AZ

Elnur Məmmədov: "Prezident Kuboku" reqatası ildən-ilə daha maraqlı və uğurlu alınır

Elnur

Suqovuşan, 1 may, AZƏRTAC

"Prezident Kuboku” beynəlxalq turniri ildən-ilə daha maraqlı və uğurlu alınır".

AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bu gün Suqovuşanda start götürən "Prezident Kuboku-2024" turniri ilə bağlı danışarkən deyib.

Yarışın üçüncü ildir keçirildiyini xatırladan nazirlik rəsmisi əvvəlki turnirlərdən fərqli olaraq, reqatada bu dəfə daha çox ölkənin iştirak etdiyini bildirib: "Burada 21 ölkədən 30-a yaxın komandanın iştirakı rekord göstəricidir. Fəxr hissi ilə deyə bilərik ki, bu yarış işğaldan azad olunmuş ərazidə baş tutur. Buna Prezident İlham Əliyevin, eləcə də şəhidlərimizin və qazilərimizin sayəsində nail olmuşuq”.

O, "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan avarçəkəni Diana Dımçenko ilə bağlı da fikirlərini bölüşüb: "Son Olimpiya Oyunlarında avarçəkmə üzrə lisenziyamız yox idi. Buna görə çox xoşbəxtik. Bu, federasiyanın və məşqçilərin əməyi nəticəsində əldə edilib".

Qeyd edək ki, “Prezident Kuboku-2024” beynəlxalq reqatası mayın 3-dək davam edəcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarış ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

 

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla