AZ

Ermənistan səmimi olarsa, proseslər daha sürətli cərəyan edəcəkdir – Millət vəkili

Qazaxın 4 kəndinin bir güllə atmadan geri qaytarılması ilə bağlı razılığın əldə olunması və sərhədlərin delimitasiyasına başlanması Azərbaycan diplomatiyasının növbəti uğuru kimi dəyərləndirilir.

Bu fikirləri Herbiand.az-a millət vəkili Naqif Həmzəyev bildirib. O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli keçirilən görüşlərin və xüsusilə yaradılmış komissiyaların nəticələr əldə etməsi dayanaqlı sülhün əldə olunması ilə bağlı irəliləyiş kimi qiymətləndirilməlidir:

“Eyni zamanda regionda yenidən hansısa qarşıdurmanın baş verməsi, xüsusilə də Ermənistanın Avropa və Qərb dairələri tərəfindən aktiv silahlandırılması fonunda yeni müharibə olma ehtimallarını müəyyən dərəcədə azaltdı. Bu məhz Azərbaycanın sülhü dəstəkləməsi və Azərbaycanın sülhə məcburetmə siyasətinin uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir”.

Xarici işlər nazirlərinin Almatı görüşünə münasibət bildirən millət vəkili qeyd edib ki, burada müxtəlif razılıqlar əldə oluna bilər:

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin buna qədər bir neçə görüşləri olub. Və Almatı görüşü də növbəti görüşlərdən biri olacaq. Xüsusilə də qardaş ölkə Qazaxıstanda belə bir görüşün keçirilməsi o deməkdir ki, Azərbaycanın mövqeyini dəstəkləməyən dövlətlərdə bu cür görüşlərin keçirilməsindənsə, məhz Qazaxıstan tərfindən belə bir yerin təqdim edilməsi və ikitərəfli görüşün orada olması çox yaxşı bir haldır. Və biz inanırıq ki, bu günəqədər əldə edilmiş razılıqlar və xüsusilə də razılaşdırılmayan və mübahisə doğuran sülh mətnindəki digər maddələr ətrafında da məhz bu görüşdə müxtəlif razılıqlar əldə olunar. Və yaxud yeni təkliflər müzakirə oluna bilər. İstənilən halda bu cür görüşlərin keçirilməsini nəticə etibarı ilə Ermənistanın baş naziri və Azərbaycan Prezidenti cənab İlham Əliyevlə növbəti görüşə hazırlıq kimi də dəyərləndirmək olar. Bu baxımdan da biz dayanıqlı və uzunmüddətli sülhün əldə olunmasının tərəfdarıyıq. Və inanırıq ki, Ermənistan götürdüyü öhdəlikləri yerinə yetirəcəkdir. Delimitasiya prosesi ilə yanaşı, Zəngəzur dəhlizinin açılması, sonrakı mərhələdə digər kommunikasiyaların işə düşməsi ilə bağlı biz real addımları da görə biləcəyik. Əgər Ermənistan bu proseslərdə səmimi olarsa və digər himayədarlarının və havadarlarının təsiri altına düşərək təxribatlara yol verməsələr, proseslər daha sürətli cərəyan edəcəkdir. Biz tezliklə dövlətlər arasında münasibətlərin normallaşması, kommunikasiyaların açılması və regionda uzunmüddətli və dayanaqlı sülhün əldə olunmasına şahidlik edə biləcəyik”.    

Elnurə İSAXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla