, buna görə tərk edilən evlərin sayı artır”

Abşeron rayonunda şəhər əhalisinin ən çox hissəsi Xırdalanda yaşayır. Xırdalan əhali sayına görə Sumqayıt şəhərini ötərək Bakıdan sonra ikinci ən böyük yaşayış məntəqəsinə çevrilib. Hazırda rayonun inzibati mərkəzi olan Xırdalan şəhəri əhali sayına görə Azərbaycanın dördüncü ən böyük şəhəridir. 

Adıçəkilən ərazidə yaşayış binalarının, fərdi yaşayış evlərinin sayı günü-gündən artır. Xırdalanda ucalan çoxmərtəbəli binaların sayı isə Bakıdan çoxdur. Qeyd etdiyimiz kimi, Abşeron rayonunda şəhər əhalisinin ən çox hissəsi Xırdalanda yaşayır. Məlumata görə, artıq Xırdalanda yaşayanlar oranı tərk edir. Belə ki, Xırdalanda satışa çıxarılan evlərin sayı kəskin artıb. Elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Sakinlər bildiriblər ki, son illər Xırdalanda əhalinin sayının dəfələrlə artması müəyyən problemlərə yol açıb. Buna görə də sakinlər digər ərazilərə köçməyə can atırlar.

“Xırdalanın içərisində hərəkət etmək vahiməli vəziyyət yaradıb, ensiz yollar, pis infrastruktur yaxşı heç nə vəd etmir” 

Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xırdalan relyef baxımından bu qədər yükü götürəcək şəhər deyil. Xırdalanın içərisində hərəkət etmək vahiməli vəziyyət yaradıb. Ensiz yollar, pis infrastruktur yaxşı heç nə vəd etmir: “Regionlardan Xırdalan şəhərinə kütləvi axın var. Ona görə də, Xırdalanın girişindən sonuna gedib çıxmaq olmur. Bakı şəhərini, Abşeron yarımadasını götürsək, hazırda ən çox sıxlıq Xırdalandadır. Elə binalar var, heç günəş şüası görmür. Buna görə də Xırdalanda yaşayanlar nəmişlikdən narazılıq edir. Nəmişliyə görə tərk edilən evlərin sayı artır. Onu da deyim ki, keçən ilin oktyabrından çıxarışı olmayan torpaq sahələri üzərində və fərdi həyət evlərində kommunikasiya xətləri çəkilməsinin qadağan olunması qərarından sonra artıq çıxarışı olmayan yaşayış məntəqələrinə, torpaq sahələrinə tələbat azalıb”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla