AZ

“Qarabağ”ın uğursuzluğunun iki səbəbi var

Misli premyer-liqasının 32-ci turunda “Sumqayıt” evdə “Qarabağ”ı məğlub etdi - 1:0.

Bununla da “köhlən atlar”ın qələbəsiz oyunlar seriyası 3-ə çatdı. Çempion növbəti dəfə azarkeşlərini məyus etdi. 28-ci turda çempionluğu təmin edən “Qarabağ” növbəti turda “Səbail” üzərində qələbənin sevincini yaşayıb, ardından üç oyunda büdrəyib.

Qurban Qurbanov 30-cu turda “Sabah”a məğlubiyyətin (2:3) səbəbini belə izah etdi:
“Peşəkar klubuq. Nə olursa, futbolumuzu oynayırıq. Azarkeşlərimiz də bizdən yaxşı oyun, qələbə gözləyir. Nə məşqdə, nə oyunlarda belə düşüncə var. Son vaxtlar hakimlər haqda o qədər danışılıb, epizodlar müzakirə olunub. Bilmirəm artıq hansı epizod qayda pozuntusudu, hansı epizod penaltidi. Dəfələrlə bildiriblər ki, əl qalxdısa, cərimə zərbəsidi. Mən mübarizənin tərəfdarıyam. Hansı qayda düzdü - bunu bilmirəm”.


31-ci turda da ağdamlılar hər kəsi təəcübləndirməyi bacardı. Onlar doğma meydanda autsayder “Qəbələ”ni məğlub edə bilmədi (2:2). Oyundan sonra Qurbanov nəticəni belə şərh etdi: “Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Komandam üçün faydalı matç oldu. Bir neçə mövqe səhvinə yol verdik”.
Qurban bəyin “Sumqayıt”la oyundakı məğlubiyyətə reaksiyasını isə 4-cü səhifədə oxuya bilərsiz.
Xatırlatmaq yerinə düşər ki, “Qarabağ” Avropa Liqasında uğurları hesabına qitənin diqqətini çəkdi. Hətta futbolçularına bir neçə tanınmış klubların təklif gəldiyi iddia olundu. Maraqlı məqam isə odu ki, klub belə xəbərləri hər nə qədər təkzib etsə də, həmin oyunçuların məhsuldarlığının aşağı düşməsi göz qabağındadı. Sanki Juninyo, Zubir, Yankoviç və bir neçə başqa futbolçu səbirsizliklə mövsümün başa çatmasını gözləyir. Belə çıxır ki, Qurbanov futbolçularından istədiyini ala bilmir. Bəs “Qarabağ”ın qələbə qazana bilməməsi futbolçulara gələn təkliflər, yoxsa çempionluğu erkən təmin etməsi ilə bağlıdı?

Bu sualları Ceyhun Sultanova ünvanladıq:
“Keçmiş futbolçu kimi deyə bilərəm ki, futbolçu məqsədə çatıbsa, onda müəyyən “boşalma” yaranır. Son yaşananlar da çempionluqla bağlıdı. Çünki nə qədər özlərini motivasiya etsələr belə, istəyə çatdıqdan sonra gördüyümüz rahatlıq yaranır. Yəqin ki, “Qarabağ” çempion olmasaydı, tam başqa oyun oynayacaqdı. Fərqli komanda görə bilərdik. İstər-istəməz “Qarabağ” adı gələndə bütün komandalar motivasiyalı oynayır. Bugün “köhlən atlar” bütün istəklərini reallaşdırıb. Amma“Neftçi” ilə oyunda, eləcə də kubokun finalında tam fərqli “Qarabağ” görəcəyik. Ona görə ki, futbolçu hədəfə çatdığını yaxşı bilir. Bu üzdən özünü çox da əziyyətə salmaq və ya risk etmək istəmir. Fikrimcə, “Qarabağ”ın məğlubiyyətləri çempionluğu əvvəldən təmin etdiyinə görədi. Düşünürəm ki, futbolçulara hansısa təklif gəlməsi ilə bağlı deyil. “Sumqayıt”a və“Neftçi”yə qarşı oynamaq futbolçular üçün eyni deyil. Bəlkə də gələn tur meydanda tam fərqli komanda görəcəyik”.


RÖYANƏ OĞUZ
Seçilən
164
Mənbələr
Şərh ()
Bağla