AZ

"İçək o sağlığa ki, imkanlarımızla arzularımız üst-üstə düşsün” - Əlizadə ilə müsahibə

Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Zərdüşt bəy, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündə çərçivə sülh sazişinin mətni üzərində müzakirələrin aparılacağı ehtimal edilir. Sizin gözləntiləriniz nədən ibarətdir? Tərəflər son günlər davam edən müsbət dinamika fonunda sülhə nə dərəcədə yaxındırlar?

- Sülh sazişinin Almatıda imzalanacağı gözləntisi azdır. Amma Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə dostdur. Ermənistan tərəfi də artıq anlayır ki, Qazaxıstan vacib ölkədir. Bu sırada Tokayev də vacib siyasətçidir. O baxımdan Qazaxıstanda müəyyən razılaşmanın olması ehtimalından danışmaq olar.

- Moskva Almatı görüşünə hansı kontekstdə yanaşır?

- Rusiya da Qazaxıstanda əldə olunacaq razılaşmaya isti baxır. Çünki Moskva Tiflis və Brüsseldə olacaq razılaşmalara heç də müsbət yanaşmır. Hazırda tərəflər arasında danışıqlar davam edir. Demək olar ki, hadisələr müsbət məcrada gedir.

- Sizcə, tərəflərin vasitəçi olmadan yekun razılığa gəlməsi mümkündürmü?

- Ən optimal görüş ikitərəfli kontekstdə aparılan danışıqların çərçivəsidir. İkitərəfli çərçivədə Azərbaycanla Ermənistan ötən ilin dekabrında müsbət razılıq əldə edib. Son olaraq isə Qazaxın 4 kəndinin geri qaytarılması bunun bariz nümunəsidir. Ona görə də, müsbət nəticələr ikitərəfli çərçivədə həll olunacaq.

- Bundan sonra digər platformalarda görüşlərin keçirilməsinə ehtiyac qalacaqmı?

- Digər platformalardan tərəflər imtina etmir. Ola bilsin, növbəti dəfə Brüsseldə, Vaşinqtonda, Astanada görüşlər olsun. Amma bu görüşlər prosesin mahiyyətini dəyişmir. Faktiki olaraq Qazaxıstan vasitəçi olmadığını açıqladı.

- Qərb platformasındakı görüşlərdən imtinanın səbəbi Ermənistana olan birmənalı mövqe ilə də izah olunur...

- Bu faktlar var idi. Qərb dövlətləri açıq şəkildə Ermənistana "daydaylıq" edirdilər. Bunun fonunda isə Azərbaycana ögey münasibət bəslənirdi. Bakı müəyyən həddə qədər bu ögey yanaşmalara səbirli yanaşırdı. Beləliklə Azərbaycan Qərbin "bərəkallahına" ehtiyac duymadan onların platformasından uzaqlaşdı. Bundan sonra Azərbaycan nə Qranadaya, nə də ki, Brüsselə getmədi.

- İndiki halda sanki Qərbdə Azərbaycanla bağlı ritorika dəyişir...

- Qərb anladı ki, Azərbaycanla təzyiq ritorikası ilə danışmaq işə yaramır. Başladılar, dillərinin altına qənd qoyub, Bakı ilə danışmağa... Bizimkilər də dedi ki, bu başqa məsələ... Nəticədə, Azərbaycan Prezidenti Almaniyaya dəvət edildi. Kansler Olaf Şolzla görüşlər oldu.

- Amma Fransa Azərbaycanla bağlı hələ də qərəzli davranır...

- İstisna edilmir ki, bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron da Azərbaycan Prezidenti ilə görüşmək istəyəcək. Amma onunla söhbət tamam başqa cür olacaq. Makronun bizimlə söhbəti başqa müstəvidə olacaq: "Yəni adın nədir? - Daşdəmir! Yumşalısan-yumşalı...". Çünki Makronun başqa yolu qalmayıb. Onun Azərbaycana qarşı heç bir təsir imkanı yoxdur. Azərbaycan Fransadan asılı deyil. Fransanın Pejo avtomobilləri və ya Total şirkətinin texnologiyaları olmasa, Azərbaycan yaşaya bilməz? Əlbəttə ki, yaşaya bilir. Odur ki, indiki halda Azərbaycanla münasibətləri korlamaq Fransaya əl vermir.

- Fransa səfirinin yenidən Bakıya qayıtmasını bu konktekstdə izah etmək olarmı?

- Səfir yenidən qayıdıb, xoş gəlib, səfa gətirib. Gəlsin, yenidən peşə borcunu, vəzifəsini icra etsin. Azərbaycan buna etiraz etmir. Çünki Ermənistan üzərində oyun qurmaqla istəklər reallaşmır. İstəklə imkan uzalaşmadıqda yada “Qafqaz əsiri” filmindəki sağlıq düşür. Orada belə deyilir: "İçək o sağlığa ki, imkanlarımızla arzularımız üst-üstə düşsün!".


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
36
Mənbələr
Şərh ()
Bağla