AZ

Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol

Naxçıvandan

Bakı, 1 may, AZƏRTAC

Azərbaycan xalqı özünün dövlətçilik və müasir müstəqillik tarixinin ən şərəfli günlərini yaşayır. Aprelin ortalarından etibarən Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməyə başlaması, sonra isə Ermənistanın işğalı altında olan Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı razılığın əldə edilməsi Prezident İlham Əliyevin yaratdığı zəfər salnaməsinin növbəti təntənəsinə çevrilərək, hər birimizin dərin sevincinə səbəb oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Günel Yazın “Naxçıvandan Türk dünyasına uzanan şərəfli yol” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bizim ailəmiz Türk dünyasıdır

Vətən müharibəsindəki Zəfərimizi və 2023-cü ildə bütün torpaqlarımız üzərində milli suverenliyimizin təmin olunmasını şərəfləndirən bu siyasi diplomatik hadisələrin nəticəsi kimi 2024-cü il də tariximizə növbəti qürurverici dövr kimi daxil oldu. Eyni zamanda, Azərbaycanın milli maraqlarının qətiyyətlə təmin olunduğunu nümayiş etdirən bu uğurlar digər əlamətdar hadisələrlə bağlı tədbirlərin daha böyük coşqu ilə keçirilməsi ilə müşahidə edilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar tədbirlər də xalqımızın Zəfər ovqatına bürünüb.

Naxçıvanın xalqımızın istər keçmişində, istərsə də müasir tarixində mühüm yeri olub. Naxçıvan tarix boyu xalqımızın siyasi-ictimai, mədəni, elmi həyatına hər zaman böyük töhfələr verib. Bu qədim diyar hər zaman düşmən qarşısında alınmaz qala olub, yadelli işğala qarşı qətiyyətlə mübarizə aparıb, burada zəngin dövlətçiliyimizin şərəfli səhifələri yazılıb. Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamında deyildiyi kimi, strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf edib.

Naxçıvan həm də qədim türk yurdudur, Türk dünyasının birləşdirici nöqtəsidir. Azərbaycan xalqının bütün Türk dünyasının qürurverici hadisələrinə çevrilən bir çox uğurları məhz Naxçıvanda yaşanıb. Naxçıvanda yaranmış Azərbaycan dövlətləri, bu diyarın mədəni və ədəbi irsi, bütövlükdə, Türk dünyasının tarixdəki inkişafının və yüksəlişinin ən mühüm göstəriciləridir.

Onu da qeyd etməliyik ki, tarixi Azərbaycan torpağı olan Naxçıvanın muxtariyyəti də Azərbaycan və Türkiyə başda olmaqla Türk dünyasının böyük uğurudur. Tarixdən məlum olduğu kimi “Böyük Ermənistan” xülyasında olan ermənilər bu saxta iddialarını reallaşdırmaq üçün hələ XIX əsrdən Naxçıvanı hədəf götürüblər. Bu məqsədlə erməni quldur dəstələri İrəvan, Zəngəzur və Qarabağla yanaşı, Naxçıvan ərazilərində də azərbaycanlı əhaliyə qarşı məqsədli şəkildə çoxsaylı soyqırımı cinayətləri törədiblər. Lakin naxçıvanlılar heç vaxt düşmənə təslim olmayıb, bu diyarı erməni təcavüzündən layiqincə qoruyublar.

Azərbaycanda sovet hakimiyyətinin qurulmasından və Zəngəzurun Ermənistana verilməsindən sonra isə Naxçıvanın muxtariyyəti məsələsi gündəmə gəldi. Çünki xüsusən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsindən sonra ermənilər Naxçıvanı da ilhaq etmək üçün yeni planlarını işə salmışdılar. Lakin 1921-ci ilin mart ayında imzalanan Moskva və 1921-ci ilin oktyabrda imzalanan Qars müqavilələri erməni məkrini alt-üst etdi. Belə ki, bu müqavilələrlə Naxçıvanın muxtariyyət statusu təsbit edildi. Hətta Qars müqaviləsində Naxçıvan Muxtar Respublikasına hər hansı bir başqa dövlət tərəfindən müdaxilə edilərsə, Türkiyə Cümhuriyyətinin onu himayə etməsinə dair xüsusi bir müddəanın daxil edilməsi bu anlaşmanın tarixi-siyasi əhəmiyyətini daha da qüvvətləndirib.

Bütövlükdə Naxçıvanın statusunun Moskva və Qars müqavilələrində əks olunması həm o dövr baxımından, həm də Azərbaycanın çağdaş dövründə böyük siyasi əhəmiyyət kəsb edən hadisə kimi qiymətləndirilməlidir. 1924-cü il fevralın 9-da isə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Respublikası yaradıldı. Bununla da Naxçıvan Azərbaycan ərazisi kimi qorunub saxlanıldı. Əlbəttə ki, bu mühüm tarixi hadisənin reallaşmasında qardaş Türkiyənin mövqeyi əsas rol oynadı. Müasir dövrümüzdə də Naxçıvan Türk dünyasının döyünən ürəyidir. Hazırda qlobal müstəvidə güclü siyasi-iqtisadi platforma kimi özünü göstərən, getdikcə daha mötəbər birliyə çevrilən Türk Dövlətləri Təşkilatının da təməli 15 il öncə - 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün qoyulub.

Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda və 2006-cı ildə Antalyada keçirilib. Naxçıvanda keçirilən zirvə görüşündə isə Azərbaycan, Qazaxıstan və Türkiyə prezidentləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ - indiki Türk Dövlətləri Təşkilatı) yaradılması haqqında Naxçıvan Sazişini imzaladılar və bununla da türk dövlətlərinin təşkilatlanması özünün yeni mərhələsinə qədəm qoydu. Sazişi o zaman Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzaladığından bu 4 dövlət təşkilatın təsisçi üzvləridir.

Qürur doğuran həmrəylik nümunəsi

Naxçıvan Sazişinə əsasən, türkdilli dövlətlər tarixi bağlara, ümumi dil, mədəniyyət və ənənələrə əsaslanaraq, hərtərəfli əməkdaşlığın dərinləşməsinə səy göstərərək, siyasi çoxqütblülük, iqtisadi və informasiya qloballaşması proseslərinin inkişafı şəraitində regionda sülhün möhkəmləndirilməsi, təhlükəsizlik və sabitliyin təmin edilməsinə birgə töhfə verilməsini arzulayaraq, ümumi qurum çərçivəsində qarşılıqlı əlaqənin dövlətlər və onların xalqları arasında xoş qonşuluq, vahidləşmə və əməkdaşlıq üçün geniş potensialdan faydalanmağa şərait yaratdığını hesab edərək TDƏŞ formatında əməkdaşlıq mexanizmini yaradıb. Sazişin məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün Dövlət Başçıları Şurası, Xarici İşlər Nazirləri Şurası, Yüksək Vəzifəli Şəxslər Komitəsi, Türkdilli Dövlətlərin Ağsaqqallar Şurası, Katiblik təsis edilib.

Türk Şurası da adlandırılan TDƏŞ-in əsas məqsəd və vəzifələri tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olunması, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması kimi hər bir dövlət üçün vacib əhəmiyyət kəsb edən məsələlər olub.

Yarandıqdan sonra təşkilatda təmsil olunan Türk Şurasının 8 zirvə görüşü keçirilib. Birinci zirvə görüşü “İqtisadi əməkdaşlıq” mövzusunda 2011-ci il oktyabrın 20-21-də Almatı şəhərində baş tutub. İkinci zirvə görüşü 2012-ci avqustun 22-23-də Bişkekdə keçirilib və mövzusu “Təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlıq” olub. 2013-cü il avqustun 15-16-da Qəbələdə keçirilən üçüncü zirvə görüşünün mövzusu “Nəqliyyat və bağlantı” idi. “Turizm sahəsində əməkdaşlıq” mövzusunda dördüncü zirvə görüşü 2014-cü il iyunun 4-5-də Bodrumda, “Media və informasiya sahəsində əməkdaşlıq” mövzusundakı beşinci zirvə görüşü isə 2015-ci il sentyabrın 10-11-də Astanada keçirilib. TDƏŞ-in altıncı zirvə görüşü 2018-ci il sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində baş tutub. Onun mövzusu “Gənclik və beynəlxalq idman” olub.

Türk Şurasının 2019-cu oktyabrın 14-15-də Bakıda keçirilən və TDƏŞ-in yaranmasının 10-cu ilinə təsadüf edən VII zirvə görüşü “Kiçik və orta biznesin dəstəklənməsi” mövzusuna həsr edilmişdi. TDƏŞ-in yaranmasının 10-cu ilinə təsadüf edən bu zirvə görüşü Türk Şurasının sıralarının genişlənməsi ilə əlamətdar oldu. Məhz bu görüşdə Özbəkistan quruma tamhüquqlu üzv qəbul edildi. Özbəkistanın Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığı müasir dövrün tələblərinə uyğun olaraq türkdilli dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

VII zirvə görüşü bütün dünyaya verilən ən mühüm mesajlarla yadda qaldı. Dövlət başçılarının çıxışları göstərdi ki, münasibətlərin inkişafı ilə bağlı irəli sürülən təklif gələcəkdə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Ən əsası isə Bakı görüşü bir daha təsdiqlədi ki, qloballaşan və dəyişən dünya nizamına türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir.

Azərbaycanın Zəfəri bütün Türk dünyasının uğurudur

Türk Şurasının 2021-ci noyabrın 12-də İstanbulda keçirilən “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusunda VIII zirvə görüşü TDƏŞ adı altında keçirilən sonuncu tədbir oldu. Bu Zirvə görüşü olduqca mühüm hadisələrlə yadda qaldı. Belə ki, İstanbulda təşkilatın katibliyinin yeni binasının açılış mərasimi keçirildi, Şuranın adının Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi, Türkmənistana Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunun verilməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı qərarlar qəbul olundu. VIII zirvə görüşünün ən mühüm hadisəsi isə Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi oldu. Qeyd edək ki, bu, Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra keçirilən ilk zirvə görüşü olduğundan 44 günlük müharibədə qazanılan Zəfər bütün Türk dünyasının uğuru olaraq tədbirin yüksək ovqatını müəyyən edən amil kimi özünü göstərdi. Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə Azərbaycanın Vətən müharibəsindəki tarixi və möhtəşəm Qələbəsinə və türk birliyinin daha da möhkəmləndirilməsindəki səylərinə görə təltif olundu. Vətən savaşındakı Qələbə ilə Azərbaycan 30 ilə yaxın işğal altında qalan torpaqlarını azad etdi. Ermənistanın işğal siyasətinə son qoymaqla Azərbaycan BMT-nin kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdi. Bu qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar və yeni əməkdaşlıq imkanları yaradıb.

Türk Dünyasının Ali Ordenini təltif edərkən “Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev”, - deyə müraciət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, “qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır”. Türkiyə Prezidenti xüsusi vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi Türk dünyasının birliyini və bərabərliyini genişləndirmiş, Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” Türk dünyası üçün Zəfərin müjdəçisi olmuşdur.

Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması dövlətimizin başçısının şəxsiyyətinə göstərilən böyük ehtiramın nümunəsidir. Bu mükafat Azərbaycan Prezidentinin dünyadakı yüksək nüfuzunun təcəssümüdür. Türk Dünyasının Ali Ordeninə görə dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev bunun bütün Azərbaycan xalqına verilmiş mükafat olduğunu bildirib: “Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər. Onların imzası ilə və Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.

Heç bir qüvvə Türk dünyasına təhdid yarada bilməz

Türk Dövlətləri Təşkilatının IX zirvə görüşü 2022-ci il noyabrın 11-də həmin il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilmiş Özbəkistanın Səmərqənd şəhərində keçirildi. “Türk mədəniyyəti üçün yeni dönəm: Ortaq inkişaf və rifaha doğru” mövzusuna həsr olunmuş Zirvə görüşündə müzakirə olunan məsələlər göstərdi ki, İstanbulda keçirilmiş VIII zirvə görüşündən sonra türk dövlətləri arasındakı əlaqələr yüksələn xətlə inkişaf edib. Məhz bu görüşdə Şuşanın 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi bir daha göstərdi ki, bütün türk dövlətləri Azərbaycan torpaqlarının işğaldan azad edilməsini Türk dünyasının böyük uğuru kimi qəbul edir.

2023-cü il noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley zirvə görüşü keçirilib. Bu zirvə görüşündəki nitqində Prezident İlham Əliyev türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu bəyan edib: “Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”.

Astana görüşündə əldə olunan razılaşmaların isə türk dövlətlərinin münasibətlərinə yeni töhfələr verəcəyi şübhəsizdir.

Bütün bunlarla yanaşı, 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş fövqəladə zirvə görüşü keçirilib. Bu görüş dövlət və hökumət başçıları səviyyəsində pandemiyaya həsr olunan və videokonfrans vasitəsilə təşkil edilən ilk beynəlxalq tədbir olub.

Bir neçə aydan sonra Türk Dövlətləri Təşkilatının yaranmasının 15-ci ildönümü tamam olacaq. Təşkilat 15 ildə mühüm təşəkkül dövrü keçib, sürətlə təşkilatlanıb. Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası kimi qurumların fəaliyyəti sayəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib. Bu dövrdə Özbəkistanın təşkilata üzv qəbul edilməsi, Türkmənistan və Macarıstanın müşahidəçi qismində təmsil olunmaları TDT-nin sıralarını daha da möhkəmləndirib. Dost və qardaş türk dövlətlərinin dil, tarix və mədəniyyətindən güc alan TDT Avrasiyada sülh, sabitlik və rifaha önəmli töhfələr verərək regionun nüfuzlu təşkilatlarından birinə çevrilib. Təşkilat 15 ildə dünyanın bir çox nüfuzlu qurumları ilə əməkdaşlıq qurub və bu əlaqələr hazırda uğurla davam edir.

Bütövlükdə, 15 illik tarix göstərir ki, TDT türk dövlətləri arasında yalnız əlaqələrin genişlənməsinə deyil, həm də 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edən bütün Türk dünyasının qlobal nüfuzunun yüksəlməsində böyük rol oynayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində bu mövzuya xüsusi toxundu və qeyd etdi ki, biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik: “Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

Bu gün Türk Dövlətləri Təşkilatı Naxçıvandan doğan Günəş Türk dünyasına işıq saçır. Türk Dövlətləri Təşkilatı dünyanı barış və sülhə, bütün dövlətləri dostluğa və əməkdaşlığa çağırır. Çünki türk dövlətlərin ruhunda, mahiyyətində heç vaxt xəbis məqsədlər olmayıb və ola da bilməz. Ən əsası türk dövlətləri arasında həmrəylik artıq elə bir səviyyəyə çatıb ki, heç bir kənar qüvvə onlar üçün təhdid yarada bilməz.

Seçilən
26
48
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Bakıda hoteldə yanğın başlayıb
1032
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
672
Sabah 5 kəndin qazı kəsiləcək
500
Bu yol qovşağında təmir işləri aparılacaq
456
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
417
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
278
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
265
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
238
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
212
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
209
Çingiz Mustafayevin toyudur - FOTOLAR
166
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
156
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
153
Bakıda 9 otaqlı evdə yanğın baş verib
150
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
111
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
103
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
72
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
70
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
66
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
58