AZ

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub

Dövlət başçısı İlham Əliyev “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında bir daha bildirdi ki, biz indi öz rolumuzu körpülərin salınmasında görürük

Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir. Ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunması uğurlu və düşünülmüş siyasətin nəticəsidir. Azərbaycan hər zaman dünyada sabitləşdirici və birləşdirici aktor kimi tanınır. Bu günlərdə ADA Universitetində keçirilən «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» mövzusunda beynəlxalq forumda  Prezident İlham Əliyev “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü” sualını cavablandırarkən vurğuladı ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir: “Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz… Təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq.» Cənab İlham Əliyev, həmçinin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentindəki çıxışında vurğuladı ki,  Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.

Azərbaycan müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirən ölkə olaraq ev sahibliyi etdiyi beynəlxalq əhəmiyətli tədbirlərdə günün aktual məsələləri ətrafında geniş fikir mübadiləsi apararaq həm birləşdirici aktor kimi roluna işıq salır, eyni zamanda, özünün malik olduğu təcrübəni nümayiş etdirir.

Onu da qeyd edək ki, 2008-ci ildən Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 16 il  ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb.  Mayın 1-də öz işinə başlayan və üç gün davam edəcək   “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha bu reallıqlara işıq saldı.

Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəlirlər. Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.

“Bakı Prosesi”nin tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2019-cu ildə  “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilmişdir. Ötən bu müddət ərzində Azərbaycanın qazandığı uğurların xronologiyasına diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışı bu hadisələrin təqdimatı oldu.

Onu da qeyd edək ki, “Bakı Prosesi”ndən və Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələrindən bəhs edən videoçarxda bu çağırışlar səsləndirildi ki, 2024-cü ildə dünyamız daha çox əlaqəli görünür, lakin heç vaxt olmadığı qədər parçalanmış qalır. Bütün çağırışlar qarşısında bizim bir araya gəlmək, parçalanmanı dəf etmək və daha parlaq ümumi gələcəyə doğru yol açmaq üçün nadir fürsətimiz var. Bu, “Bakı Prosesi”nin özəyidir. Bakıda, Azərbaycanda Şərq ilə Qərb, ənənə ilə müasirlik qovuşur. Əsas məqsədlərimiz dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Forumun məqsədi yeni siyasət, sənədlər və razılaşmalar formalaşdırmaqdır və onlar təxirəsalınmaz məsələlərdə dünya hökumətlərinə təsir göstərmək qüvvəsinə malik olacaq. Bu yola birgə çıxaraq gəlin, qarşımızdakı fürsətdən yararlanaq, birləşək, müxtəlifliyi bayram edək! Sülh, qarşılıqlı hörmət və anlaşma dünyasının yaradılmasına, gəlin, ümumi səylər, baxışlar və biliklər ilə töhfə verək.

Forumdakı çıxışında «VI Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən artıq ölkənin nümayəndəsi iştirak edir. Bu, sözün əsl mənasında göstərir ki, Forum çox mühüm beynəlxalq platformadır və burada mədəniyyətlərarası dialoq məsələləri müzakirə olunur» söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub. Cənab İlham Əliyev bu çağırışı etdi ki, biz bu müsbət tendensiyaları, mədəni dialoqu və mədəni müxtəlifliyi gücləndirməliyik. Bütün bunlar əsrlərdən gələn nemətdir. «2019-cu ildə Bakıda görüşümüzdən sonra əfsuslar olsun ki, dünya təhlükəsiz olmayıb. Əfsuslar olsun ki, biz yeni münaqişələri görürük, yeni qeyri-sabitlik məkanlarını görürük və yeni təhdidləri görürük. Əminəm ki, hörmətli nümayəndələrdən ibarət auditoriya öz töhfəsini verəcək, ideyalar və yeni yanaşmalar formalaşacaq ki, qlobal gündəlikdə olan məsələlərə ən təxirəsalınmaz həll variantları tapılsın» söyləyən Prezident İlham Əliyev onu da qeyd etdi ki, həmin məsələlərin həllində, gündəlikdə olan məsələlərin müzakirəsində Azərbaycanın öz təcrübəsi var.

Cənab İlham Əliyev  onu da bildirdi ki, ölkəmizdə   mədəniyyətlərarası dialoqu güclü şəkildə təşviq edirik. Çoxsaylı tədbirlər təşkil edilir.  Bunlar dinlərarası dialoqla bağlıdır. Müzakirələrin bir hissəsi olaraq məhz bunu Ümumdünya Məniyyətlərarası Dialoq Forumu çərçivəsində həyata keçirir və digər tədbirlərdə bu məsələyə toxunuruq. Bununla bağlı xüsusi müzakirə sessiyası və COP29 tədbiri də olacaq: «Əminəm ki, bütün dünyadan gələn bu sahə üzrə rəhbərlər bu gün Bakıda həmrəylik nümayiş etdirəcəklər və liderlik göstərəcəklər. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir və onlar həmin rəhbərlərdə sülh, tolerantlıq, qarşılıqlı hörmət kimi müsbət mesajları eşitməlidirlər. Bunlar çox vacib amillərdir. Əfsuslar olsun ki, biz bəzi hallarda fərqli mesajları da eşidirik və bu da əlavə gərginlik yaradır. Bir sözlə, düşünürəm ki, bu istiqamətdə müsbət tendensiyalar güclü şəkildə dəstəklənməlidir.» Bu mühüm məqam da diqqətə çatdırıldı ki,  Azərbaycan COP29-a yekdil qərarla ev sahibliyi edən ölkə seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük.

Təbii ki, keçirilən hər bir tədbir müzakirə olunan məsələlərin aktuallığı ilə yanaşı, perspektivlərin müəyyənləşdirilməsi, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında  belə tədbirlərin ölkəmizdə keçirilməsinin təbii olduğunu əsaslı şəkildə diqqətə çatdırır. Bildirir ki, tarix, ənənələr və coğrafiyamız bizə onu diktə edib ki, Azərbaycan sivilizasiyaların qovuşduğu bir məkan ola bilər və bu, məhz belə də olmalıdır. Əsrlər boyu Azərbaycanda xalqlar həmişə müxtəliflik mühitində yaşayıb. Etnik və dini müxtəliflik tariximizin bir parçası və bugünkü reallıqdır. Biz bununla fəxr edirik.

Müasir dovrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq əlaqələrin güclənməsi, ölkələr arasında əməkdaşlığın genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Sivilizasiyaların dialoqunun təşkilində, inkişafında müxtəlif ölkələrin hökumət və siyasi partiya nümayəndələrinin, elm xadimlərinin öz düşüncələrini ortaya qoyub ümumi mövqe nümayiş etdirmələri müsbət haldır. Bu fikir hər zaman önə çəkilir ki, dinc yanaşı yaşamağın təmin edilməsinə yönələn fəaliyyətin mühüm tərkib hissəsi və şərtlərindən biri din və ümumbəşəri dəyərlər sahəsində mədəniyyətlərarası dialoqun zəruriliyidir. Bu dəyərlərin öyrənilməsi ümumi mədəniyyətlərarası dəyərlərin aşkar edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın qeyd olunan istiqamətlərdə əldə etdiyi təcrübələr daim beynəlxalq səviyyədə təqdir olunur. Humanitar əməkdaşlıq xalqları, ölkələri birləşdirən amillərdəndir. Forumun keçirilmə məqsədlərindən biri də məhz çoxmillətlilik və çoxmədəniyyətlilik sahəsində böyük praktikaya malik ölkələrin təcrübəsindən yararlanmaqdır.

Azərbaycanın bu il ev sahibliyi etdiyi, yaxud qatıldığı beynəlxalq tədbirlər rəngarəngliyi ilə diqqəti cəlb edir. Bu tədbirlər, eyni zamanda, Azərbaycanın sözünün imzası qədər dəyərli olduğunu nümayiş etdirir.  Mart ayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu keçirildi. Hər iki forumun mövzusuna diqqət yetirdikdə hazırkı dövrün çağırışlarının nədən ibarət olduğu özünü qabarıq şəkildə büruzə verir. “Sülh və qlobal təhlükəsizlik naminə dialoq» mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dövlət başçısı İlham Əliyev Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün göstərdiyi səylərə bir daha diqqət yönəltdi. Azərbaycanın sülhü müharibə vasitəsilə təmin etdiyini xüsusi vurğulayan cənab İlham Əliyev qeyd etdi ki, bu, lazımınca nəzərdən keçirilməlidir.

Cənab İlham Əliyev 30 ilik işğal dövrünün reallıqları barədə tədbir iştirakçılarına məlumat verdi.  Bildirdi ki, bütün əvvəlki dialoq forumlarında  işğal və ədalətsizlik haqqında danışılıb və insanların  bundan əziyyət çəkdiyi bildirilib. Beynəlxalq səviyyədə tanınmış ərazimizin 20 faizi  müstəqilliyin ilk illərindən 2020-ci ilədək işğal altında qaldı. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü,  etnik təmizləməyə məruz qaldı. İşğal altında olan bütün torpaqlarımız dağıdıldı və yerlə-yeksan oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarımız törədilən o dağıntılara şahidlik edir. Tədbir çərçivəsində bu torpaqlarda olacaq iştirakçılar həmin reallıqları görmək imkanı əldə edəcəklər.

Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyulması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini vurğulayan cənab İlham Əliyev  bildirdi ki, qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik.

Dövlətimizin başçısı, həmçinin Forumunun açılış mərasimində  müharibədən sonra regionda yaranmış vəziyyətdən də  danışdı. Qeyd etdi ki, Azərbaycan çox fəal çalışır, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdü,  hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladı. Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra ölkəmizin siyasi hücumlara məruz qalmasına da diqqət yönəldilən məsələr sırasında oldu. Dövlətimizin başçısı İlham Əliyev bildirdi ki,  buna baxmayaraq, yenə də sülh təklif etdik. İndi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik,  sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta, demarkasiyası başlayıb:  «Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər.”

Azərbaycan daim dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalan bir dövlət olaraq ən yüksək tribunalardan bəyan edir ki, ikili siyasət ədalətsizlikdir. Dünya sözün əsl mənasında hüquq problemini yaşayır. Rəsmi Bakı 30 illik işğal dövründə bu reallığı ən yüksək tribunalardan bəyan etdi ki, Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi məsələnin həlli prosesinin uzanmasına səbəb olur. Hər bir dövlətin məsələnin nizamlanması prosesinə öz maraqları baxımından yanaşması, maraqların üst-üstə duşməməsi münaqişənin davam etdiyi 30 il ərzində Azərbaycanın dünyadan ədalət gözləməsi ilə diqqətdə oldu. Reallıq budur ki, münaqişə tərəflərin özunə qalsaydı çoxdan həllini tapmışdı.  Azərbaycan ayrı-ayrılıqda hər bir məsələyə dəqiq yanaşma nümayiş etdirərək bütün hallarda ədalətin, beynəlxalq hüququn əsas olduğunu açıqladı. Azərbaycan hər zaman sülh, əməkdaşlıq çağırışları ilə diqqətdədir. Bəzi dünya güclərinin öz maraqlarını həyata keçirmək üçün Ermənistandan bir vasitə kimi istifadə etmələri bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır.

Forum iştirakçılarının səsləndirdikləri fikirlər Azərbaycanın  beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyinin təqdir olunduğunu təsdiqlədi. Belə ki, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi  Migel Anxel Moratinos bildirdi ki,  dialoq sülhə aparan yoldur və biz parçalanmış keçmişdən ümumi ortaq gələcəyimizə addımlayacağıq. Bundan sonra normallaşmanı, münasibətlərin qurulmasını nümunə kimi götürməyi istərdik.  Bu kontekstdən çıxış edərək qlobal səviyyədə səylərimizi davam etdirəcəyik. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik qeyd etdi ki,  Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” iqtisadiyyat, elm, iqlim sahələri kimi qlobal çağırışların səsləndiyi mühüm platformadır. UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramos mədəniyyət sahəsi ilə bağlı əməkdaşlıq məsələlərinə də toxunaraq vurğuladı ki, biz, əslində, əməkdaşlığı çox geniş sayda ölkələrlə edirik. Biz burada Azərbaycanı da nəzərdə tuturuq. İstəyirik ki, burada məhz incəsənət, mədəniyyət, elm sahələrində fəaliyyət göstərən xadimlər bir araya gəlsinlər, öz fərqli identikliklərini bölüşsünlər, öz tarixçələrindən danışsınlar. Azərbaycan bu baxımdan çox gözəl tanınan ölkədir.  BMT-nin Dünya Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Uroseviç Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirlərin turizm və miqrasiya sahəsində də mövcud problemlərin həllində əhəmiyyətini vurğulayaraq bildirdi ki, ilbəil bu Forum öz əhəmiyyətini tərəfdaşlığın möhkəmləndirilməsi, tövsiyələrin verilməsi, mədəniyyətlərarası dialoq çərçivəsində mühüm və aktual məsələlərin təşviqi üçün əsas platforma kimi nümayiş etdirir.

Göründüyü kimi, Azərbaycan əməkdaşlıq məkanı kimi yeri və rolunu möhkəmləndirir. Keçirilən tədbirlər yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayır.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1044
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
684
Sabah 5 kəndin qazı kəsiləcək
507
Bu yol qovşağında təmir işləri aparılacaq
464
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
418
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
290
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
266
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
243
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
220
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
Bakıda 9 otaqlı evdə yanğın baş verib
175
Çingiz Mustafayevin toyudur - FOTOLAR
166
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
161
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
157
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
115
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
107
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
73
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
69
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
62