Bakı, 1 may, AZƏRTAC
Nyu-York polisi aprelin 30-da Kolumbiya Universitetində keçirilən tələbə etirazları zamanı təxminən 230 nəfəri həbs edib.
AZƏRTAC xəbər verir ki, CNN teleradio kompaniyası bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadla məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Kolumbiya Universitetinə aparan bütün girişləri bağlayıb, sonra isə ali məktəbin yataqxanasında quraşdırılan barrikadaları dağıdaraq onlarla insanı həbs edib. Hazırda nümayişlərin keçirildiyi əraziyə polis qüvvələri cəmlənib.
ABŞ-ın bir çox ali təhsil müəssisəsində, o cümlədən Kolumbiya Universitetində amerikalı tələbələrin İsrailin Qəzza sektorunda keçirdiyi əməliyyatlara və Birləşmiş Ştatların Təl-Əvivə dəstəyinə qarşı etirazları davam edir. “New York Times” qəzeti həmin aksiyaları Vyetnam müharibəsi zamanındakı tələbə etirazları ilə müqayisə edib.