AZ

“Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” mövzusunda müzakirələr aparılıb

Bakı, 1 may, AZƏRTAC

Mayın 1-də “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib.

AZƏRTAC xəbər verir ki, panel sessiyada çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov Forumun ənənəyə çevrildiyini bildirib. Nazir müavini qeyd edib ki, dünyanın bir çox ölkələrində terror aktları törədilir, insanlara qarşı ayrı-seçkilik aparılır. Ksenofobiya bəşəriyyətin tərəqqisini əngəlləyir, zorakılıq, münaqişə, terrorizm təhlükəsini artırır. Bəzi dairələr xalqlar və dinlər arasında münaqişələri alovlandırırlar. Problemin həllində təməl amil kimi təhsil olmalıdır.

“Təcrübə göstərir ki, təhsilli insanlar münaqişələrin daha asan həll edilməsinə imkan yaradırlar. Ölkəmiz mədəniyyətlərarası dialoq tərəfdarı olaraq prosesə öz töhfəsini verir. Hazırda heç bir şübhə yoxdur ki, tolerantlıq olmadan ksenofobiyanın dəf edilməsi mümkün deyil. Azərbaycan irqindən, dilindən, dinindən asılı olmayaraq hər bir vətəndaşın təhsil almasına imkan yaradır. Onlara öz mədəni irslərinin qorunub saxlanılması üçün hər cür şərait yaradılıb”, - deyə Firudin Qurbanov qeyd edib.

Nazir müavini çıxışında Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsinin başlıca məqsədindən söz açıb. Bildirib ki, bu layihə təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırır: “Bu gün azərbaycanlı məktəblilər olimpiadalar və yarışlarda iştirak edirlər. Belə tədbirlər gənc yaşlarda mədəniyyətlərarası dialoq və xalqlar arasında həmrəylik yaradır. Hazırda Azərbaycanda ali təhsil müəssisələrində 10 minədək əcnəbi tələbə təhsil alır.

Ümumilikdə xaricdə dövlət proqramları çərçivəsində 4500-ə yaxın gəncimiz dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Bugünkü Forum mədəniyyətlərarası dialoq sahəsində fikir mübadiləsi üçün geniş imkanlar yaradacaq. Mədəni müxtəliflik böyük dəyərdir və bunu qoruyub saxlamaq lazımdır”.

ABŞ-ın Corc Meyson Universitetində Cimmi və Rozalin Karter Sülh və Münaqişələrin Həlli Məktəbinin dekanı Alpaslan Özerdem çıxışında bildirib ki, təhsil az maliyyələşdirilən sahədir. Burada sosial və mədəni baryerlər var. Adət-ənənə baryerləri köklərimizə qədər dərinləşib və bunları dəyişdirmək çətindir. İnkişaf etməkdə olan ölkələrdə gənclər iş tapmaqda çətinliklərlə qarşılaşırlar: “Ksenofobiya və ayrı-seçkilik adətən kiberməkanlarda baş verir. Bunların qarşısını almaq olduqca çətindir. Ksenofobiya və ayrı-seçkilik haqqında danışanda siyasi qütbləşmədən danışmaq lazımdır”.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında Azərbaycanın çoxmədəniyyətli ölkə olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, biz müxtəlif mədəniyyətlərin qovşağında yaşayırıq və bu bizim həyat tərzimizdir. Lakin radikal ekstremist ideologiya və tolerantlıq arasında mübarizə var. Bəzən resurslar məhdud olur. Belə anlarda yaradıcı olmaq lazımdır. Prorektor bildirib ki, tələbələri böyük vəsait tələb etməyən proqramlara cəlb etmək lazımdır: “Bu proqramlar effektiv olur. Biz tələbələrimizi müxtəlif dini məbədlərə aparırıq və beləliklə onlar mədəniyyətlərlə tanış olurlar.

ADA Universitetində Afrika, Asiya ölkələrindən tələbələrin cəlb edilməsi üçün proqramlar var. Onlar ölkəmizin mədəniyyəti ilə tanış olurlar. Kibermühit yeni fenomendir. Biz bu məsələləri nəzarətdə saxlamalıyıq. Çoxşaxəlilik yaratmalıyıq və kurikulumdan kənar fəaliyyətdə də bunları tətbiq etməliyik”.

Panel sessiyada, həmçinin “Alfred Deakin” Vətəndaşlıq və Qloballaşma İnstitutunun təsisçisi professor Feti Mansuri, Beynəlxalq Pedaqoqlar Assosiasiyasının (NAFSA) prezidenti və baş icraçı direktoru Fanta Av, Ərəb Birliyinin Təhsil, Mədəniyyət və Elm Təşkilatının (ALECSO) baş direktoru professor Mohammad Old Omar, Barselona Diplomatik Məktəbinin direktoru Xoakim Balselsin, Pekin Universitetinin İncəsənət Məktəbinin dekanı professor Fenq Penq, Oman Sultanlığının UNESCO-dakı daimi nümayəndəsi, səfir Həmid əl-Həmami çıxış ediblər.

Xatırladaq ki, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ICESCO-nun tərəfdaşlığı ilə keçirilir.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla