AZ

Türkiyənin hücumu öncəsi kritik gəlişmə: 50 minlik ordu hazır vəziyyətə gətirildi

PKK cəbhəsində ciddi aktivlik var, həm yaşayış məntəqələrində terror aktları, həm də təmas xətti boyunca hücum planlaşdırırlar. İstər İraq, istərsə də Suriyada 50 minlik əsgərimizlə bu təxribatçı qatillərlə döyüşməyə hazırıq.

Teleqraf.com xəbər verir ki, bunu Suriya Milli Ordusunun (SMO) komandirlərindən biri, polkovnik Yusif əbu Məhəmməd “Türkiyə” qəzetinə deyib.

Türkiyənin İraqdakı əməliyyatı ilə Ayn İsa, Ayn əl-Ərəb, Təl Rıfat, Serablus, Mare və Mənbiç cəbhə xəttlərinin də aktivləşəcəyini bildirən suriyalı polkovnik İran-Bəşər Əsəd ittifaqının İdlibə hücumlarını artıra biləcəyini qeyd edib.

Əbu Məhəmməd PKK-ya dəstək vermək üçün Türkiyəyə cənubdan təzyiqlər olacağını vurğulayıb:

“Türkiyənin İraq əməliyyatı mütləq Suriyanı da əhatə edəcək. PKK-nın İraqa yolu mütləq kəsilməlidir. İraqın Sincar və Suriyanın Malikiyyə, Yarubiyyə, Dirbəsiyyə və Qamışlı bölgələri arasındakı dəhliz mütləq bağlanmalıdır. Bu məqamda Suriya Milli Ordusu strateji rolu öz üzərinə götürə bilər. Şimali İraq, eləcə də sərhədə yaxın digər kritik bölgələrin təhlükəsizliyini təmin etmək mütləqdir. 50 min əsgərimizlə bu missiyaya hazırıq. İraqın şimalı ilə yanaşı, Fəratın şərqi də bu terror vəbasından təmizlənə bilər”.

SMO generalı Əbu Sari də bildirib ki, bölgədəki müxtəlif tayfalar PKK işğalını heç bir şəkildə qəbul etmirlər:

“Mənbiç, Həsəkə, Deyr əz-Zor və Raqqada qarşıdurmalar davam edir. İraq əməliyyatının başlaması ilə münaqişələr daha da şiddətlənəcək. Minlərlə tayfa döyüşçüsü fürsət gözləyir”.

Terror cəbhəsindəki fəallığı yaxından izləyən Türkiyə təhlükəsizlik qüvvələri hava əməliyyatlarını davam etdirir. Yaxın həftələrdə Şimali İraqda PKK terror təşkilatına qarşı quru əməliyyatı gözlənilir. Əməliyyatlar ilk dəfə olaraq İraq ordusunun dəstəyi ilə keçiriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla