AZ

Macarıstan Avropa İttifaqında Azərbaycanın ən etibarlı müttəfiqinə çevrilir...

Image

Son günlərin ən çox diqqətçəkən mövzularından biri, heç şübhəsiz, Macarıstanın Avropa İttifaqı (Aİ) Sülh Fondundan Ermənistana dəstək layihəsini bloklamasıdır. Bu barədə danışmazdan öncə xatırladaq ki, Ermənistanı anti-Rusiya platsdarmına çevirmək istəyən Qərbdə müəyyən dairələr regionda yeni gərginlik ocağı yaratmağa can atır. 

Aprelin 5-də Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, ABŞ dövlət katibi Entoni Blinken, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə görüş də yuxarıda qeyd olunan məqsədə xidmət edir. Sonradan bəlli oldu ki, görüş zamanı Ermənistana hərbi dəstəyin göstərilməsi məsələsi də müzakirə olunub. O da məlum oldu ki, üçtərəfli görüşdə İrəvanın Avroatlantik məkana inteqrasiyası məqsədilə bağlı qapılar arxasında imzalanan çoxsaylı siyasi, iqtisadi və humanitar sahələrə dair sənədlər arasında hərbi əməkdaşlığı nəzərdə tutan saziş də yer alıb. Bu çərçivədə ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. Həmin məqam Ermənistanla ABŞ arasında hərbi əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsindən xəbər verir. Strateji Müdafiə İcmalının və yeni hərbi doktrinanın hazırlanması təkcə cari müdafiə strategiyalarının deyil, həm də Ermənistanın milli təhlükəsizlik məsələlərinə yanaşmasının tamamilə yenidən nəzərdən keçirilməsini özündə ehtiva edir. Onu da qeyd edək ki, bir neçə gün öncə ABŞ-nin İrəvandakı səfiri Kristina Kvin səfirlikdə Ermənistan müdafiə nazirliyi ilə fəal əməkdaşlıq edəcək hərbi müşavirin də çalışacağını bəyan edib. Diplomat, həmçinin bəyan edib ki, Ermənistan Birləşmiş Ştatlardan zirehli təcili yardım maşınları istəyib və böyük ehtimalla tezliklə onları alacaq. Hərçənd, Brüssel görüşü ərəfəsində ABŞ və Avropa İttifaqı müxtəlif səviyyələrdə rəsmi Bakını əmin etməyə çalışırdılar ki, əməkdaşlıqda hərbi komponent yoxdur. Amma bundan az sonra Avropa İttifaqının Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu çərçivəsində yardım paketini qəbul etdiyi məlum olub. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlığını gücləndirmək məqsədi daşıyır. Artıq Brüssel razılaşmasına uyğun olaraq Avropa İttifaqı 2,5 il ərzində Ermənistanda bir batalyonun modul səhra düşərgəsi üçün 10 milyon avro ayrılması barədə qərar qəbul edib. Vəsait Avropa Sülh Fondu tərəfindən verilməli idi. Modul tipli düşərgəyə, həmçinin, klinika, müvafiq xidmətlər və obyektlər daxil olacaq. Qeyd edilir ki, bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinin dayanıqlılığını və sabitliyi bərqərar etmək qabiliyyətini artırmaqdır. Amma Avropa Sülh Fondunun bu addımlarına məhz Macarıstan əngəl olur. Diplomatik mənbələr “Azadlıq” radiosuna bildiriblər ki, Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb edir. Mənbələrə görə, bu da vəziyyətdən çıxış yolu kimi qiymətləndirilir. 

Görünən odur ki, Avropa İttifaqı qatı ermənipərəst mövqe ortaya qoyan Avropa Sülh Fondu vasitəsilə Ermənistana hərbi yardımların göstərilməsi imkanlarını genişləndirməyə çalışır. Fond Ermənistan üçün fəlakətli ssenarilər hazırlayır. İkinci Qarabağ müharibəsindən sonra bu proses daha da gücləndirilib. Ancaq Macarıstan buna əngəl olur, Avropa İttifaqını birtərəfli mövqe sərgiləmkdən çəkindirməyə çalışır. Qeyd edək ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bu günlərdə  Azərbaycana rəsmi səfərdə olub. Burada o bildirib ki, Macarıstan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Onun sözlərinə görə, Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir. Siyarto Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı Avropa İttifaqının müxtəlif məsələlər üzrə ölkəsinə təzyiqindən də danışıb: “Macarıstan hökuməti Avropa İttifaqı rəhbərliyinin təzyiqlərinə baxmayaraq, bir sıra beynəlxalq məsələlərdə, o cümlədən Ukrayna münaqişəsi və Rusiya ilə münasibətlərdə müstəqil mövqeyini qoruyacaq”. O qeyd edib ki, son 14 il ərzində baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan hökuməti Qərb ölkələrində hakimiyyətdə olan “əsas liberal cərəyan” tərəfindən davamlı hücuma məruz qalıb. Buna baxmayaraq, o, öz fikirlərindən əl çəkmək niyyətində deyil: “Biz təslim olmamışıq və son iki il ərzində sülhün tərəfdarı Ukraynada da  olmaqda davam etmişik. Biz öz mövqeyimizdən əl çəkməmişik, sülh həyatları xilas edə və gələcək dağıntıların qarşısını ala bilər. Silah tədarükü yalnız müharibəni uzadır və yeni qurbanlara gətirib çıxarır. Biz sanksiyaların mənasız olması mövqeyimizdən əl çəkməmişik, çünki onlar Avropa xalqlarına daha böyük ziyan vurur”.  Burada bir məqamı da qeyd edək ki, Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin mövqeyinə xidmət etməklə yanaşı Avrasiya qitəsi üçün çox böyük önəm kəsb edir. İki ölkə arasında imzalanmış olan strateji tərəfdaşlığa dair sənədlər münasibətlərin bariz nümunəsi hesab edilir. Ölkəmizin xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tutur. Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Bu ölkə Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Eyni zamanda, Macarıstan türk dünyasının Avropaya açılan qapısıdır. Macarıstanın Türk Dövlətləri Təşkilatına müşahidəçi statusunda üzv olması bu baxımdan önəmlidir. 

Nahid SALAYEV





Seçilən
66
36
Mənbələr
Şərh ()
Bağla