AZ

Britaniya polisi Ruandaya deportasiya ediləcək ilk şəxslərin evlərinə basqın edib

Britaniya

London, 2 may, AZƏRTAC

Böyük Britaniya Daxili İşlər Nazirliyinin mühafizə qrupları Böyük Britaniyada geniş miqyaslı əməliyyata başlayıb.

AZƏRTAC Britaniya DİN-ə istinadla xəbər verir ki, Britaniyaya qanunsuz olaraq qayıqla daxil olmuş ilk miqrant dəstəsi evlərində saxlanılıb.

Bildirilib ki, əməliyyat Ruandaya gedənlər üçün ayrılmış immiqrasiya saxlama yerlərinin sayı dolana qədər davam edəcək. Miqrantları Ruandaya aparacaq uçuşların iyulda baş tutması gözlənilir.

Britaniyanın daxili işlər naziri Ceyms Kleverli bildirib ki, Britaniyada qalmaq hüququ olmayanları saxlamaq üçün daxili işlər nazirliyinin əməkdaşları sürətlə işləyirlər.

Qeyd edək ki, Böyük Britaniya hökuməti bu yaxınlarda öz ölkəsinə miqrasiyanı məhdudlaşdırmaq üçün miqrantların Ruandaya çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

Qanuna görə, qeyri-qanuni yollarla qayıqla gələn miqrantlar sığınacaq qərarını gözləyərkən Ruandaya göndəriləcək və orada onlara müdafiə veriləcək. Qaçqın hüquqi status qazansa belə, Böyük Britaniyaya qaytarılmayacaq. Bunun müqabilində qanun layihəsinin təhlükəsiz ölkə elan etdiyi Afrika ölkəsi Böyük Britaniyadan pul alır.

Daxili İşlər Nazirliyinin məlumatlarına görə, bu ilin ilk dörd ayında Britaniyaya qanunsuz olaraq qayıqla keçən miqrantların ümumi sayı 7500-dən çox olub.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
102
1
Mənbələr
Şərh ()
Bağla