AZ

“Əvvəlki müsahibələrimdə də demişdim ki, “Turan Tovuz”la “Səbail”in avrokuboklara vəsiqə qazanması çətin görünür”

32-ci tur “avrokuboklar zonası”na iddialı komandaların sayının 6-dan 4-ə enməsi ilə əlamətdar oldu.

Belə ki, mövsümün ikinci yarısında iddialılar sırasında qərarlaşan “Turan Tovuz”la “Səbail” bu mübarizədə geri düşdü. Hazırda hər iki komandanın çox cüzi şansı var. Xüsusən də birvaxtlar 2-ci pilləyə yüksəlməyi bacaran “Səbail” ümidləri doğrultmadı. Komandanın sonrakı şanslarını dəyərləndirməsi üçün
təcrübəli mütəxəssis Aslan Kərimova tribuna verdik: “Həqiqətən də mövsümün əvvəlindən çox yaxşı oyun nümayiş etdirdilər. Doğrusu, indi də pis oynamırlar. Oyunlarına baxsaq, istənilən rəqibə qarşı qol vəziyyəti yaratdıqlarını, qol vurmağa çalışdıqlarını görə bilərik. Ancaq müdafiədə buraxılan çox kobud səhvlərə görə xallar itirdilər. Həm də mərkəz müdafiəçilərinin heç nədən qırmızı vərəqə alması, avtoqolları və başqa bir çox səbəblərdən çoxlu xal itirdilər. Nəzər yetirməli olduğumuz daha bir nüans var. Belə uzunmüddətli marafonlarda ehtiyat oyunşular skamyası geniş olmalıdı. Amma “Səbail” bu səbəbdən qalan komandalara geri qalır. Başqa bir məqam isə Ağabala Ramazanovun həlledici anda zədələnməsi oldu. Hansı ki, Ağabala həm lider kimi, həm də əsas qol silahlarından biri kimi komandaya dəstək olurdu. Onun uzun müddətə sıradan çıxması “Səbail”in qol vurmaq şanslarını aşağı saldı. Bütün bunların fonunda onu demək olar ki, “dənizçilər”in avrokuboklara vəsiqə yolundakı işləri həddən artıq çətinə düşdü. Çünki qalan rəqiblər bir-birinə çox yaxındı. “Səbail” bundan sonra keçirəcəyi oyunların hamısında qalib gəlməlidi. Əvvəlki müsahibələrimdə də demişdim ki, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Neftçi” ilə müqayisədə “Turan Tovuz”la “Səbail”in avrokuboklara vəsiqə qazanması çətin görünür. Gözlədiyim kimi də oldu. Bayıl təmsilçisi “Sabah”a məğlubiyyətdən sonra, demək olar ki, şansını sıfra endirib. Doğrudu, futbolda hər şey ola bilər. Nəzəri baxımdan hələ də avrokuboklara düşmək şansları var, ancaq çox cüzidi. Eyni sözləri “Turan Tovuz”a da aid etmək olar”.


“Turan Tovuz”un durumu ilə bağlı Yunis Hüseynovun fikrini öyrəndik:
“Turan Tovuz” çempionat boyunca pis təsir bağışlamayıb, özünü yaxşı tərəfdən göstərib. Məğlub olmağı sevməyən komandadı, həm də azarkeşlərinin önündə çox yaxşı təsir bağışlayır, baxımlı oyun nümayiş etdirir. Onların “Sumqayıt” və “Neftçi” ilə görüşlərini izlədim. Səhv etmirəmsə, bir neçə futbolçusu zədəliydi və ya cəza üzündən “Sumqayıt”a qarşı oynaya bilmədi. Komandada boşluqlar görünürdü. Əfsuslar olsun ki, “Sumqayıt”la matçda çox zəif çıxış etdilər, kobud səhvlərə yol verdilər. Bu futboldu, burda səhvləri bağışlamırlar. Sumqayıtlılar da səhvlərdən istifadə edib qollar vurdu. “Neftçi” ilə görüşdə istədiyim bakılıların qalib gəlməsi idi ki, bu da oldu. Ancaq “Turan Tovuz” da pis təsir bağışlamadı. Hesab 1:0 “Neftçi”nin xeyrinə olanda, 2-ci hissə başlayandan sonra qonaqların bərabərlik qolunu vurmaq üçün bir sıra imkanları oldu. Şansları dəyərləndirə bilməyəndən sonra azlıqda qaldılar. Sanki bununla da komanda söndü. Hələ ki heç nə bitməyib. Mövsümün sonuna 4 tur var. Yenə də mübarizə aparmaq lazımdı, yəni əl-qolu sallayıb “avrokuboklara vəsiqə qazanmadıq” demək düzgün deyil. Doğrudu, hazırda “avrokubok zonası” uğrunda gərgin mübarizə gedir. Amma hələ heç nə bilmək olmur. Çünki bir oyunda məğlub olub 5-6-cı sıralara düşmək və ya qalib gəlib 2-3-cü pillələrə yüksəlmək olur. Hesab edirəm ki, kimlərin avrokuboklara vəsiqə qazanıb-qazanmayacağı yalnız sonuncu turda bilinəcək”.


KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla