AZ

Xəzərdə ekoloji şərait dəyişib, balığa təsir edən heyvanlar gəlib - Bioloq alimdən AÇIQLAMA

Hazrda dünyada iqlim dəyişməsi və qlobal istiləşmə səbəbindən bir çox hadisələr baş verir. Bunlardan biri də qlobal istiləşmə səbəbilə dənzilərə və çaylara axın edən zərərli balıqlardır. Bu hadisəyə qardaş Türkiyə olmaqla, bir çox dövlətlərdə rast gəlinir. 

Belə ki, zərərli balıqlar dənizlərdə, çaylarda olan digər canlılara, balıqlara zərər verirlər, onlara qidalanırlar. 

Bəs sözügedən hadisə Xəzər dənizində də müşahidə olunurmu? Xəzərə neçə növ zərərli balıq axın edib? Ümumiyyətlə, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi canlılara necə təsir edir?

Mövzu ilə bağlı Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov Redaktor.az-a danışdı.

Alim söylədi ki, son onilliklərdə Xəzər dənizində və eləcə də Azərbaycanın digər su hövzələrində, ekoloji şərait dəyişib:

"İqlim dəyişikliyi ilə əlaqədar olaraq bir sıra çaylarda, eləcə də Xəzər dənizində suyun miqdarı azalıb və Xəzər dənizinin səviyyəsi artıq iki metrdən çoxdur ki, aşağı düşüb. Çaylarda sular hətta qurumaq səviyyəsinə gəlib çatır. Xəzər dənizinə digər su hövzələrindən balıq növü yox, balığın yediyi, ya balığa təsir edən digər orqanizmlər gəlib çıxır. Hələ 1999-cu ildə Xəzər dənizinə daraqlılara məxsus "mnemiopsis leidyi" Qara dənizdən gəmilər vasitəsilə gəlmişdi. Amma son iki ildə biz görürük ki, onurğasızlara məxsus "beroe ovata" növü var, bu da gəlib. Bu da balığın kürüsünü, körpələrini yeməyə qadirdir. Yəni əlbəttə ekoloji şərait dəyişib. Bir növ sıradan çıxandan sonra digər növ əvəz edir. Bunlara invaziv növlər deyilir. Hazırda 1999-cu ildə gələn növün artıq sayı azalıb, ölçüsü də kiçilib. Xəzərə balıq gəlməyib, balığa təsir edən digər heyvanlar gəlib. Bu növlər düşünülmüş formada gəlməyiblər, çaylar gəmilər vasitəsilə gəlib. Başqa cür mümkün deyil. Son 2-3 ildə Xəzər dənizində digər balıq növləri peyda olmayıb".

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsinə gəlincə, bioloq dedi ki, ayrı-ayrı alimlər fəqli fikirlər söyləyir:

"Amma Xəzər dənizinin səviyyəsinin qalxması mütəmadidir, hər 20-25 ildən bir baş verir. Əvvəlki illərdə - 1977-1981-ci illərdə əgər dənizin səviyyəsi yüksək idisə, 2006-cı ildə dənizin səviyyəsi artıq düşməyə başlamışdı. Yəni bu təkrar olaraq yenə əvvəlki vəziyyətə qayıdacaq. Əvvəlki illərdə, məsələn, Xəzər dənizi səviyyəsi o qədər qalxmışdı ki, hətta Lənkərana gedən dəmiryol xəttini də su basmışdı. Mən gördüklərimi deyirəm. Yəni dediyimiz budur ki, ekoloji şərait dəyişir".

Süleyman Süleymanov Xəzərin səviyyəsinin aşağı düşməsinin balıqlara təsir edib-etmədiyi barədə də danışdı.

"Xəzər dənizində kürüləyib və Xəzər dənizində çoxalan balıqlara təsiri o dərəcədə yoxdur. Keçici və yarımkeçici balıqlara təsir edir. Yarımkeçici balıqlar bitkilərin üzərinə kürü tökür. Keçici balıqlar isə nərəkimilərdir və qızıl balıqlardır ki, bunlar dənizdə yaşayır, kürü tökmək üçün Kür çayı vasitəsilə kürütökmə yerlərinə miqrasiya olunurlar. Əvvəllər Gürcüstan ərazilərinə gedib çıxırdı, indi Mingəçevir bəndi olandan sonra bu balıqlar gedir, Mingəçevirə çatır. Keçici və yarımkeçici balıqların vəziyyəti qənaətbəxş deyil. Dənizdə yaşayıb, dənizdə çox olan balıqların vəziyyəti isə qənaətbəxşdir", - deyə alim qeyd etdi.

Humay İSGƏNDƏRLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.

2
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
redaktor.az

2Mənbələr

Şərh ()
Bağla