AZ

"O, Avropa ilə yaxınlaşmaqla bu məsələləri həll etmək istəyirdi..."- Tariximizə fərqli baxış

“Bu plan türkləri zəiflətməyə çalışan Avropa dövlətləri üçün də sərfəli idi...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
(Əvvəli burada: )
 
Şərqlə Qərbi birləşdirən Ağqoyunlular...- XXIV mövzu
 
Ağqoyunlu sülaləsinin hakimiyyəti. Azərbaycanın xarici əlaqələri...
 
Ağqoyunlu sülaləsi XIV əsrin ortalarında siyasi iddialarını ortaya qoydu.
Ağqoyunlular XIII əsrdən başlayaraq Cənubi Qafqazda, Qafqaz dağları ilə Araz
çayı arasındakı ərazilərdə, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında, həmçinin
Azərbaycanın Araz çayından cənuba doğru ərazilərində, Şərqi Anadolu, Əcəm
İraqı, Dəclə və Fərat çaylarının yuxarı axarlarını əhatə edən ərazilərdə yaşayırdılar
[11, s.114; 1, s.95]. Ağqoyunluları tarixdə “Bayandurlar” kimi də təqdim edirlər.
Onlar oğuzların bayandur nəslindən idilər. Türk mənbələrində onları “Bayandur
xan oğulları”, fars mənbələrində “Bayanduriyyə” formasında verirlər [14]. (Bəzi
məlumatlara görə, bayandurlar e.ə. IV-III əsrlərdən Azərbaycan ərazilərində
yaşayıb)...
Ağqoyunlu sülaləsinin ilk məlum nümayəndəsi Əlaəddin Turəli bəy (1340-
1362) olub, o, kiçik dövlət qurumuna-bəyliyə rəhbərlik edirdi. Turəli bəyin
vaxtında onlar Trabzon yaxınlığında bir yaylaqda yerləşmişdilər. Turəli bəy
Trabzondakı yunan hakimiyyəti ilə xoş münasibətlər qurdu, nigah
diplomatiyasından istifadə edərək, Trabzon hökmdarı III Aleksiosun bacısı
Mariyanı 1352-ci ildə oğlu Qutlu bəyə aldı [14]. Ağqoyunlu sülaləsinin yunan
hakim ailəsi ilə bu nigah diplomatiyası sonralar da davam etdirilirdi, sülalənin ən
görkəmli nümayəndəsi Uzun Həsən də Trabzon hökmdarı IV İohanın qızı Feodora
(Dəspinə xatun) ilə evlənmişdi...
 
Turəli bəyin nəvəsi, Qutlu bəylə Mariyanın oğlu Qara Osman bəyin
dövründə (1403-1435) sülalənin bəylik olaraq hakimiyyəti xeyli gücləndi. Əmir
Teymurla Osmanlı sultanı İldırım Bəyazid arasındakı qarşıdurmadan məharətlə
istifadə edən Osman bəy faktiki olaraq 1396-cı ildən bəyliyə rəhbərlik edirdi. O,
Əmir Teymurun tərəfində olmaq qərarına gəldi və 1399-cu ildə onun Qarabağdakı
qışlağına gələrək müttəfiqlik təklif etdi. Qara Osman bəy öz qoşunları ilə 1400-cü
ildə Əmir Teymurun Anadolu yürüşlərində iştirak etdi, bu yürüşlərin nəticəsi
olaraq Malatya, 1401-ci ildə isə Diyarbəkiri və Mardini ələ keçirdi. O, 1402-ci ildə
Əmir Teymurun İldırım Bəyazidə qarşı məşhur Ankara döyüşündə də əsas
qüvvələrdən biri kimi çıxış etdi, qələbə ilə başa çatan döyüşdən öz payını aldı.
Qara Osman bəy mürəkkəb siyasi şəraitdə Teymurilər, Qaraqoyunlular və digər
rəqibləri ilə Azərbaycan və qonşu ərazilərdə sərt mübarizəni davam etdirir, bu və
digər bölgələri gah nəzarətə götürür, gah da itirirdi. Qara Osman bəy mərkəz
Diyarbəkir şəhəri olmaqla bəzi ətraf əraziləri, o cümlədən, indi Ermənistan deyilən
Qərbi Azərbaycanın xeyli hissəsini nəzarətində saxlaya bildi [16, s. 79; 14, s. 271;
13, s.260-263; 5, s.100]...
 
Ağqoyunlu sülaləsinin yüksəlişi Uzun Həsənin adı ilə bağlıdır. Onun
dövründə imperiyanın ərazisi 1,8 milyon kv.km. təşkil edirdi. Uzun Həsən
sülalənin müxtəlif nümayəndələrinin hakimiyyət uğrunda qarşıdurmalarına,
iddialarına son qoyaraq, 1451-ci ildə Diyarbəkirdə hakimiyyəti faktiki olaraq ələ
keçirdi. Uzun Həsən (1451-1478) dövrünün ən böyük hökmdarlarından birinə
çevrildi. O, ilk olaraq sülalədaxili ixtilaflara, ara müharibələrinə son qoydu,
hakimiyyətini möhkəmləndirdi və 1467-ci ildə Muş düzündə (indiki Türkiyənin
şərq əyalətlərindən biri) hakim Qaraqoyunlu sülaləsinin hökmdarı Cahanşahı
məğlub etdi, Cahanşah təqib zamanı naməlum şəraitdə öldürüldü, az sonra onun
müqavimət göstərməyə cəhd edən oğlu Həsənəli də məğlub edildi. Bununla
Azərbaycan dövlətinin başına Ağqoyunlu sülaləsi keçdi, Uzun Həsənin
hakimiyyəti Azərbaycanın Araz çayından cənuba və şimala doğru bütün
ərazilərini, o cümlədən indi Ermənistan deyilən Qərbi Azərbaycanı, həmçinin,
Xuzistan, Fars, Kirman vilayətlərini, İraqın bir hissəsini əhatə edirdi [14, s.19; 16,
s.145-148]. Dövlətin paytaxtı əvvəlcə Diyarbəkir, 1467-ci ildən sonra isə Təbriz
olmuşdur. Azərbaycan türkcəsi və fars dilləri dövlətin rəsmi dili olmuşdur [6,
s.36]. Ən iri şəhərləri Ərzurum, Naxçıvan, Kərkük olmuşdur. Ağqoyunlu
sülaləsinin nümayəndələri özlərini "İran padşahları" adlandırırdılar. Bəzi mənbələr
isə onları "İran torpaqlarının Azərbaycan padşahları" və ya sadəcə "Azərbaycan
padşahları" kimi qeyd edirlər [17, s. 351; 4, s.212, 227, 231]. Ağqoyunlu sülaləsi
Osmanlı və Teymurilərin dövlətləri ilə daim rəqabət aparır, Şirvanşahlar və yeni-
yeni formalaşmaqda olan Səfəvilər sülalələri ilə müttəfiqlik edirdi, nigah
diplomatiyasını işlədirdi. Uzun Həsən qızı Aləmşahbəyimi (Marta) Səfəvilərin
nümayəndəsi Şeyx Heydərə ərə vermişdi, oğlu Yaqub bəyi isə Şirvanşah Fərrux
Yasarın qızı Gövhər Sultanla evləndirmişdi. Ağqoyunlu sülaləsi bütün Azərbaycan
torpaqlarının birləşdirilməsi, güclü mərkəzi hakimiyyətin formalaşdırılması üçün
böyük işlər görürdü, eyni zamanda bu proseslərin başa çatması üçün ciddi zəmin
yaradırdı. Uzun Həsən geniş islahatlar apardı, qanunlar verdi. Onun bu sənədləri
“Padşah Həsənin qanunları” adı ilə tanındı. Bu qanunnamə dövlətin bütün
sahələrdə fəaliyyətini əhatə edir, güclü mərkəzləşmiş dövlətin qurulmasına xidmət
edirdi [2, s.91-106, 184-197]…
 
1468-ci ildə yeni sülalənin hakimiyyətə gəlməsi ölkənin siyasi qüvvələri
içərisində rəğbətlə qarşılandı. Ancaq xaricdə durum başqa idi. Xorasanda
hökmranlıq edən Teymuri Əbu Səid Cahanşahın oğlanlarını müdafiə etmək
bəhanəsi ilə Azərbaycana 27 minlik qoşunla yürüşə çıxdı. Güclü rəqiblə yeni
savaşa girmək istəməyən Uzun Həsən anası Sara Xatunun başçılığı ilə elçilərini
Əbu Səidin yanına göndərərək ona sülh təklif etdi. Ancaq Sara Xatun Əbu Səidi
niyyətindən döndərə bilmədi. O, elçiləri hörmətlə qarşılayıb, Uzun Həsənə tac və
qızıl kəmərli qılınc göndərsə də, yürüşü dayandırmaq istəmədi. Sara Xatun
dövrünün “mahir diplomat qadını” hesab olunurdu [9, s.48-49]. Güclü diplomat
olan Sara Xatun Əbu Səidi öz fikrindən döndərə bilməsə də xeyli gecikdirdi. Əbu
Səid Ağqoyunluya qarşı savaşda Teymurilərin ənənəvi müttəfiqi olan
Şirvanşahların köməyinə ümid edirdi. Şirvana daha yaxın olmaq üçün Əbu Səid
Şimali Azərbaycana, Muğana yürüşə başladı. Ancaq XV əsrin 60-ci illərinin
sonunda Azərbaycanda siyasi qüvvələrin mövqeyi və nisbəti dəyişmişdi. Təbrizlə
yanaşı, Şamaxı da, Ərdəbil də ölkənin müstəqilliyi uğrunda döyüşmək əzmində idi.
Yaranmış siyasi vəziyyətdən istifadə edərək Uzun Həsən Şivanşah Fərrux
Yasarı və Ərdəbil şeyxi Heydəri öz tərəfinə çəkdi. 1468-ci ilin payızında Əbu Səid
Araz çayını keçərək Qarabağa gəldi, sonra isə Muğana çəkildi. Müttəfiqlər onu
iqtisadi blokadaya aldılar. Qış şəraitində ərzağın və heyvanlar üçün yemin
çatışmaması qoşunun dağılmasına gətirib çıxardı [11, s.115]. Əbu Səid sülh
bağlamağı təklif etdi. Lakin Uzun Həsən razılıq vermədi və onun üzərinə hücüm
etdi. 1469-cu ildə Əbu Səidin qoşunları darmadağın edildi, özü isə əsir götürüldü.
Uzun Həsən diplomatik hərəkət edərək Əbu Səidi özü cəzalandırmadı və onu
Xorasan şahzadəsi Məhəmməd Yadigara göndərdi. Bir vaxt Əbu Səid onun anasını
öldürtdüyü üçün, o da intiqamını alıb Əbu Səidi edam etdi [16, s.177].
Uzun Həsən xarici siyasətə xüsusi önəm verir, Avropa dövlətləri ilə də əlaqə
qurmağa çalışırdı. Avropa dövlətləri ilə yaxınlaşmaqla Uzun Həsən aşağıdakı
məsələlərin həllinə nail olmaq istəyidi: 1) hərbi qüdrəti ilbəil artan qonşu Osmanlı
imperiyasına qarşı xristian ölkələrin simasında müttəfiqlər qazanmaq; 2) ticarət
əlaqələrini genişləndirmək, xüsusilə, Avropa üçün çox vacib olan ipək ixracını
təmin etmək, Avropa ölkələri ilə Şərq ölkələri arasında ticarətdə vasitəçiyə
çevrilmək və bu missiyanı Osmanlının əlindən almaq; 3) Avropalı hərb
mütəxəssislərinin köməyilə ordunu qabaqcıl silahlarla təmin etmək və silah
istehsalına başlamaq. Xüsusən, avropalı toptökən ustaların Azərbaycan dövlətinə
gətirilməsinə daha çox diqqət verilirdi. Ağqoyunlu ilə Osmanlının maraqlarının
kəsişdiyi məsələlərdən biri Trabzon məsələsi idi. Yunanlar hələ Bizans imperiyası
dövründə Trabzonu ələ keçirmiş, burada kütləvi məskunlaşmış və imperatorluq
yaratmışdılar (1204-1462). 1453-cü ildə II Mehmet İstanbulu fəth etdikdən sonra
bir çox Avropa ölkələri də türklərin əlinə keçdi. Cənubi-Şərqi Anadolunun böyük
hissəsi Osmanlılar tərəfindən tutulduqdan sonra Trabzon imperatorluğu türk
əraziləri arasında bir adaya bənzəyirdi. Trabzon imperatorluğu ilə Ağqoyunlu
arasında hələ XIV əsrdən dostluq və qohumluq münasibətləri qurulmuşdu. Trabzon
həm də Azərbaycanın Qara dəniz vasitəsilə Avropaya çıxışında mühüm rol
oynayırdı.
Uzun Həsən II Mehmeti Trabzonu tutmaq fikrindən daşındırmaq üçün anası
Sara Xatunun başçılığı ilə onun yanına böyük elçi heyəti göndədi. Sara Xatunun
qarşısına iki vəzifə qoyulmuşdu: 1) Sultanın Ağqoyunlu ərazisinə girməsinin
qarşısını almaq; 2) onu Tabzon səfərindən daşındırmaq. Sara Xatun II Mehmet
tərəfindən Bulqar dağının ətəyində, hərbi düşərgədə yaxşı qarşılanmış, danışıqlar
çox səmimi olmuş, onlar bir-birinə “ana-oğul” deyə müraciət etmişdilər. Sara
Xatun Sultanın Ağqoyunlu dövləti ərazisinə girməyəcəyi barədə razılığını alsa da,
Trabzon üzərinə hücumdan çəkindirə bilməmişdi [15, s.33]. 1461-ci ildə iki dövlət
arasında Yassıçəmən deyilən yerdə hərbi əməliyyatların dayandırılmasına dair sülh
müqaviləsi imzalandı. II Mehmet Uzun Həsənin arxadan zərbə vurmayacağına
əmin olaraq Trabzon üzərinə qoşun göndərdi və 1461-ci ilin avqustunda şəhəri ələ
keçirdi. Trabzon tutulduqdan sonra Ağqoyunlular Qara dənizə yeganə çıxış yolunu
itirdilər. Bu, Osmanlı-Ağqoyunlu münasibətlərinin pisləşməsinə səbəb oldu [16,
s.167]. Uzun Həsən diplomat kimi davranaraq elçilərlə hədiyyələr göndərib
Trabzonun alınması ilə Mehmet Fatehi təbrik etdi, ürəyində isə təcavüz və qisas
hissini söndürə bilməyib Avropanın xaçpərəst ölkələrinə üz tutdu. Osmanlının ən
qatı düşməni olan Venetsiya respublikası ilə Azərbaycan arasında anlaşma yarandı.
Avropa səyyahları və elçiləri bir-birinin ardınca Uzun Həsənin sarayına gəlməyə
başladılar.
 
Osmanlı dövlətinin zəifləməsində daha çox maraqlı olan Venetsiya
respublikası Katerino Zeno, İosafat Barbaro, Ambroco Kontarini kimi
diplomatlarını Ağqoyunlu sarayına göndərmişdi. Ağqoyunlu səfirləri İsaq, Hacı
Məhəmməd, Mirak, Həsən Əzən, Murad bəy, Xoca Avropa dövlətlərində
olmuşdular. Aparılan danışıqlar nəticəsində Osmanlı dövlətinə qarşı ittifaq
yaradıldı. Bu ittifaqa Roma Papası, Venetsiya respublikası, Genuya respublikası,
Neapol krallığı, Macarıstan krallığı, Kipr krallığı, Rodos dövləti, Qaraman bəyliyi
və Azərbaycan dövləti daxil idilər. Venetsiya Uzun Həsəni hərbi sursatla təchiz
etməyi öz üzərinə götürmüşdü [8, s.19-20]. Avropa ölkələri ilə Aralıq dənizi
tərəfdən əlaqələrdə Kiçik Asiyanın cənubunda yerləşən Qaraman bəyliyi böyük
əhəmiyyət kəsb edirdi. Buna görə də Uzun Həsən bu bəyliyin müstəqilliyinin
qorunub saxlanmasına çox diqqət yetirirdi.
 
1472-ci ildə Ağqoyunlu ilə Venetsiya arasında ittifaq bağlandı və tərəflər
qərbdən və şərqdən Osmanlı dövlətinə zərbə vurmağı planlaşdırdı. Bu plan türkləri
zəiflətməyə çalışan Avropa dövlətləri üçün də sərfəli idi. Tərəflərin razılığına
uyğun olaraq 1472-ci ildə Uzun Həsən Qaraman bəyliyi vasitəsilə Aralıq dənizi
sahillərinə çıxdı. Burada o, Venetsiyanın vəd etdiyi hərbi mütəxəssisləri və silah-
sursat almalı idi. Lakin silah-sursat gəlmədi. Çünki Venetsiya ikili siyasət yeridir,
Osmanlının ağır daxili vəziyyətindən istifadə edərək onunla gizli danışıqlar aparır,
ticarətdə güzəştlər qoparmağa çalışırdı. Ağqoyunlular Osmanlı dövlətinə qarşı
Avropa dövlətləri ilə vahid cəbhə təşkil edə bilmədi.
Türkiyə ilə Azərbaycan arasında yeni döyüşlər başladı. İlk döyüş 1473-cü il
avqustun 1-də Malatya yaxınlığında oldu. Murad paşanın başçılığı altında Osmanlı
qoşununun ön cərgəsi Ağqoyunlu sərkərdəsi Uğurlu Məhəmmədin yalançı
geriləməsinə aldanıb pusquya düşdü. Osmanlı qoşununun çoxu qırıldı, Murad paşa
özü Fərat çayında boğuldu [10, s.52-53]. Uzun Həsən oğlu Uğurlu Məhəmmədin
hücumu davam etdirmək təklifini qəbul etməyərək, qələbədən sonra yeni hücuma
keçmədi. Öz qüvvələrini toplayıb nizamlamaq imkanı alan II Mehmet, avqustun
11-də Tərcan yaxınlığında Otluqbeli (Türkiyənin Ərzincan vilayəti) döyüşündə
qəti uğur qazandı. Ağqoyunlu ordusu böyük itkilər verdi. İlkin döyüşlərdə Yusif
Mirzə və daha iki oğlunu itirən Uzun Həsən bu dəfə oğlu Zeynal Mirzəni şəhid
verdi (Həmin ərazidə 2008-ci ildə iki türk dövlətinin Şəhidlərinin xatirəsinə abidə
qoyulub) [12].
 
Yaranmış vəziyyət Uzun Həsəni ehtiyatlı siyasət aparmağa vadar edirdi.
1475-ci ildə italyan səyyahı Marko Rosso (Digər italiyalı səyyah Kontarinin
“Marko Rosso” adlandırdığı şəxs böyük ehtimalla “Rus Mark” mənasında
işlədilmişdi) [18] Moskoviya knyazlığı adından Təbrizdə olmuş, Moskva knyazı
III İvanın tapşırığı ilə Uzun Həsənlə Qızıl Ordaya qarşı birgə mübarizə aparmaq
barədə danışıq aparmışdı. Lakin Qızıl Orda xanı Əhməd ondan əvvəl elçi
göndərmiş və Uzun Həsəndən dövlətinin cənub sərhəddini pozmayacağına təminat
almışdı [1, s.93]. Gürcü hakimlər də Uzun Həsəndən uzaqlaşmağa başladılar.
Onlar Osmanlılara qarşı Ağqoyunlularla birgə mübarizədən imtina etdilər. Ona
görə də, Uzun Həsən 1474-1477-ci illərdə Gürcüstana hərbi yürüş etdi və ölkənin
çox hissəsini tutdu. 1477-ci ildə VI Baqratla bağlanan sülhə görə Tiflis də daxil
olmaqla, Şərqi Gürcüstan Azərbaycan dövlətinə daxil edildi [3, s.110-111].
1478-ci il yanvarın 5-də ömrünün ən yetkin çağında – 54 yaşında Uzun
Həsən qəflətən vəfat etdi və Təbrizin “Nəsriyyə” məscidində dəfn edildi. Uzun
Həsənin ölümündən sonra hakimiyyətə onun oğlu Xəlil, az sonra isə digər oğlu
Yaqub Mirzə (1478-1490) gəldi. O, atasının siyasətini davam etdirərək
Şirvanşahlarla dostluq münasibətlərini saxladı. O, Səfəvi şeyxlərini Ağqoyunlular
üçün ən böyük təhlükə sayırdı və onları 1488-ci ildə həbs etdirib Şiraz
yaxınlığındakı İstəxr qalasına saldırdı. Anasının hazırladığı zəhəri səhvən içən
Sultan Yaqub 1490-cı ildə öldü [19, s.519]. Hakimiyyətə oğlu Bəysunqur (1490-
1492-ci illər) gəldi. 1492-ci ildə Rüstəm Mirzə Diyarbəkirdə Baysunqurun
qoşunlarını məğlub etdi. Baysunqur Şirvana, babası Fərrux Yasarın yanına qaçdı.
Hakimiyyət Rüstəm Mirzənin (1492-1497) əlinə keçdi. Ancaq Baysunqur
mübarizədən əl çəkməmişdi. Bu qarşıdurmada Rüstəm Mirzə Səfəvilərlə,
Baysunqur isə Şirvanşahlarla ittifaqda idi. Rüstəm Mirzə Şeyx Heydərin övladları
İbrahim, Sultanəli, İsmayılı İstəxr qalasından buraxdırdı, Səfəvilərlə ittifaq bağladı.
1493-cü ildə Əhər döyüşündə Əbih Sultan və Səfəvi şeyxi Sultanəli tərəfindən
Baysunqur məğlub edildi və öldürüldü. Bu qələbədən narahat olan Rüstəm Mirzə
1494-cü ildə Ərdəbil yaxınlığında baş vermiş Şəməsi döyüşündə Səfəvi Sultanəlini
məğlub etdi və o, öldürüldü, ancaq İsmayılı ələ keçirə bilmədi. Səfəvi sülaləsinə
başçılıq yeddi yaşlı İsmayıla keçdi [7, s.105].
 
Rüstəm Mirzə 1497-ci ildə ara müharibələrində öldürüldükdən sonra Uzun
Həsənin nəvəsi Murad (1497-1498) Qum şəhərində özünü Azərbaycan hökmdarı
elan etdi. Lakin onun əmisi oğlu Əlvənd Mirzə də taxt-tac iddiasında olduğunu
bildirdi və 1499-cu ildə Təbrizi ələ keçirdi. 1500-ci ildə Əhər şəhərində Əlvəndlə
Murad arasında sülh bağlandı. Müqaviləyə əsasən Kürdən Qızıl Üzən çayına,
Diyarbəkirə, Dəbilə qədər Azərbaycan torpaqları Əlvənd Mirzəyə, Ərəb İraqı,
Fars, Kirman isə Murad Mirzəyə çatdı [11, s.111].
 
Beləliklə, Azərbaycan dövləti iki hissəyə parçalandı. Buna baxmayaraq,
Ağqoyunluların dövründə Azərbaycan nəinki yaxın Şərq, həmçinin Avropa
miqyasında ən böyük imperiyalardan biri kimi tanındı...
 
Ədəbiyyat:
 
1. Azərbaycan tarixi. 7 cilddə, III cild (XIII-XVIII əsrlər). Bakı, “Elm”, 2007.
2. Balkan Ö.L. “Osmanlı devrinde hükümdar Uzun Hasan beye ait kanunlar”, Tarih
Vesikları 1, 1941.
3. Barbaro J. Anadoluya ve İrana seyahat. Çeviri ve notlar: Tufan Gündüz. Yedditepe
Yayınevi, İstanbul, 2005.
4. Çelebi E. Günümüz Türkçesiyle Evliya Çelebi Seyahetnamesi. İkinci cild, 1-ci kitab,
İstanbul, 2009.
5. Erdem İ. “Akkoyunlu devletinin Kurucusu Kara Yülük Osman beyin Hayatı ve
Fealiyyetleri”. XXXIV/1-2. Ankara, 1990.
6. Fərzəlibəyli Ş. Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə (II nəşr). Bakı,
Elm, 1999.
7. İbrahimov C. Azərbaycanın XV əsr tarixinə dair oçerklər. Bakı, 1958.
8. Mahmudov Y. Azərbaycanın Avropa ölkələri ilə əlaqələri. Ağqoyunlu dövrü (XV əsrin
ikinci yarısı). Bakı, “Təhsil”, 2007.
9. Mahmudov Y. “Sara Xatun”, Azərbaycan diplomatiyası. Bakı, Azərbaycan
Universiteti, 1993.
10. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk
tarixşünaslığında. Bakı, “Çaşoğlu”, 2000.
11. Nuriyeva İ. Azərbaycan tarixi (ən qədim zamanlardan-XXI əsrin əvvəllərinədək).
Bakı, “Elm və Təhsil”, 2019.
12. “Otlukbeli ilçesinde Açılışlar Zinciri”. Gündem 24 (Turkish). 2008-08-17.-
www.gundem24.com/News-file-print-sid-3092.html.
13. Şami N. “Zafername”. Çev. Lugal N. Ankara, 1949.
14. Sümer F. “Akkoyunlular”, Diyanet İslam Araşdırmaları -islamansiklopedisi.org.tr/
akkoyunlular.
15. Walter H. Uzun Hasan ve Şeyh Cüneyd. Çev. Tevfik Bıyıklıoğlu. Ankara, 1992.
16. Woods J.E. 300 Yıllık Türk İmperatorluğu Akkoyunlular, Aşiret, Konfederasyon,
İmperatorluk (15. yüzyıl Türk-İran siyaseti üzerine bir inceleme). Çeviren: Sibel
Özbudun. İstanbul: Milliyet Yayınları, 1993.
17. Fragner B.G. “The Consept of Regionalism in Historical Research of Central Asia
and İran (A Macro-Historical İnterpretation)”, in: Devin Deweese (ed.): Studies on
Central Asian History in Honor of Yuri Bregel. Bloomington/Indiana, 2001.
18. Контарини А. Путешествие в Персию. Комментарии.- vostlit.info/Texts/rus10/
Kontarini/primtext2.phtml (ком.91).
19. Нефедов С. «Война и общество. Факторный анализ исторического процесса:
«История Востока». Москва, Издательский дом «Территория будушего», 2008.
 
 
Seçilən
48
46
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
21022
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19307
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18252
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17647
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16778
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16574
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16092
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15479
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11957
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
9011
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8256
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7491
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7142
Minimum əmək haqqı nə qədər arta bilər?
7078
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6332
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5750