AZ

"Dünyada baş verən bütün münaqişələrin mərkəzində həmin dövlətləri görürük" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Bu günlərdə dünyada gedən müharibə və münaqişələrə baxdığımız zaman istənilən halda daha geniş ərazilərə yayılması riski mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, ancaq bununla da paralel olaraq biz həmin müharibələrin məqsədinə və xarakterindən asılı olaraq məhdud çərçivədə və məhdud ərazidə aparıldığını da deyə bilərik: "Bu da ondan xəbər verir ki, mövcud müharibə və münaqişələr cari dövr üçün idarə olunan kimi görünür. Əlbəttə, burada birinci Rusiya-Ukrayna müharibəsi, İsraillə Həmas arasında gedən müharibə eyni zamanda İsrail və İran arasındakı gərginlik, Şərqdə Çin və Tayvan arasındakı gərginliklər aiddir. Xüsusilə, Çin və Tayvan arasındakı gərginlik hal-hazırda aktiv fazada olmasa da, potensial riskləri hər zaman mövcuddur. Hər iki tərəfin ciddi şəkildə silahlanmaya getməsi, bir-birini ittiham etməsi, Tayvanın da məhz Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi mövcud vəziyyəti neytrallaşdırmağa yönəlmiş kimi görünür. Ancaq istənilən anda biz orada da hər hansı ciddi qarşıdurmanı görə bilərik.

Qeyd etməliyik ki, münaqişələr ilkin olaraq lokal xarakter daşısa da, getdikcə ərazi baxımından areallarının genişlənməsini görürük. Ancaq ikinci və üçüncü dövlətlərin bu münaqişəyə qoşulması müşahidə olunmur. Düzdür, bununla bağlı tərəflərə kənar ölkələr öz hərbi-texniki dəstəyini göstərsə də, onların konkret olaraq müharibəyə qoşulduğunu deyə bilmərik. Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynaya Qərb və Birləşmiş Ştatlar ciddi şəkildə silah dəstəyi versə də, hər hansı şəkildə müharibəyə qoşulmadıqlarını vurğulayırlar. Qeyd edək ki, son dönəmlərdə yardımların artırılması məhz Rusiya tərəfindən də o qədər müsbət qarşılanmır".

Onun sözlərinə görə, artıq Rusiya rəsmiləri də müəyyən fikirlər səsləndirirlər ki, belə yardımların daha ciddi xarakter alması Qərb ölkələrinin də müharibəyə qoşulması kimi fikirlər formalaşdırır: "Ancaq bunu belə hesab etmirəm. Çünki iki ilə yaxın davam edən bu münaqişənin hər hansısa bir formada üçüncü ölkənin ərazisinə keçdiyini müşahidə etmirik. Bu da ondan xəbər verir ki, bu gün dünyada baş verən müharibələr və qarşıdurmalar idarəolunan kimi görünür. İstənilən halda risklər mövcuddur. Ancaq mövcud durumda da bununla bağlı ciddi dəyişiklik hiss etmirik. Bütün münaqişələrin qarşısının alınmasında və yönləndirilməsində inkişaf etmiş böyük dövlətlərin xüsusi rolu var. Təəsüf ki, bu gün biz dünyada baş verən bütün münaqişələrin mərkəzində sözü gedən dövlətləri görürük. Hesab etmirəm ki, inkişaf etmiş və nüvə arsenalına sahib olan dövlətlər hər hansı şəkildə aktiv qarşıdurmaya keçəcəklər. Belə qarşıdurmaların nəinki həmin dövlətlər üçün eyni zamanda bəşəriyyət üçün ağır fəsadları ola bilər. Belə vəziyyətlərdə müəyyən bölgələrdə müharibə riskləri mövcud olsa da, üçüncü dünya müharibəsinin, geniş miqyaslı şəkildə dövlətlərin müharibəyə cəlb olunacağı o qədər də gözlənilmir. Böyük aparıcı ölkələrin əgər bunda marağı olarsa, istənilən halda belə münaqişələrin həlli variantlarının da mövcud olduğunu deyə bilərik".

Müəllif: Söylü Ağazadə
Seçilən
32
Mənbələr
Şərh ()
Bağla